Barmaqların oxuduğu nəğmələr

post-img

...2002-ci ildə dünya şöhrətli Müslum Maqomayevin 60 illik yubileyi Bakıda keçirilərkən ABŞ-da yaşayan görkəmli pianoçu, müşayiətçi, Xalq artisti Çingiz Sadıqov da okeanın o tayından sənət dostunu təbrik etməyə, onun yubiley gecəsinə qatılmağa gəlmişdi. Konsertdən sonra ulu öndər Heydər Əliyev adəti üzrə tədbir iştirakçıları ilə görüşərkən Çingiz müəllimin sənətinin çox doğma olduğunu belə ifadə etmişdi: “Çingiz Sadıqovun sənətdə ən böyük xidməti odur ki, sırf Avropa musiqi aləti olan royal onun sənətkarlığı sayəsində Azərbaycan milli musiqi alətinə çevrilib”. 

O elə bir sənətkar idi ki, müşayiətçinin heç də vokal­çının kölgəsi yox, səhnədə onun arxa-dayağı olduğu­nu anlatmışdı. İfaları virtuoz idi. Bu barədə söz düşəndə digər görkəmli pianoçumuz Fərhad Bədəlbəyli belə de­mişdi: “Pianoçunun əlləri hə­mişə isti olmalıdır. Məsələn, onun yaradıcılığından bəzən mənim barmaqlarım bumbuz olur, belədə çalmaq çətinləşir, gərək barmaqlarını ovuşdu­rub isidəsən. Amma Çingizin əlləri həmişə istidir, barmaq­ları həmişə sözünə baxır”. Bəlkə elə buna görə də Çingiz Sadıqovun ifası hərarətlidir, onun qəlbindən barmaqlarına axan şirinlik, könül qızdıran hərarət eşidənlərin qulaqla­rından qəlbinə süzülür. 

Çingiz Sadıqov1929-cu ildə anadan olmuşdu. Uşaq­lıqdan musiqi təhsili almışdı. Sonradan Bülbül adına mək­təb kimi formalaşacaq musiqi məktəbində, sonra da kon­servatoriyada təhsil almışdı. Öz xatirələrində deyirdi ki, mənim uşaqlığım olmayıb. Məktəbdən gələndə məhəl­lə uşaqlarını küçədə futbol oynayan, dalaşan görərdim, kənarda dayanıb beş dəqiqə onlara baxıb, evimizə qalxar, nahar edəndən sonra fortepi­anonun arxasına keçib 4 saat fasiləsiz çalardım. Bir də ax­şam yenidən düz 4 saat məşq edərdim. 

Gələcəyin böyük piano­çusu belə yetişirdi. Üstəlik, Moskva konservatoriyasının aspiranturasını bitirəndən sonra onu ən azı, o vaxtkı SSRİ-nin böyük konsert sa­lonları, ən nüfuzlu orkestrləri ilə solo çıxışlar, klassik forte­piano musiqisi ifaçısı karyera­sı gözləyirdi. 

Amma bir gün… Mosk­vada təhsilini bitirib Bakıya qayıtmış gənc Çingizə bö­yük Bülbül zəng vurur: “Çin­giz bala, – deyir, – mənim Orta Asiyaya qastrolum var, tərs kimi də Volodya (Bülbü­lün müşayiətçisi – pianoçu Vladimir Kozlov - müəl.) da xəstələnib. Mənə dedilər ki, sən Azərbaycan musiqisini çox yaxşı bilirsən, bəlkə məni müşayiət edəsən?”. 

Təbii ki, 25 yaşlı pianoçu bu təkliflə razılaşır. Bülbül təxminən 1 ay Orta Asiya­nın bütün respublikalarında konsertlər verir. İlk hissədə simfonik orkestrin müşa­yiətilə, 2-ci hissədə isə Çin­giz Sadıqovun müşayiətilə çıxış edir. Sonradan Çingiz Sadıqov bu qastrol barədə deyəcəkdi: “Mən o zaman anladım ki, klassik piano ifaçılığının ardınca getsəm, dünyadakı minlərlə piano­çudan biri olacağam, amma Azərbaycan xalq mahnıları­nın, bəstəkar mahnılarının ifası yolunu tutsam, həm bu sahədə 1-ci olaram, həm də çox iş görərəm. Mənim mis­siyam Azərbaycan musiqisini təbliğ etməkdir”.

Gənc yaşda verilmiş belə uzaqgörən və düzgün qərar Çingiz Sadıqovun gələcək taleyini yönləndirdi. Bülbül, Rəşid Benbudov, Müslum Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımo­valar… daha kimlər səhnələr­də Çingiz Sadıqovun müşa­yiəti ilə parlaq çıxışlar etdilər. 

Hərdən belə konsertlərdə qəribə hadisələr də baş ve­rirdi. Sənətkar qəlbi kövrək, xasiyyəti də şıltaq olar. Bir gün Rəşid Behbudovun est­rada orkestrinin müşayiəti ilə konserti olacaqmış, təbii ki, pianoda da Çingiz Sadıqov çalacaqmış. Necə olursa, konsertə az qalmış Rəşidin dediyi bir söz Çingizin xət­rinə dəyir. Konsert başlayır, proqrama görə Rəşid Behbu­dov o zamanların çox məş­hur “Я встретил девушку, полумесяцем бровь” (“Bir qızı gördüm, qaşları aypara”) mahnısı ilə çıxışına başla­malıymış. Orkestr mahnıya girişi ifa edir, amma müğən­ni oxumur. Orkestr mahnıya girişi bir də təkrarlayır, yenə də çaşqın müğənni oxumur, gözlərini müşayiətçiyə dikib ondan kömək istəyir, o da müğənninin üzünə baxmır. Orkestr 3-cü dəfə mahnının girişini verib xorla mahnının ilk misralarını oxuyur və hə­min an Rəşid Behbudov da oxumağa başlayır. Salon bu çaşğınlığı indiki dillə desək, bir kreativ yanaşma kimi qə­bul edərək alqışlayır. Demə, Rəşid Behbudov mahnının ilk misralarını qəfil unudubmuş və hər belə məqam yetişəndə mətni onun yadına salan Çin­giz Sadıqov bayaqkı inciklik səbəbindən xatırlatma vermir. Konsertdən sonra barışan yaradıcılıq dostları uzun illər bu əhvalatı xatırlayıb gülər­mişlər. 

Yaşının ahıl çağında Amerika Birləşmiş Ştatlarına köçən Çingiz Sadıqov orada təkcə diaspor təşkilatlarımı­zın təşkil etdiyi tədbirlərdə çıxış etmirdi. Onun yaradıcı­lıq potensialına bələd olanlar pianoçunu müxtəlif konsert­lərə dəvət edirdilər. Beləcə, Çingiz müəllim okeanın o tayında Azərbaycan musiqisi­nin təbliğatçısına çevrilmişdi. Maestronun Amerika dövrü xatirələrində belə bir məqam var: “Mən Azərbaycan mu­siqisini tarda, qarmonda, ya da kamançada ifa edilən kimi çalmıram. Melodiyanı saxla­yıram, amma akkompaniment hissəsini, harmonizasiyasını bugünkü melodiyalara uy­ğunlaşdırıram. Ona görə də amerikalılar və başqa xalqlar tanış səsləri eşidəndə həmin musiqini başa düşür və me­lodiya onların xoşuna gəlir. Amerikalılar Azərbaycan mu­siqisinə etnik musiqi kimi bax­mır, onu tanıdıqları müasir bir musiqi kimi qəbul edirlər. Bir dəfə konsertdə gördüm ki, bir amerikalı qadının göz­lərindən yaş axır, soruşdum sizə nə olub? Qadın dedi ki, mən musiqini sevən adamam və çox musiqi dinləmişəm, amma hələ elə bir musiqi din­ləməmişəm ki, sizin musiqiniz qədər adamın ürəyinə təsir etsin”.

Yaşının ahıl çağına bax­mayaraq, Çingiz Sadıqov uzaq Amerikadan dəfələrlə Bakıya gəldi, konsertlərdə çıxış etdi, onu sevənlərlə gö­rüşdü. Ta ürəyindən əməliy­yat keçirənədək. Həkimlərin təyyarəyə minməyi yasaq et­məsi onu ürək ağrısından çox ağrıdırmış. Bir də o, vətənə həmişəlik qayıtdı. 88 yaşında dünyasını dəyişdikdən son­ra öz vəsiyyəti və Prezident İlham Əliyevin tapşırığı ilə onun nəşi Bakıya gətirilərək, II Fəxri xiyabanda torpağa tapşırıldı... 

Azərbaycan ifaçılıq mək­təbi çox pianoçu yetişdirib, amma “Şöhrət” ordenli Xalq artisti Çingiz Sadıqov həmişə barmaqları ilə oxuyan adam kimi xatirələrdə qalacaq. 

Gülcahan MİRMƏMMƏD

Mədəniyyət