İKİNCİ NƏFƏS

post-img

Hədəflər, niyyətlər, təməllər

Arxada qalan 21 il boyunca – Azərbaycan Respublikasına rəhbərlik etdiyi və yurdun iqtisadi-siyasi-mədəni çöhrəsinin büsbütün dəyişilərək hər zaman olduğundan daha parlaq bir səviyyəyə çatdığı dönəmdə Prezident İlham Əliyevin iştirak etdiyi təməlqoymalar və açılışların sayı yüzlərlədir. Söz yox, istənilən bünövrəatmanın ardında hökmən hansısa hədəflər, niyyətlər dayanır və bu gün belə yüksəlişə nail olmuşuqsa, deməli, həmin ümidlər doğrulub, arzular gerçəkləşib. 

Böyüyündən-kiçiyindən asılı olmayaraq, hər bir təməlatma gələcəyin mahiyyətcə xoş məramından xəbər verir, xalqın və ölkənin sabahını onun indisi və keçmişindən daha gözəl etməyə hesablanıb. Ona görə də böyüyündən-kiçiyindən, miqyasından asılı olmayaraq, hər belə addım son olaraq xalqın rifahına, Vətənin daha qüdrətli olmasına hesablandığından təqdirə, ehtirama, alqışa layiqdir. Lakin aprel ayının 16-da dövlət başçımızın Hacıqabulda etdiyi təməlqoymanın elə ciddi tarixi və iqtisadi mənası var ki, onu indiyədək baş vermiş bünövrəatmaların ən əlamətdarlarından, Prezidentimizin hakimiyyət illərinin ən əhəmiyyətli hadisələrindən biri kimi dəyərləndirmək lazım gəlir və həmin layihənin möhtəşəmliyi, Azərbaycan insanının həyatında necə köklü müsbət dəyişikliklərə gətirəcəyi də uzaq olmayan sabahlarda hər kəsə görünəcək. 

Başlanğıcını Mingəçevir su anbarından götürən, böyüklüyünə görə Azərbaycanda ikinci olan Yuxarı Şirvan suvarma kanalı istifadəyə verildiyi 1958-ci ildən etibarən əslində daşıdığı yük, verdiyi fayda baxımından birinci olub, fövqəladə mühüm ölkənin qan damarı olmaq siqlətini daşıyıb. Səbəb onun hansı coğrafiyanın içərisindən keçməsidir. 60 ildən artıq müddətdə Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının yüz min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə məhz Yuxarı Şirvan suvarma kanalı təmin edib. Bu rayonlar içərisində suvarma kanalının keçdiyi əsas ərazi Mərkəzi Aran bölgəsi olub. O yerlər ki, el sözü – həmişə ilan mələyən torpaq kimi tanınıb, Azərbaycanın bu səmti xatırlanınca göz önündə ən əvvəl yayın qızmar istilərindən qarsıb yanaraq cadar-cadar olmuş biyaban, kilometrlərlə uzanan şoranlıqlar olub. Yuxarı Şirvan suvarma kanalı olmasaydı, həmin altmış ili aşan müddət ərzində suya həsrət həmin yerlərin böyük hissəsini əkinə-biçinə, yaşayışa yaramayan torpaqlar kimi itirərdik. 122 kilometr uzunluqlu bu kanal həmin uzun məsafəni əhatə eləyən kənd-kəsəyə yalnız su deyil, həyat ötürüb, dolanışıq ötürüb, dirilik ötürüb. Ancaq illərin üstünə illər qalaqlandıqca bu kanal da qocalıb, heydən düşüb, əvəzində onun həndəvərindəki kənd-kəsəyin sayı durmadan artıb, əhali çoxalıb, əkib-becərmək ehtiyacı artıb, demək, suya tələbat da yüksəlib.

Son illərdə mütəmadi diqqət və qayğı sayəsində tamamilə yenidən qurulan, genişləndirilən, müasir tələblərə layiq səviyyəyə çatdırılan – Bakıdan Gəncəyədək uzanan magistral şose xəttini düşünün. Bir anlıq bunu da fikirdən keçirin ki, o magistral olmasaydı, görün ölkənin nəqliyyat həyatı və ona bağlı hər şey, bütövlükdə həyatımızın özü nə hala düşərdi. Belə təsəvvüretməyə dəvətimizi yersiz saymayın. İnsan bir dəyərin əsl qiymətini onun yoxluğunu düşünəndə, boşluğunu ağlından keçirəndə qabarıqlığı ilə anlayır.

Dövlətin hündürlüyündən ölkənin bütün mənzərəsi, o sıradan ümdə ehtiyaclarının da xəritəsi, əlbəttə ki, qat-qat aydın görünür. Nəyi nə zaman və necə etməyin məqamını hər kəsdən yaxşı bildiyini xalqa qətiyyətlə və əmin-arxayınlıqla bəyan etmiş Prezident İlham Əliyev həmin deyişiylə, təbii ki, yalnız siyasi gedişatı deyil, Azərbaycanın müqəddəratı ilə bağlı hər məsələni nəzərdə tutub. Şirvan suvarma kanalına yeni ömür bağışlamaq istəyinin də məhz indi ağla gəlməsini fərz etmək düz sayılmaz. Ölkənin digər ümdə qayğıları kimi, bu mövzu da lap çoxdan ölkə başçısının düşüncə gündəliyində, hökmən həll edilməli təxirsiz işlər cədvəlindədir. İşi başlayıb sona çatdırmaq, vəd edib boyun olduğunu da ən bəyənilən bir tərzdə yerinə yetirmək, üstəlik də hər layihəsini indiyədək görünməmiş heyrətli miqyaslarda icra etmək Prezident İlham Əliyevin liderlik missiyasının bariz cəhətlərindəndir ki, iki onildir nəticələrini görərək iftixar duyuruq. Bu layihənin də gerçəkləşməsi səmtində qərar məhz indi verilibsə, aydındır ki, dövlət rəhbəri məqsədin vaxtında və gərəyincə həyata keçirilməsi üçün bütün zəruri tədbirlər haqqında da hesablamalarını öncədən aparıb. Aprelin 8-də Şirvan suvarma kanalının yenidən qurulması haqqında sərəncam imzalayıb, düz 8 gün sonra isə artıq iş başında idi – başlanğıcı özü edirdi, təməli qoyurdu. Bütün xalqın və tarixin qarşısında hələ təməl qoyarkən yekunu irəlicədən bunca dəqiqliyi ilə görərək belə inamla danışa bilmək üçün gərək İlham Əliyev olasan, gərək geridə qalan müddətdə elə bir irs doğurmuş olasan ki, söylədiyin bu sözlərin də doğruluğuna və çin çıxacağına heç kəs şübhə etməsin: “Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik. Əminəm, Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim bu layihələrin icrası da tam təmin ediləcək. Biz üç ildən sonra – uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik”.

Vəd edilən gün yetişəndə nələr dəyişəcək, Azərbaycan nələri qazanacaq? 

İndinin tələbləri və texnologiyaları baxımından yanaşılarsa, Şirvan suvarma kanalı necə də bəsit görünür. Əvvələn, qabaqkı su itkiləri olmayacaq, su ehtiyatlarından daha səmərəli istifadəyə meydan açılacaq, kanalətrafı yüzlərcə yaşayış məntəqəsinin məişət suyu ilə təminatı müqayisəedilməz dərəcədə yaxşılaşacaq. 

Əziz vətəndaşlarımız, o bölgədən çıxmış, uşaqlıq, yeniyetməlik illərimdən başlayaraq oralardakı insanların su ilə hansı imtahanlara çəkildiyini indi xatirimdən keçirirkən və nələr olacağını xəyalən müqayisə edirkən gəldiyim qənaət budur ki, sanki bir neçə əsr uzaqlıqdan XXI əsrə sıçrayışla yetişəcəyik. Şirvan suvarma kanalının təzə həyat qazanmasıyla onun suyu ilə qidalanan torpaqların həcmi hansısa faizlərlə deyil, elə Prezident İlham Əliyevin həmişə heyrətləndirən nəhəng miqyaslarına müvafiq olaraq bir neçə qat artacaq. “Şirvan Nəhri” adlandırıla bilən bu həyat qaynağı 230 min hektar torpaq sahəsini suvarma suyu ilə təmin edəcək, 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının, nəhayət ki, insanlarımızı yarıdan hala yetməsinə, 116 min hektar əkinəyararlı torpaqların dövriyyəyə cəlb olunmasına gətirib çıxaracaq. Bu quruca rəqəmlərin ardındakı yaşıllığı, bolluğu, yaxşılaşan güzəranı, əhalinin dəyişən ovqatını, artan ruh yüksəkliyini də görün. Ruh yüksəkliyi məsələsinə də səbəbsiz toxunmuram. Axı o bölgənin zəhmətkeş, fədakar insanlarının min bir əziyyətlə əkib-becərdiklərinin yağmura həsrət qalan, quraqlıq keçən illərdə gözləri görə-görə yandığına, quruduğuna, tələf olduğuna da dəfələrlə şahid kəsilmişik, camaatımızda bütün bunların hansı pərişanlıqlar oyatdığından da agahıq. 

Prezident İlham Əliyev imza atdığı, quruculuğuna başladığı bu layihə ilə insanlarımıza ilk növbədə ən vacib olan sabaha inam, məhsulunun batmayacağı, sabahkı günündən arxayın ola bilmək güvənliyini bağışlayır. 

Belə layihələrin hər birində Qarabağ Zəfərinin siqləti var! Nə fəqri var ki, zəbt zəbtdir! Bir var sənin ərazilərini kənar düşmən qəsb etsin, bir də var torpaqların susuzluğun, şoranlığın, qızmarın işğalına uğrayıb səhralaşsın, həyat gücünü itirsin. 

Bu xalqa Qarabağ Qalibiyyətinin heç vaxt bitməyəcək məsudluğunu bəxş etmiş Prezident İlham Əliyev indi millətini xoşbəxt edən belə misilsiz layihələri günümüzün həqiqətlərinə döndərmək yolunda çalışır. 

Əvvəllər 120 kilometr olmuş kanalın uzunluğu bu layihəylə aşağı-yuxarı iki dəfə artırılacaq (başqa nə təhər olmalıdır ki?! İlham Əliyev miqyasları onun hər yeni Əsərində bütün istiqamətlərdə görünməlidir) və həmin 200 kilometrdən artıq Nəhr gələrək son nöqtədə Hacıqabul gölünə çatacaq. Həyatını qeyb etmiş bir təbiət incisi də diriləcək. Məhz belə! Çünki Hacıqabulun nəsil-nəsil insanının minnətdar olduğu bu göl artıq 10 ildən çoxdur ki, quruyub. İllərcə həmin gölü xilas etmək üçün çox cəhdlər edildi, çox təşəbbüslər qaldırıldı. Ancaq gölün taleyinin bunca uğurlu həllini heç təsəvvür etmirdik. Nəyə görə hacıqabullular və ətraf ərazilərin də insanları bu gölə borcludurlar? Yaşlı insanlar hərdən-hərdən İkinci Dünya müharibəsini, 1941-1945-ci illər davasını xatırlayırlar. Hacıqabul gölü o qıtlıq, sıxıntılarla dolu illərdə həyat qaynağına çevrilibmiş. Hacıqabul gölünün balığı, buradakı ov quşları, həm ön, həm arxa cəbhənin ehtiyacları üçün tədarük edilirmiş, həm də yerli cammatı o ağır dövrdə aclıqdan xilas edibmiş. Bir vaxlar Hacıqabul gölünün təbii gözəlliyi, saf havası, insanların seyrəngahına çevrilmiş göz oxşayan mənzərəli yan-yörəsi bu yerlərin bəzəyi idi və ətrafına axın-axın insanları yığardı. İl-il quruya-quruya, susuzlaşa-susuzlaşa axırı ki, 10 il öncə ömrünü başa vuran Hacıqabul gölü üstəlik ətraf mühiti zədələyən, əl-ayaq çəkilən solğun bir məkan halına düşdü. Bu layihəylə Hacıqabul gölünün nəbzi yenidən vurmağa başlayacaq, o çevrə əvvəlki hüsnünü qazanaraq Azərbaycanın ən gözəl istirahət guşələrindən biri kimi təzə ömrünü başlayacaq.

Həmin gün – Şirvan suvarma kanalını canlandırmaq layihəsinin təməlqoyma mərasimində “Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk” deyən Prezident 
İlham Əliyev necə də haqlıdır!

Hacıqabul rayonunda yerləşən aqroparkın xətti ilə buvaxtadək əkin aparılmamış 4 mindən çox hektarda taxıl yetişdirilib və məhsuldarlıq buğda üzrə hər hektardan 7 tona yaxın alınıb – Azərbaycanın taxılçılıqda öndə gedən digər yerlərindən ikiqatdan artıq, dünyanın irəli getmiş kənd təsərrüfatı ölkələrində olan həddə. Hələ indiki məhdud su imkanları ilə, amma yeni texnolojilərin tətbiqi ilə. Keçmişlərdə bunu kimə söyləsəydin, bunları nağıl, fantastika kimi qəbul edərdi. İndi təsəvvür edin Şirvan suvarma kanalının bir neçə il sonra başa çatdırılması ilə qazanılan su bolluğu imkanlarını və əldə edəcəyimiz məhsul bolluğunu.

21 il əvvəl dövlət sükanının arxasında İlham Əliyev böyük yolunu başlayarkən ilk ən böyük vədi və əhdini etmişdi ki, mən Azərbaycana yaxşı Prezident olacağam.

Yurdun hər qarışına beləcə, usanmadan ikinci nəfəs bağışlamaq əzmi və istedadı həmin vədin və əhdin fasiləsiz və ləyaqətlə yerinə yetirilməsinin ən parlaq sübutu deyilmi?!

Rafael HÜSEYNOV,
Milli Məclisin deputatı, akademik

Siyasət