Dumanlı Albionu heyran qoyan skripkaçı

post-img

Londonda öz kamera orkestrini yaradan azərbaycanlı qızın sənət uğurları

Soydaşımız Nəzrin Rəşidova skripkada ifaları ilə Dumanlı Albionu heyran qoyanlardandır. O, son 70 ildə Böyük Britaniyada yaradılmış yeganə qadın kamera orkestrinin yaradıcısıdır. Nəzrinə Stradivarinin, eləcə də kralın oğlu – 3-cü Karlın və şahzadə Diananın skripkalarında çalmaq nəsib olub. 

Onun haqqında ilk dəfə “Media.az” saytında verilmiş geniş və maraqlı mate­rial diqqətimizi cəlb etmişdi. Sonra inter­net şəbəkəsi vasitəsilə məlumatlarımızı daha da artırdıq. Öyrəndik ki, Nəzrinin Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Dövlət Musiqi Akademiyası) məzunları olan atası və anası bir vaxtlar musiqi məktəblərində skripkadan dərs deyiblər. Atası hətta bir ara maestro Ni­yazi ilə birlikdə çalışıb. Belə bir mühitdə böyüyən qızcığaz körpə yaşlarından mu­siqiyə, skripkaya bağlanıb. 

– İlk çıxışım 1991-ci ildə Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) baş tutub, – deyə Nəzrin xanım həmka­rımız Züleyxa İsmayılova ilə söhbəti za­manı bildirib. – Balaca qız idim, dolu zala baxıb həyəcanlansam da, özümü ələ ala bildim və xırdaca skripkamda ifam diqqətlə dinlənildi, alqışlandı. İndi də o aləti saxlayıram.

Sonra ailəsi ilə Qahirəyə, oradan da Londona köçən Nəzrin ingilis təmayüllü məktəblərdə oxuyub. Qahirə Opera Teat­rında uğurla çıxış edərək qızıl medal alıb, Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Misirə səfəri zamanı onun şərəfinə təşkil olunan ziyafətdə 6 yaşlı qız da öz mə­harətini göstərib. Həmçinin Misirə kon­sert proqramı ilə gələn bir çox solist və dirijorları öz ifaları ilə heyrətləndirib. Məş­hur amerikalı musiqiçi Lequdi Menuxin, sovet və rus dirijoru, pianoçu və bəstəkar Gennadi Rojdestvenski, Yaponiya sənət­karı Takeşi Kobayaşi ona maraqla qulaq asıblar. 

Nəzrin təhsilini 1995-ci ildən London­da davam etdirib. Nüfuzlu Purcell Musiqi Məktəbində professor Lidiya Mordkovi­çin sinfində oxuyub. Almaniyada kon­sertdə çıxış edəndə 8 yaşı olub. Qışda atası Şamil müəllim Qahirədən Londona gələr, yazda onu Misirə konsertə dəvət edərdilər, yayda isə ailə birlikdə Bakıda dincələrdi. 

Professor Mordkoviçin və dünya­şöhrətli pedaqoq Feliks Andriyevskinin köməyi ilə Nəzrin ünlü italyan və fransız bəstəkarların əsərlərini, o cümlədən etüd və kapriççioları mənimsəyib. Yeri gəlmiş­kən, onun doktorluq işi də elə bu möv­zuda olub. Bundan əvvəl isə soydaşımız Kral Musiqi Akademiyasında professor Erik Qrünberqin sinfində oxuyub. On­dan razılıq edən müəllimi bir dəfə deyib: “Səndə skripkada hər şey rahat alınır”.

Bir dəfə hazırkı Böyük Britaniya kralı­nın oğlu üçün düzəldilmiş özəl skripkada çalmağı da ona etibar ediblər. O zaman Nəzrinin oxuduğu məktəb prins Çarlzın himayəsində idi və o, məktəbə baş çək­məyə gələndə həmin aləti də gətirmişdi. Ən istedadlı gənc musiqiçi kimi, məhz Nəzrin o skripkada mötəbər qonaq üçün etüd ifa edib. Akademiyada oxuyarkən isə soydaşımız Stradivarinin skripkası ilə çıxış etmək fürsəti qazanıb (Korifeylərə məxsus alətləri heç də hər tələbəyə eti­bar etmirlər).

Nəzrin xanımın fərdi məşğələlərə vaxtı olsun deyə, istisna hal kimi, tələ­bə orkestrinin məşqlərindən azad edilib. Rektorla söhbəti zamanı onun özünün qızlardan ibarət kollektivini təşkil etmək ideyası yaranıb. Hətta ondan yaşca bö­yük qızlar da Nəzrinə inanaraq, məşqlərə gəliblər və beləliklə, 13 ölkədən müxtəlif milliyyətli 17 qızın peşəkar səyləri fərəhli nəticə verib – “FeMusa” kamera orkestri yaranıb. 2009-cu ildə ilk konsert uğurlu alınıb. Sonra qızlar Fransada, Omanda çıxışlar ediblər, 2 dəfə Azərbaycanda konsert veriblər: dövlət filarmoniyasın­da və Qəbələdə. Eyni zamanda “BBC News” və digər telekanallarda təqdim olunublar. Tanınmış ingilis bəstəkar Pol Lyuis “FeMusa”nın ifasında özünün bir əsərini dinlədikdən sonra 3 gözəl mini­atür yazaraq, Nəzrinə və orkestrə həsr etdiyini söyləyib.

Biz bu yazını hazırlayarkən Londo­na zəng edərək, Britaniya Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahova­dan Nəzrin Rəşidova haqqında fikrini öyrəndik. Fəridə xanım dedi:

– Nəzrini lap uşaqlığından tanıyı­ram. Bizim səfirliyin açılış mərasimindəki uğurlu çıxışını da yaxşı xatırlayıram. Əsl istedad sahibi, işıqlı aurası olan, zəhmət­sevər musiqiçidir. Yüksək təşkilatçılıpq qabiliyyəti ilə seçilir. Bir sözlə, Nəzrin hər cür tərifə layiq sənətçidir. Belə bir yerdə qadın kamera orkestri yaradıb tanıtmaq heç də hər kəsin bacara biləcəyi iş deyil. Nəzrin isə bunun öhdəsindən layiqincə gəlib. Məhz onun kimi soydaşlarımız bu­rada Azərbaycanın adını daha da ucal­dırlar. Nəzrinə daha böyük nailiyyətlər arzulayıram.

“FeMusa” orkestri Azərbaycan bəstə­karlarının musiqilərini də sevə-sevə ifa edir. Hər konsertin proqramına Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Aqşin Əli­zadənin əsərləri salınır. Onu da deyək ki, Fikrət Əmirovun “Nizami” simfoniyasını ilk dəfə Böyük Britaniyada 1965-ci ildə, bəstəkarın Londona səfəri zamanı tanın­mış dirijor Leopald Stakovskinin idarəsi ilə BBC-nin orkestri ifa edib. O zaman Fikrət Əmirov BBC radiosuna dəvət olu­nub və dinləyiciləri muğamla tanış etmək üçün tar çalıb. Ümumiyyətlə, Nəzrin xa­nımın fikrincə, Azərbaycan musiqisi həm İngiltərədə, həm də digər ölkələrdə se­vilir, xarici auditoriya bizim bəstəkarların əsərlərini heyranlıqla dinləyir.

Azərbaycana hər gələndə sevinən Nəzrin özünü yurdumuzun ayrılmaz bir parçası sayır. Atası Şamil müəllim telefon söhbətimiz zamanı ötən ayın sonlarından Bakıda olduqlarını bildirdi:

– Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunan günlərdə burada olmaq1dan qürurlandıq. Nəzrin bütün hərəkətləri ilə Vətən müharibəsində tarixi qələbəmizə və Qarabağın azad olunmasına, Prezi­dentimizin Xankəndində, Xocalıda üç­rəngli bayrağımızı qaldırmasına ürəkdən sevindiyini büruzə verirdi. Bir həftə olar ki, Vətəni tərk etmişik. 

Nəzrin dərsə tələsdiyi üçün onunla ətraflı danışa bilmədik. Bununla belə, 1-2 suala qısa da olsa, cavab verdi:

– Deyirsiniz, xaricdə Azərbaycana aid olan nə çatışmır? Məncə, çox şey. Məsələn, Günəş, qohum-əqraba, milli mətbəx, ecazkar Bakı bulvarı, təbəssüm­lü çöhrələr və sair. Düzdür, mən plov, dolma, dovğa, düşbərə, qutab, paxlava, şorqoğalı və şəkərbura bişirə bilirəm, amma, nə sirdirsə, Bakıda daddıqlarımın yerini vermir.

– Haçansa Vətənə qayıtmaq fikriniz varmı? 

– İndilikdə dəqiq bir söz deyə bil­mərəm. Düzünə qalsa, Vətən mənim içimdədir – bu, bizim musiqimizdir: unu­dulmaz Tofiq Quliyev, Fikrət Əmirov, Qara Qarayev və başqalarıdır. Bir də ki, hansı janrı təmsil etmələrindən asılı ol­mayaraq, incəsənət adamları üçün vətən elə bu dünyadır...

Atası dedi ki, onsuz da Nəzrin özü və işi haqqında geniş danışmağı sevmir. Qeyd edə bilərsiniz ki, o, 16 yaşında Av­ropada keçirilən beynəlxalq müsabiqənin iştirakçısı və qalibi olub. Sonralar bir sıra nüfuzlu mükafatların – İequdi Menuxin adına skrpikaçıların beynəlxalq müsa­biqəsində xüsusi mükafata, Polşada da Venyavski adına beynəlxalq müsabiqədə isə fəxri diploma layiq görülüb. Məqsədi “FeMusa”nı dünyaya daha yaxından ta­nıtmaqdır.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət