Nakam ömrün susmaz melodiyası

post-img

Asəf Zeynallı – 115

...Radioda Bülbülün ifasında Asəf Zey­nallının “Ölkəm” romansı səslənir:

Şiş ucları buludlarla döyüşən, 

Dağlarında buzları var ölkəmin...

Ecazkar romansı heyranlıqla dinləyirəm. Eyni zamanda bu əsərin Cəfər Cabbarlı­ya məxsus olan sözləri ilə bağlı deyilənləri xatırlayıram. Yozumlara görə, gənc Cəfər burada Vətənin bolşevik işğalına məruz qalmasına, lakin ölkəsini azad görmək istə­yinə üstüörtülü işarələr vurub. Şeiri yazanda Cəfərin 20, romanı bəstələnəndə isə Asəfin 19 yaşı olub. Amma əsəri necə də yüksək sənətkarlıqla yazıblar! 

Dahi Bülbüldən sonra bu romansı mu­siqi sənətimizin digər korifeyləri Firəngiz Əhmədova, Lütfiyar İmanov, Gülağa Məm­mədov, Fidan və Xuraman Qasımova bacı­ları və neçə-neçə tanınmış sənətçi – Sona Aslanova, Rauf Atakişiyev, Mobil Əhmə­dov, Rauf Adıgözəlov, Yaşar Səfərov, Azər Zeynalov oxuyblar. Nə yaxşı ki, “Ölkəm” indi də tez-tez səsləndirilib dinləyiciyə hə­zin, xoş anlar yaşadır. 

Böyük istedad sahibi olan bəstəkar Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il apre­lin 5-də Azərbaycana neçə-neçə elm, mədə­niyyət və incəsənət xadimi bəxş edən qədim Dərbənddə doğulub. O, 1 yaşında ikən atası vəfat edib və Asəf 3 qardaşı ilə anasının hi­mayəsində qalıb. Anası onu Dərbənd realnı məktəbinə qoyanda 7 yaşı olub. Oradakı uşaq xorunda oxumağa başlayıb, klarnet çalmağı öyrənib. Həmin illərdə Dərbənd­dəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsertlər verəndə o da səhnədə məharətini göstərib. 

Mayası musiqi ilə yoğrulmuş Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. “Truba üçün pyes”ini 14 yaşında texnikumda özü ifa edir. Bu za­man onun bir gözü elə hey bir kənarda otur­muş Kövkəb adlı tələbə yoldaşına dikilir. Çünki könlündə sevgi tumurcuqlayıbmış. O qız gələcəyin böyük pianoçusu, pedaqoqu, Xalq artisti olacaq Kövkəb Səfərəliyeva idi. Yeri gəlmişkən, Asəflə Kövkəb sonradan konservatoriyada da bir yerdə oxuyub, ni­şanlanıblar da. Amma Asəf gənc yaşında və­fat etdikdən sonra Kövkəb xanım daha heç kimə könül verməyib, ailə həyatı qurmayıb.

Asəf Zeynallı Azərbaycan Dövlət Kon­servatoriyasının bəstəkarlıq şöbəsində Üze­yir Hacıbəylinin sinfini bitirib. Onu gördüyü andan “Bu ki əsl istedaddır”, – deyən dahi Üzeyir bəy tələbəsinə xüsusi diqqət göstə­rib. Sonrakı dövrdə Asəf öz xatirələrində bu qayğı və sevgidən bəhs edərək Üzeyir bəyin ona mənəvi ata olduğunu qeyd edib. 

Bir fakt da var ki, tələbə ola-ola həm də müəllimlik edən Asəf Zeynallı bir müddət Tofiq Quliyevə və Qara Qarayevə də dərs deyib. Üzeyir bulağından su içən Asəf Zey­nallı cəmi 23 il ömür sürsə də, milli musiqi sənətində silinməz izlər qoyub. O, milli ro­mans, piano və simfonik musiqinin banisi sayılır. Bəstəkarın yuxarıda xatırlatdığım “Ölkəm”, eləcə də “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal mu­siqimizin inciləridir. Piano üçün “Uşaq süi­tası” silsiləsi, “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfo­nik orkestr üçün “Fraqmentlər”, teatr tama­şalarına musiqi, xalq mahnıları işləmələri­nin müəllifi də odur. Bunlarla bərabər, gənc sənətçi Azərbaycan musiqi folklorunun top­lanıb nota köçürülməsi sahəsində böyük iş aparıb. "İbtidai not savadı" adlı dərslik tərtib edib.

Asəf Zeynallı həmçinin Türk (Azərbay­can) fəhlə teatrında oynanılan C.Cabbar­lının “Sevil”, “Qayıdış”, X. Nəzirli və S. Rüstəmin “Alov”, A. Həmidin “Hind qızı”, V. Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələyib. “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan uşaq musiqisi repertu­arının əsasını qoyub, 70-ə yaxın xalq mah­nısını nota alıb. 

Təəssüf ki, qəlbi yazıb-yaratmaq eşqi ilə coşan gənc bəstəkar üçün Azərbaycan musiqi folkloru nümunələrini toplamaqdan ötrü Qarabağa səfər etməsi düşərli olmayıb. Orada ağır xəstələnib. İşini yarımçıq qoya­raq, müalicə üçün Bakıya qayıdıb və qısa müddətdə vəfat edib. 

Bəstəkar xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazıb və qarda­şından əsərin divardan kağıza köçürülmə­sini xahiş edərək deyib: “Bu, mənim sim­foniyamdır. Öləcəyimi bilirəm, qoymayın divarda qalsın”.Təəssüf ki, ailə onun ölü­mündən şokda olduğu üçün vəsiyyəti yerinə yetirməyib. Bəzi mənbələrdə həmin əsərin “Bakı” simfoniyası olduğu bildirilir.

Beləcə, Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının zirvə dövründə dünya­sını dəyişib. Çəmbərəkənd qəbiristanlığında dəfn olunub, sonralar “Qurd Qapısı” qəbi­ristanlığına köçürülüb. Onu da xatırladım ki, Azərbaycan Dövlət Konservatoriyası 20 ildən çox Asəf Zeynallının adını daşıyıb. Üzeyir Hacıbəylinin vəfatından sonra adını əbədiləşdirmək istəyəndə qardaşlarından razılıq alıblar ki, konservatoriyaya Üzeyir bəyin, musiqi texnikumuna isə Asəfin adı verilsin. Elə də olub, amma 2000-ci ildə tex­nikum kollecə çevriləndə Asəf Zeynallının adı da götürülüb... 

P.S: Bu yazını hazırlayarkən gənc həm­karım Mirmehdi Ağaoğlunun Asəf Zey­nallının qardaşı oğlu Tamerlan Zeynalovla müsahibəsindən bir parça diqqətimi cəlb etdi. O deyib ki, bir gün Moskvaya uçarkən təyyarədə bəstəkar Tofiq Quliyevlə yol yol­daşı olub: “O heç bilmirdi ki, Mən Asəf Zeynallının qardaşı oğluyam. Soruşdum ki, Tofiq Ələkbəroviç, siz o qədər mahnı yazmısız, hamısı dillər əzbəridir, bəs, ilk mahnınız hansıdır? Dedi bilirsən nə var, o vaxt bizimlə bir tələbə də oxuyurdu. O adam Allah vergisi idi, tələbə ola-ola bizə dərs də deyirdi. Adı Asəf Zeynallı idi. Bir gün çağırdı, Sabirin “Uşaq və buz” şeirini mənə göstərib tapşırdı ki, buna bir mahnı yaz. Gəldim evə, yazdım-pozdum, səhər konservatoriyada yazdığımı Asəf müəllimə göstərdim. Xoşuna gəldi. Yəni mən Asəf Zeynallının xeyir-duası ilə bəstəkar oldum. Bunu Tofiq müəllim sonralar Asəf haqqında çəkilən sənədli filmdə də deyib”. 

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət