Tanınmış Azərbaycan aktyoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Mingəçəvir Dövlət Dram Teatrının quruluşçu rejissoru Valeh Kərimov yaratdığı parlaq obrazlar qalereyası və səhnə həyatı verdiyi dram əsərləri ilə milyonların sevimlisinə çevrilib. Görkəmli sənətkarın 80 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Dram Teatrında aprelin 1 – 6-da keçirilən “Valeh Kərimov həftəsi” bunun daha bir sübutu idi.
Mingəçevir Dövlət Dram Teatrında bir həftə ərzində hər gün Valeh Kərimovun quruluş verdiyi tamaşalar nümayiş olunub. Təqdimatlarda qeyd edilib ki, “Bəxt üzüyü” tamaşası və filmində Moşu, “Müsibəti Fəxrəddin”də Fəxrəddin, “Müfəttiş”də Xlestakov, “Hamlet”də Hamlet, “Toy”da Surxay və sair rolları, həmçinin quruluş verdiyi “Tamahkar”, “Gəl, qohum olaq”, “Sehrli yaylıq”, “Lotereya” kimi tamaşaları ilə sənətsevərlərin qəlblərinə yol tapmış Valeh Kərimov illərlə Sumqayıt, Gəncə və Mingəçevir teatrlarında məhsuldar fəaliyyət göstərib.
Mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, MDU-nin rektoru Şahin Bayramov, aktyorun sənət dostları ona xoş arzularını çatdırıb, xatirə hədiyyələri təqdim ediblər.
Yubiley həftəsinin təmtəraqlı yekun mərasimində Aran Regional Mədəniyyət İdarəsi, Azərbaycan Akademik Milli Dram Teatrı, Dövlət Akademik Musiqili Teatrı, Bakı Uşaq və Gənclər Teatrı, eləcə də Sumqayıt, Gəncə və Şəki teatrlarından da çoxsaylı nümayəndələr iştirak ediblər. İdeya rəhbəri və aparıcısı Əməkdar artist İntiqam Soltan, ssenari müəllifi yazıçı Elçin Məhərrəmli, quruluşçu rejissoru Vüsal Mehrəliyev olan yaradıcılıq gecəsi hər kəsə unudulmaz təsir bağışlayıb.
Sonda Valeh Kərimov göstərilən diqqətə görə minnətdarlıq edib və bundan sonra da mədəniyyətimizin əsas qolu olan milli teatrımızın inkişafı üçün səylə çalışacağını bildirib.
İlqar HƏSƏNOV
“XQ”-nin bölgə müxbiri