“Simurq” Azərbaycan Mədəniyyət Asossiasiyasının prezidenti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, kulturoloq Fuad Məmmədov Birləşmiş Millətlər Təşkilatının əsas iqtisadi-sosial orqanı olan ECOSOC-un məşvərət statusuna malik Pitirim Sorokin-Nikolay Kondratyev Beynəlxalq İnstitutunun Qızıl medalına layiq görülüb. Azərbaycanlı alim bu ali mükafatla sivilizasiyalararası dialoqun və tərəfdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə təltif olunub.
XQ xəbər verir ki, xəbəri Fuad Məmmədovun özü də təsdiqləyib.
Medal yalnız görkəmli diplomatlara, siyasət, mədəniyyət və elm xadimlərinə təqdim edilir. Hazırda bu ali mükafata BMT-nin keçmiş baş katibi Kofi Annan, UNESCO-nun iki keçmiş baş katibi, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Elmlər Akademiyasının sabiq prezidenti və digər görkəmli şəxsiyyətlər layiq görülüblər.
Qeyd edək ki, professor Fuad Məmmədov Azərbaycanda kulturologiya elminin yaradıcısı və təşviqatçısıdır. Görkəmli alim mədəniyyət, elm tarixi və nəzəriyyəsindən 300-dən artıq elmi və maarifləndirici işin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Fuad Məmmədovun kulturologiya, idarəetmə mədəniyyəti, eləcə də mədəniyyət və sivilizasiyalar arasında dialoqa həsr olunmuş fundamental elmi-tədqiqat işləri və əsərləri dünyanın tanınmış kitabxanalarında saxlanılmaqla bərabər, inkişaf etmiş ölkələrin nüfuzlu institutlarında aparılan tədqiqatlar zamanı əyani vəsait kimi istifadə olunur.
Anar ƏLİ
XQ