Bədii söz zorakılığa “Yox!” deyir

post-img

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə birlikdə keçirdiyi, iki aydan çox davam edən “Məişət zorakılığına yox deyək!” mövzusunda hekayə müsabiqəsinə yekun vurulub. 

AYB-nin Natəvan klubunda təşkil edilən “Zorakılığa səssiz qalma!” möv­zusunda mərasimdə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs mövzunun aktuallığını önə çəkərək dedi ki, gənc nəsildə tolerantlıq, dözümlülük, məişət zorakılığının aradan qaldırılması xüsu­silə vacib məsələdir. İstənilən zorakılığa qarşı olan ədəbiyyatçılar bu mövzunu da gündəmdə saxlamalıdırlar. Bu məqsəd­lə keçirilən müsabiqəyə heç bir yaş sen­zinin qoyulmaması yazarların problemə biganə qalmadığını göstərir. 

İSİM-in direktoru Qəhrəman Haq­verdiyev dünyada insanların müəyyən qisminin məişət zorakılığına məruz qal­dırdığını və buna görə də hər kəsin bu problemlə bağlı maarifləndirilməsinin va­cibliyini vurğuladı. Direktor müsabiqədə qalib gələn hekayələrin kitab halında çap olunmasını təklif etdi.

Müsabiqənin münsiflər heyətinin səd­ri, ədəbiyyatşünas Seyfəddin Hüseynli təqdim olunan hekayələrin bədii məziy­yətlərindən danışdı və əsərlərin ədəbi norma və tələblər nəzərə alınmaqla, ob­yektiv qiymətlədirildiyini deyərək, qaliblə­rin sırasında yeni imzamaların olmasın­dan məmnunluğunu bildirdi. Təklif edildi ki, qalib hekayələr radioda səsləndirilsin, televizya vasitəsi ilə ekranlaşdırılsın.

Sonra İSM-in şöbə müdiri Laura Quliyeva məişət zorakılığının psixoloji yöndən qadınlara və kişilərə təsirindən danışaraq bildirdi ki, bu, son nəticədə stress yaradır, bir sıra xəstəliklər əmələ gətirir. Məqsəd həm də bütün bunla­rın qarşısına ictimai sipər çəkilməsidir. Gələcəkdə AYB ilə bu sahədə birgə fəailiyyət göstərməyin cəmiyyətə fayda verəcəyi bildirildi.

Sonda müsabiqədə qalib gəlmiş müəlliflər Arif Rəhimov (“Zərif və kövrək məxluq”), Azər Musaoğlu (“Fidan”), Fa­timə Bayramova (“Bağlı qapı arxasında”), Maya İmran (“Humay Atabəy”), Rəşid Bərgüşadlı (“Otit”), Şəfa Vəli (“Quşxa­nadan reportaj”) və Zemfira Məhərrəmli (“Ailə sənin məbədindir”) mükafatlandı­rıldılar. 

Fuad CƏFƏRLİ
XQ

Mədəniyyət