Əzizəni gözləyərkən...

post-img

Şəhrizadın 1002-ci gecəsinin nağılı

1979-cu ildə Avropanın Monako knyazlığında qeyri-adi caz festivalı keçirilir. Bu musiqi yarışmasında iştirak edən hər bir ifaçının adı və mənsub olduğu ölkə münsiflərdən gizli saxlanılır. Knyazlığın səsli-küylü Monte Karlo şəhərində yüzdən çox cazmenin günlərlə davam edən yarışması başa çatdıqdan sonra “Ağ royal” mükafatının qalibi elan olunur: Vaqif Mustafazadə! 

Heyhat, Vaqif Mustafaza­də bu yarışmanın qalibi oldu­ğunu heç vaxt bilməyəcək! Çünki Monte Karloda keçi­rilən dünya caz festivalından qayıdan cazmen 16 dekabr 1979-cu ildə Daşkənddə kon­sert verərkən səhnədəcə hə­yatla vidalaşıb. 

O, kiçik qızı Əzizənin şəninə bəstələdiyi “Əzizəni gözləyərkən” adlı kompozi­siyasını xüsusi çılğınlıqla ifa edib bitirdikdən sonra başını pianonun dilləri üstünə en­dirir. Tamaşaçıların sürəkli alqışlarından sonra cazmenin halından şübhələnən aparıcı ona yaxınlaşır və... artıq Vaqif yoxdur! Səhnənin böyük pər­dəsi enir. Həmin pərdə 39 yaşlı caz ustasını həyatdan əbədi ayıraraq milyonların qəlbinə köçürür.

Vaqif Mustafazadə 16 mart, 1940-cı ildə Bakıda, İçərişəhərdə hərbçi həkim ailəsində anadan olub. Vali­deynləri ayrıldığına görə ba­laca Vaqif musiqi məktəbində piano dərsi keçən anası Zivər xanımın himayəsində böyü­yür. Muğam sənətini Üzeyir Hacıbəyovdan öyrənmiş Zi­vər xanım həm də onun ilk musiqi müəllimi olur. 

Vaqif 1963-cü ildə Asəf Zeynallı adına musiqi kolleci­ni bitirib Bakı Musiqi Akademi­yasına daxil olur. Təhsil aldığı vaxtlar klublarda avanqard konsertlər təşkil edir, ifala­rında klassik caz musiqisinə, bluz və oynaq ritmlərə daha çox üstünlük verir. Klassik cazla İçərişəhərin ruhunu – muğamı qovuşduraraq uni­kal musiqi icad edən novator bəstəkarı yerli radio-televi­ziya şirkəti özünə yaxın bu­raxmır. Ecazkar caz-muğam ifaçısının heyranları getdikcə artsa da, mühafizəkarlar onu tənqid atəşinə tuturlar. 

Vaqif caz gecələrində bir­gə çıxış elədiyi vokalist Nər­minə xanımla ailə qurur və bu evlilikdən 1965-ci ildə Lalə adlı qızları dünyaya gəlir. Cazmenin 2-ci evliliyi isə rəh­bərlik etdiyi “Sevil” instrumen­tal ansamblının solisti, gürcü əsilli Elza Bandzeladze ilə baş tutur. Bu nikahdan Əzizə Mustafazadə dünyaya gəlir. 

Fəaliyyəti Bakı klublarının dar səhnələrinə sığmayan Vaqif, həyat yoldaşı Elzanın dəstəyi ilə ilkin musiqi karye­rasını Tiflisdə qurmalı olur. Sevimli sənətindən usanmaq bilməyən pianoçu qonşu ölkənin paytaxtında “Qafqaz” adlı caz-trio yaradır.

Vaqif Mustafazadə Es­toniyada düzənlənən dünya cazmenlərinin “Tallin-66” və “Tallin-67” yarışlarının lau­reatı olmuşdu. 1967-ci ildə Tallin şəhərində mükafatı Vaqifə şəxsən təqdim etmək üçün səhnəyə çıxan məşhur amerikalı caz ustası Dizzi Gillespi onun yaradıcılığını “gələcəyin musiqisi” adlandır­mış və gözəl ifaya görə gənc cazmenə öz minnətdarlığını bildirmişdi. 

Cazmenin xaricdəki uğur­larından sonra Bakı televizi­yası yumşalaraq onu müəy­yən şərtlərlə efirə buraxmaq fikrinə düşür. Ekranda görün­məsi üçün Vaqif öz lopa bığ­larını “redaktə” etməli, cins şalvarının yerinə isə şax kost­yum geyinməli idi. Yenilikçi sənətkar televiziya rəhbərliyi­nin bu şərtlərindən qətiyyətlə imtina edir. Beləcə, sənət aləmində ona qarşı olan süni əngəllər çayır kimi əl-ayağına dolaşır, ömrünü çürüdürdü.

Konsertlər düzənləmək üçün SSRİ-nin müxtə­lif şəhərlərinə dəvət alan caz-muğam ustasının şöhrəti getdikcə artır. Vaqif Mustafa­zadə fenomeninə görə dünya cazmenləri 1969-cu ildə, bu dəfə dahi ifaçının doğulduğu Bakıda “Caz-69” festivalına yığışırlar. 

Vaqifin ağır günlərinin dostu olan həyat yoldaşı Elza xanım onu bir an belə tək buraxmır, bütün çalışma­larının arxasında sevgi ilə dayanır. Vaqif Mustafazadə gərgin bəstəçi həyatına və uzaq səfərlərinə baxmaya­raq, 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz-tri­osuna, “Leyli” və “Sevil” qadın vokal instrumental, “Muğam” instrumental ansambllarına rəhbərlik edir.

1968-ci ildə SSRİ-nin bir neçə şəhərində konsert­lər verən cazmen 1970-ci ildə məşhur müğənni Rəşid Behbudovla Latın Amerikası ölkələrində qastrol səfərlərin­də olur. O, 1978-ci ildə Tiflis­də keçirilən caz festivalında 8 yaşlı qızı Əzizə ilə səhnəyə çıxaraq tamaşaçıları valeh edir və “Ən böyük pionoçu” adını qazanır.

Milli muğamımızı klassik Amerika caz musiqisi ilə sin­tez edərək yeni musiqi növü yaratmış dahi pianoçu Vaqif Mustafazadə 1982-ci ildə ölümündən sonra Azərbay­can Dövlət Mükafatına layiq görülür.

Caz-muğam ustasının ölümündən dərhal sonra “Amerikanın səsi” radiosunda “Caz vaxtı” verilişinin aparıcı­sı məşhur Uillis Konover bü­tün verilişi Vaqifin xatirəsinə həsr edir.

Vaqif Mustafazadə və qızı Əzizə Mustafazadənin adı Amerika redaktorlarının imzası altında “Ümumdünya caz ensiklopediyası” kitabına həkk olunub. 

Yazımı dünyaca məşhur İsveç pianoçusu Yohansso­nun sözləri ilə bitirmək istə­yirəm: “Vaqifin olduqca müasir olan musiqisindən həm də sirli, qədim Qafqaz melodiyası axır. Onu dinləyərkən, sanki, Şəhrizadın 1002-ci gecəsinin nağılına qulaq asırsan...”

Murad KÖHNƏQALA

Mədəniyyət