Oymalardan aşkarlanan gözəllik

post-img

Bu gün Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Qobus­tanda, Gəmiqayada daş üzərində rəsmlər bədii oyma sənətinin ilkin nümunələridir. Bu sənət daş, ağac, sümük və başqa materiallar üzərində də yaradılır. 

Çağdaş sənətkarlarımızın bədii oyma nümunələri də maraqlıdır. Gəncədə bu sahənin ustadlarından biri Saləddin Məhərrəmovdur. O, 1970-ci ildə Gən­cə Uşaq Rəssamlıq Məktəbini, 1979-cu ildə isə Gəncə Pedaqoji Texnikumunun rəssamlıq fakültəsini bitirib. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü­dür. 

Saləddin müəllim deyir ki, oymaçı ol­maq insandan iki şey tələb edir: rəssam­lıq qabiliyyəti və böyük səbr. “Təxminən 30 ildir, bu sənətlə məşgulam. Təbiət vurğunu olduğum üçün gözəllikləri ağac üzərində cilaladıqca zövq alıram. Hər bir ağacın öz naxışı, öz gözəlliyi var. Bunu görmək, duymaq lazımdır”. 

İstedadlı rəssam bir çox Respublika və Beynəlxalq miqyaslı sərgilərdə iştirak edərək orjinal əsərləri ilə diqqət çəkib. Onun əsərləri Azərbaycan, Rusiya, Ame­rika və başqa ölkələrdə kolleksiyalarda qorunub saxlanır. 

O, hər zaman düşündüyü mövzulara könül duyğularını qata-qata ağac üzərinə köçürür və gözəl əsərlər ərsəyə gəlir. Təqdim etdiyi hər bir əsər öz təxəyyülü­nün məhsulu kimi hasilə yetir, təkrarsız olur. Onun sənətinin özünəməxsus sirr kodları var. Məlumdur ki, oyma işlərində əsasən qiymətli ağac növlərindən istifadə edilir. Qoz, palıd, cökə və çinar odunca­ğı gərək olur. Bir əsəri ərsəyə gətirmək üçün ən azı 25-30 gün vaxt lazımdır. 

Saləddin Məhərrəmovun əsərlərində görünən tərəflər və görünməyən gizlinlər çoxdur. Nəzərdə tutulan mətləbi, sözü ifadə vasitələri sirli-sehirlidir. Bunları səs və ahənglə, rəng və çalarlarla ifadə et­mək mümkün deyil. Onun naxış dili bir ayrı dildir. Bəzən zərif, bəzən də kobud görünə bilən naxışlar belə sanki sehirli məktub parçalarıdır. Sadəcə, işarələri anlamaq, naxışları duymaq gərəkdir ki, bu “məktub”ları oxuya biləsən. 

Ustad sənətkarla çox zaman sərgilər­də görüşürük. Hərdən olur ki, əlimlə onun əsərlərinə toxunur, barmaqlarımı onun əlindən həyat iksiri almış, sevgi dolu naxışlarda gəzdirirəm. Bu zaman usta­dın əllərinin hərarətini hiss edirəm. Daşa dönmüş ağac parçası belə heç vaxt so­yuq olmur. Bu hərarət, bu ülvi eşq həmin əsərlərin üzərində rəssamın “imza”sıdır. 

Saləddin Məhərrəmovun uğurları “Zaqafqaziya gənc rəssamların qrafika və rəngkarlıq əsərlərindən ibarət sər­gilər”də, “Dekorativ tətbiqi sənət sərgilə­ri”ndə, “Xalq yaradıcılığı-Qədim sənətlər silsiləsində” eləcə də “Tətbiqi sənət us­talarının işlərində İslami dəyərlər çərçivə­sində” təşkil olunan sərgilərdə təsdiqini taparaq möhürlənib. Təbiət kompozisiya­larını, eləcə də fəlsəfi və mistik həyatı ya­radıcılığında geniş əks etdirən sənətkar bu günə kimi 60-dan artıq sənət əsərini ustalıqla ərsəyə gətirib. Onun “Qədim yurd yerlərimiz”, “Mənim Kəpəzim”, “Nar budağı” və digər əsərləri son dərəcə ma­raqla qarşılanıb.

Bu gün ustad sənətkar həmçinin tarixi şəxsiyyətlərin portret cizgilərini özündə əks etdirən orijinal səpkili silsilə əsərlər üzərində işləyir. “Nizami Gəncəvi”, “Şah İsmayıl Xətai”, “Cavad xan”, “Səlahəddin Əyyubi” kimi ağac üzərində oyma portret­lər bunun uğurlu nümunələridir. 

Vətən müharibəsi və bu tarixin Zəfər salnaməsi də sənətkarın yaradıcılıq alə­mində mühüm yer tutur. “Ana bətnindən dəmir yumruqla gələn Azərbaycan əsgə­ri”, “Ömər aşırımı”, “Xüdafərin körpüsü”, “Qarabağ mənzərələri”, “Alban türk mə­bədləri”, “Ana məhəbbəti”, “Şəhid ana­sının ürəyi” kimi orijinal oyma işləri tarixi Zəfərin sənət salnaməsinə çevrilib. 

Bir sözlə, Saləddin Məhərrəmov ya­radıcılığında ənənəvi xətti perspektiv ideya ilə çulğalaşdıra, klassikanı intuitiv olaraq reallıqla harmoniyada yarada bilir. 

Anar Ərtoğrul BURCƏLİYEV

Gəncə







Mədəniyyət