“Yaşıl dünyam”ın işığı

post-img

Rəsm hisslərin, duyğuların boyalarla ifadəsidir. Rəssam  Mətin Şərifovun paytaxtımızda – İçərişəhər Rəsm Qalereyasında keçirilən  “Yaşıl dünyam” adlı sərgisi bu baxımdan maraq doğurur.  

Bu il ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Elə rəssam da sərgisində bu mövzuya üstünlük verib. Sərgidə müəllifin son illərdə çəkdiyi əsərlər nümayiş olunur. Onun rəsmlərinə baxdıqca düşünürsən ki, yaşıl dünya, həqiqətən də, həyat rəmzi olan bu rəngin müxtəlif çalarları ilə adamı duyğulandırır, göz-könül oxşayır.

Mətin Şərifov gənc olsa da, rəsm sahəsində öz sözünü inamla deməkdədir. O artıq ali təhsil ocağında bu sənətin sirlərini tələbələrə öyrədir. Sərgiyə çoxsaylı tamaşaçının qatılması sənətə olan marağın göstəricisidir. Açılışda çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Ceyran Mahmudova bunu xüsusi vurğuladı: – Mətin Şərifovun yaradıcılığında yaşıl rəng xüsusi yer tutur.    Onun bu mövzuda sərgisi aktuallıq kəsb edir. Düşünürəm ki, Mətin Şərifovun yaradıcılığının yeni istiqamətlərini kəşf edəcəyik. 

Rəssam isə sərgiyə gələn sənətsevərlərə və onun təşkilatçılarına minnətdarlıq etdi. Əsərlərinə olan marağın onu yeni uğurlara ruhlandırdığını söylədi.   

Sonra sənətsevərlər sərgiyə tamaşa etdilər. Mətin Şərifovun “yaşıl dünya”sında digər rənglərə də eyni sevgi ilə yer verildiyi diqqət çəkir. “Vikinq”, “Sərkərdə”  “Qoca” kimi rəsmlər bu qəbildəndir. Həmçinin, “Neft daşları”, “Mərdəkan qalası” kimi rəsmlərində ölkəmizin çeşidli gözəllikləri öz əksini tapıb.  

Qeyd edək ki, sərgi aprel ayının 10-dək davam edəcək. 

Ceyhun MİRZƏLİ

 

Mədəniyyət