Lənkəranda kitab sərgisi

post-img

Ötən ay da “Cənub mirvarisi”ndə kitabsevərlər bir araya gəlmişdilər. İlk sərgi çərçivəsində təqdimatlar, şeir gecələri, tanınmış yazıçıların imza saatları, konsert proqramları, uşaqlar üçün nağıl saatları və ustad dərsləri keçirilmişdi. 

Bir ay keçməmiş Lənkəranda II Kitab Sərgisinin də təşkil edilməsi təqdirəlayiqdir. Heydər Əliyev Mərkəzində keçirilən sərgi Mədəniyyət, Gənclər və İdman nazirlikləri­nin, Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə hazırladıqları layihə Elm və Təh­sil Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Kitab bayramında ölkənin 30-a yaxın aparıcı nəşriyyatı, 70 nəfərə yaxın yazıçı və ziyalılar iştirak ediblər. Tədbir çərçivəsində maraqlı proqram və çoxçeşidli kitabla­rın 20–90 faiz endirimli satışı iştirakçıların razılığı ilə qarşılanıb. Bu dəfə də tanınmış ədiblərin oxucularla görüşləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları hər kəsə unudulmaz təsir bağışlayıb. 

***

Lənkəran II Kitab Sərgisi çərçivəsində Azərbaycan Ədəbiyyat Fondu AYB-nin bölmə təşkilatinın dəstəyi ilə “Region ədəbiyyatı. Problemlər və perspektivlər” mövzusunda dinləmə keçirib.

Tədbiri açıq elan edən Fondun baş direktoru, Əməkdar jurnalist Varis Yolçuyev qurumun son bir ildə gördüyü işlərdən danışıb. Qeyd edib ki, fond öz fəaliyyətini bərpa etdiyi bu qısa müddətdə Milli Elmlər Akademiyası, Milli Məclisin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ümumdünya Yazıçılar Təşkilatı (WOW) və TÜRKSOY kimi mötəbər təsisatlarla birgə onlarca tədbirlər keçirib. Bu tədbirlərdə məqsəd ədəbiyyatımızın geniş təbliği, böyük yazarların yubileylərinin təşkili və yara­dıcılığına dəstək göstərməkdir. Fond regionlarda keyfiyyətli ədəbiyyatın yaranması, xüsusən gənc istedadların üzə çıxması üçün də səylərini əsirgəmir. 

AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli çıxışında yerli ədəbi prosesin geniş icmalını verib. Digər natiqlər bölgədə yaradıcılıq prosesinin özəlliklərindən danışıb, çətinliklərin birgə səylərlə aradan qaldırılması zərurətini önə çəkiblər.

XQ



Mədəniyyət