Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində böyük Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin özbək dilində nəşr olunmuş “Qılınc və qələm” romanının təqdimatını keçirib.
Tədbir iştirakçıları ilk öncə universitetin foyesində Mədəniyyət Mərkəzi tərəfindən Nizami Gəncəvi yaradıcılığına aid özbək dilində reallaşdırılan nəşrlərdən ibarət «Gəncədə doğan günəş» adlı kitab sərgisi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan universitetin kafedra müdiri və Nizami Gəncəvi adına Beynəlxalq Elmi-Tədqiqatlar Cəmiyyətinin sədri, professor Nurbay Cabbarov “Qılınc və qələm” tarixi romanının özbək dilində nəşrini Özbəkistan ədəbi həyatı üçün tarixi hadisə kimi qiymətləndirib.
Universitetin prorektoru, professor Sultan Nurmatov Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin dərin, qədim köklərindən söz açaraq bu əlaqələrin yüksək səviyyəyə çatdığını, AMM-nin layihəsi ilə son 10 ildə Azərbaycan ədəbiyyatına dair yüzlərlə nəşrin özbək dilində çap olunduğunu bildirib.
Özbəkistandakı AMM-nin direktoru Samir Abbasov iki ölkə arasında ədəbi əlaqələrdən danışıb, özbək oxucularının Azərbaycan müəlliflərinin əsərlərinə böyük maraq göstərdiyini qeyd edib. Diplomat 2021-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə «Nizami Gəncəvi ili» elan olunduğunu və bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda dahi mütəfəkkirin «Xəmsə»sinin, Nizami Gəncəvi əsərlərində türkçülüyə dair özbək alimlərinin monoqrafiyasının, habelə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının özbək dilində nəşrinin həyata keçirildiyini bildirib.
Professor Abdulla Uluqov, tərcüməçi alim Babaxan Şərif, professor Uzoq Coraqulov, dosent Gülbahar Aşurova Məmməd Səid Ordubadi yaradıcılığı və yazıçının “Qılınc və qələm” romanının tarixi əhəmiyyətindən danışıblar.
Sonda universitetdə yaradılmış Məhəmməd Füzuli adına Elmi tədqiqatlar Mərkəzinin “Füzuli dilbəndləri” qiraət qrupunun ifasında klassiklərimizin Azərbaycan və özbək dillərində şeirləri səsləndirilib.
Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan “Qılınc və qələm” tarixi romanının tərcüməçiləri - alimlər Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov, nəşrin redaktoru və ön sözün müəllifi alim Abdulla Uluqovdur.
“Qılınc və qələm” romanının Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına paylanması nəzərdə tutulub.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd