Heydər Əliyev Sarayında “Arif Babayevin muğam dünyası”

post-img

Arif Babayev – 85

Azərbaycanın Xalq artisti, görkəmli muğam ifaçısı, professor Arif Babayevin istedadlı yetirmələrinin öz ustadlarının 85 illik yubileyinə sənət töhfəsi olaraq Heydər Əliyev Sarayının səhnəsində hazırladıqları “Arif Babayevin muğam dünyası” adlı konsert dünən axşam böyük uğurla gerçəkləşdi.

Arif Babayevin ünlü tələbələri və ökənin tanınmış xanəndələri yubiliyarın repertuarında uzun illər aparıcı yer tut­muş və populyarlaşmış muğam və təs­nifləri paytaxtın baş kosert səhnəsində yüksək sevgi və coşqu ilə səsləndirdilər. Arif Babayev sənətinin pərəstişkarları Xalq artistləri Mələkxanım Eyyubovanın, Zabit Nəbizadənin, Könül Xasıyevanın, Əməkdar artistlər Gülüstan Əliyevanın, Nuriyyə Hüseynovanın, Almaz Orucova­nın, Zakir Əliyevin, Cabir Abdullayevin, Firuz Səxavətin, Elnarə Abdullayevanın, Ehtiram Hüseynovun, Könül Kərimova­nın, Sevinc Sarıyevanın, Babək Niftə­liyevin, Fərqanə Qasımovanın, Elnur Zeynalovun və xanəndə Vüqar Əliyevin çıxışlarını görkəmli xanəndə və müsiqi pedaqoqunun sənət yolunun davamı və yubiley hesabatı kimi alqışladılar.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyev 1998-ci ilin bahar bayramı şənli­yində ədəbiyyat və incəsənət xadimləri ilə söhbəti zamanı demişdi: “Arif bizim böyük müğənnimizdir”. Yubiley geçə­sində bu yüksək qiyməti böyük minnət­darlıqla yada salan Arif Babayev XQ-yə qısa açıqlamasında bildirdi: 

– Mənim sənətimə Ulu öndərin ver­diyi bu ali dəyərdən 26 il sonra onun adını daşıyan sənət məbədində belə bir təntənənin qurulması – yaşlı nəslin yo­lunu davam etdirən istedadlı ifaçıların muğam incilərimizi sonsuz bir şövqlə səsləndirmələri sevimli rəhbərin milli musiqimizin qorunması və inkişafına göstərdiyi diqqət və qayğını bu gün Pre­zident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yüksək səviyyədə davam etdirməsinin daha bir parlaq nü­munəsidir. Muğam xalqımızın ölməz ru­hunu yaşadır və xalqımızın mənəvi alə­mini zənginləşdirir. Buaxşamkı konsert bu həqiqəti bir daha təsdiqlədi.

Mən xoşbəxt sənətkaram ki, həyatı­mın 70 ilini muğam dünyasında keçir­mişəm və yolumu davam etdirən iste­dadlı yetirmələrim var. Bu gecə mənim ömrümü xeyli uzatdı. Bir daha inandım ki, xalq dəyərli sənəti həmişə uca tutur. Dövlətimiz də xalqın sevdiyi sənət və sənətkarı himayə etməklə bu sahədə həmişəyaşarlığa təminat yaradır.

T.RÜSTƏMLİ
XQ



Mədəniyyət