Bahar sayı işıq üzü görən “Qobustan” sənət toplusunun Türk Ədəbiyyatı Vəqfi və onun mətbu orqanı olan “Türk ədəbiyyatı” dərgisi ilə qarşılıqlı razılaşmaya əsasən, Türkiyəyə həsr olunub.
Dərgidə Xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, professor Vilayət Quliyev, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, şair-publisist Fərid Hüseyn, Aysel Xanlarqızı, Pərvin, sənətşünaslar Natiq Əfşar, Dürdanə Qurbanova və başqa müəlliflərin məqalə-esselərində böyük türk mədəniyyətinin müxtəlif istiqamətləri təhlil olunub.
Bu sayda, həmçinin yazıçı-tərcüməçi İmdat Avşarın timsalında qardaş Türkiyənin ədiblərinin də yazılarına yer verilib. Türk və Azərbaycan mədəniyyətini vəhdətdə göstərən dərgi qardaşlığın sənətdəki əksini də önə çəkib.
Toplunun bu sayında sosial şəbəkələrin sürəti ilə ayaqlaşan redaksiya heyəti bir yeniliyə də imza atıb. Belə ki, dərginin mündəricatında QR kodunu oxutmaqla yeni başlayan “Baş redaktor təqdim edir” rubrikasını video-formatda izləmək imkanı yaranır.
Jurnalın baş redaktor Pərvin Nurəliyeva “XQ”-yə açıqlamasında dərginin bu sayı ilə bağlı digər yenilikləri də bölüşüb: “Bu ildən qarşımıza yeni hədəflər qoymuşuq. Görünən odur ki, zaman internet və sosial şəbəkələr zamanıdır və bu vasitələrlə oxucuya çatmaq, ona xitab etmək daha doğrudur. Əlbəttə ki, bizdən ötrü bu, yeni bir yoldur, buna görə də onlayn təmasın incəlikləri öyrənməyə çalışırıq”
XQ