Qanunların dili aydın və səlisdirmi?

post-img

Azərbaycan Dil Qurumunun təşkilatçılığı ilə “Qanunlarımızın və kargüzarlıq sənədlərinin dili” mövzusunda elmi müzakirə keçirilib. 

Milli Məclisin üzvü, Azərbaycan Dil Qurumunun sədri, Xalq şairi Sabir Rüstəmxanlı müzakirədə geniş məruzə ilə çıxış etdi. Zamanın çağırışlarının sürətlə də­yişdiyi hazırkı dövrdə ana dilinin saflığının qorunması zərurətini önə çəkən məruzəçi dedi: “Nəsrimizin və poeziyamızın dilində səlislik qorunsa da, təəssüf ki, qanunlarımız­da bu sahədə boşluqlar var. Rəsmi sənədlər vasitəsilə dilimizə keçən xeyli yabançı söz­lər var ki, onları ifadə etməkdə çətinlik çə­kirik. Bəzi dövlət qurumlarının, qanunların adlarında belə Azərbaycan dilinin qanunları pozulur. Əslində isə çətin anlaşılan yabançı sözlərin əksərinin dilimizdə qarşılığını tap­maq mümkündür. Sadəcə olaraq, hər yerdə və hər kəs ana dilimizə daha təəssübkeş ya­naşmalıdır”. 

Məruzəçi rəsmi sənədləşmələrdə və xarici terminlərdə ortaq türk dilinin imkan­larından istifadənin vacibliyini də diqqətə çatdırdı. Daha sonra çıxış edən yazıçı Sey­ran Səxavət dilin saflığını qorumaq üçün hər bir ziyalının, hər bir vətəndaşın bu işə can yandırmasının vacibliyini bildirdi. Professor Nəsib Nəsibli Azərbaycan dilinin işlənmə arealının bu gün daha geniş olduğunu dedi, bu baxımdan kargüzarlıq və terminlər sahə­sindəki problemlərin aradan qaldırılmasının həm mənəvi, həm də siyasi mahiyyət daşıdı­ğını diqqətə çatdırdı. 

Terminologiya komissiyasının sədr müa­vini Sayalı Sadıqova Akademiyanın müvafiq strukturlarında dilimizlə, o cümlədən termin­lərlə bağlı xeyli iş görüldüyünü, amma bunun da tam yetərli olmadığını söylədi. O, eyni za­manda terminlərin milliləşdirilməsi prosesin­də digər türk dövlətləri ilə əlaqəli iş aparıldı­ğını qeyd etdi. 

Millət vəkili Erkin Qədirli dedi ki, bütün dillərdə alınma sözlər var, bundan qaçmaq mümkünsüzdür, amma ifrata varılmamalıdır. Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli alınma sözlər və terminlərə münasibətdə anlayışı ən doğru ifadə edən sözün seçilməsinin doğru olduğunu bildir­di. Qanunların dilindəki problemlərin əsas səbəbinin bəzən qanunların kor-koranə tər­cümə edilməsi ilə bağlı olduğunu qeyd etdi. Deputatlar Tahir Kərimli, Kamal Cəfərov, professor Telman Vəlixanlı, Əməkdar hüquq­şünas Əkrəm Kərimov da müzakirə olunan məsələyə münasibətlərini bildirdilər. 

Sonda müzakirələrdə səslənən təkliflərlə bağlı müvafiq qurumlara müraciət ediləcəyi bildirildi.

XQ

Mədəniyyət