“Pak və təmiz vicdanın səsi”

post-img

Cəlil Məmmədquluzadə – 155

Uzun müddət belə hesab edilib ki, görkəmli demokrat ədib Cəlil Məmmədquluzadə 1866-cı ildə anadan olub. Amma sonra müəyyən araşdırmalar sayəsində onun 1869-cu il doğumlu olduğu təsdiqlənib. Bu hesabla indi Mirzə Cəlilin 155 illik yubilyey günü olduğunu demək daha dopğru olar.

Azərbaycan Prezidenti İlham Əliyev 17 yanvar 2019-cu ildə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edil­məsi haqqında sərəncam imzalayıb. Hə­min il Nazirlər Kabinetinin qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respubli­kasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Mirzə Cəlil “Danabaş kəndinin əh­valatları”, “Danabaş kəndinin məktəbi”, “Kişmiş oyunu”, “Poçt qutusu”, Usta Zey­nal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Niga­rançılıq”, “Pirverdinin xoruzu”, “Kaman­ça”, “!Lal”, “Dəli yığıncağı”, möhtəşəm “Ölülər” əsərləri, xüsusilə də “Molla Nəs­rəddin” jurnalı ilə aləmə səs salıb. Bu jurnalın ictimai-bədii əks-sədası cəmiy­yətdə bomba təsiri yaradıb. O dövrün ən görkəmli fikir sahibləri – Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Firudin bəy Köçərli və başqaları “Molla Nəsrəddin”in meydana çıxmasını tarixi hünər kimi qiy­mətləndiriblər. 

Ulu öndər Heydər Əliyev böyük Mirzə Cəlil və onun “Molla Nəsrəddin”inə yük­sək dəyər verib: “Biz Cəlil Məmmədqulu­zadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazı­cı kimi, publisist kimi yox, eyni zamanda, böyük ictimai xadim və böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədqu­luzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamış­dır. Bu, təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, ictimai həyatımızda da böyük xidmətdir”. Dəyərli alimlərimiz­dən Abbas Zamanov, Qulam Məmmədli, Mir Cəlal Paşayev, Turan Həsənzadə bir çox elmi məqalələrini Mirzə Cəlilə həsr etmişlər. Mirzə Cəlili oxuya-oxuya, özü də bu məktəbin davamçısı olmuş Mir Cəlal Paşayev ədibin yaradıcılığına 20 böyük elmi məqalə həsr edib. Yazıçı-alim məqalələrinin birində deyir: “Mirzə Cəlil ədəbiyyatımıza “xırda adamları”, onların dərdini, ürək döyüntülərini gətirdi. Xalqın dərdini qələmə almaq – Vətənə, xalqa sonsuz məhəbbətdən doğur”. 

Abbas Zamanov böyük ədib haqqın­da deyib: “Mirzə Cəlil əsərlərini ürəyinin qanı ilə yazırdı”. Unudulmaz Xalq şairi­miz Rəsul Rza şeirlərindən birində onu güzgüyə bənzədib: 

Qoca Şərqin güzgüsü idi Mirzə Cəlil,

Kim baxmadı o həqiqət güzgüsünə?!

Həqiqəti açıq demək asan deyil,

O, bu yolda hər əzaba gərdi sinə.

Cəlil Məmmədquluzadənin irsini tədqiq edərək doktorluq dissertasiyası yaz­mış, ilk dəfə olaraq onun soy şəcərəsini tərtib etmiş, nəslinin Fransa və İrandakı davamçılarını tapmış, 5 il əvvəl Polşada­kı varislərinin Bakıya səfərini təşkil etmiş AMEA-nın prezidenti, akademik İsa Hə­bibbəyli 3 adla tanınan ədibi özünəməx­sus şəkildə xarakterizə edib: “Cəlil Məmmədquluzadə – Molla Nəsrəddin – Mirzə Cəlil ayrı-ayrı tələffüz qaydalarına tabe olan sözlərdir. Lakin onların hamı­sı bir mətləbi dolğun şəkildə ifadə edir: Vətəndaş yazıçı”. 

Qeyd edək ki, 1920-ci ildə Azərbay­canın bolşevik istilasından sonra C.Məm­mədquluzadə Qarabağın Kəhrizli kən­dindən Güney Azərbaycana – Təbrizə köçüb. Böyük çətinliklərdən sonra yerli ziyalıların köməyi ilə "Molla Nəsrəddin"in 8 nömrəsini çıxara bilir. O, "Molla Nəs­rəddin"in Təbriz nömrələrində də özünün tarixi mübarizəsini davam etdirir. Xalqı türkləşmək, islamlaşmaq və müasirləş­mək idealları uğrunda mübarizəyə çağı­rır. Jurnalın Təbriz saylarındakı yazıların əksəriyyətini Cəlil Məmmədquluzadə özü yazır. Onun bu yazıları Təbrizin ədəbi və ictimai həyatında böyük əks-səda yara­dır. "Tüstü" felyetonunda bu dövrdə İran Azərbaycanında hökm sürən ictimai geri­liyi bu cür səciyyələndirirdi: “Hər yan tüs­tüdür, məclislərdə və evlərdə düxaniyyat və məşrubat tüstüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhumat tüstü­sü, ruhda və qəlbdə kəsafət tüstüsü! Xü­lasə, millət tüstü içində boğulmaqdadır və boğula-boğula nicata müntəzirdir”. 

Mühacirətindən ilyarım sonra Azər­baycanda yada düşən ədib Bakıya dəvət olunub. Daha 9 il “Molla Nəsrəddin”i bu­rada nəşr edib. Amma sovet rejiminə rəğ­bəti olmadığı üçün, sovet idarələrindəki qüsurları və ölkənin varidatını Rusiyanın talamasını tənqid etməsinə görə siyasi dairələrin təzyiqlərinə məruz qalır. 1930-cu ildən jurnalın zorla “Mübariz, Allahsız­lar İttifaqının Mərkəzi və Bakı Şurasının orqanı”na çevrilməsi C.Məmmədquluza­dəni daha da sarsıdır. Məhz bunun nəti­cəsi olaraq böyük ədib 1932-ci ilin 4 yan­varında beyninə qan sızması nəticəsində həyatını itirir. 

...C.Məmmədquluzadənin ev-muze­yinin böyük elmi işçisi Yeganə Məmmə­dova yazır ki, Mirzə Cəlil Vətən sevgisin­də doğulmuş bir qəhrəmandır. Bu sevgi onu o qədər ucalara qaldırmışdı ki, o zirvədən hər şeyi olduğu kimi görmüş, eybəcərlikləri ustalıqla qələmə almış, ifşa edə bilmişdir. Milli şüurun oyanışın­da, milli ruhun formalaşmasında Cəlil Məmmədquluzadə və onun “Molla Nəs­rəddin”i əvəzsiz məktəb rolu oynamışdır. Mirzə Cəlil qaranlıqda işıq axtara-axtara bütün ömrü uzunu yol gedir və işığı yal­nız xalqın maariflənməsində görürdü. Təsadüfi deyil ki, bədii ədəbiyyatımızda Azərbaycanın xəritəsi ilk dəfə Mirzə Cəli­lin əsərlərində əks olunmuşdur.

Böyük Mirzə Cəlil milli nəsrimizin şa­hanə əsəri olan “Danabaş kəndinin əhva­latları” povestinin epiqrafında yazmışdı ki, qəlbindən gələn səs ona çox şey öy­rədir: “Haman səs pak və təmiz vicdanın səsidir” Bu gün biz Cəlil Məmmədqulu­zadə irsini ədəbiyyatımızın “pak və təmiz vicdan səsi” sayırıq.

Ölməz əsərləri ilə Azərbaycan xalqını özünüdərkə çağıran Mirzə Cəlil bu gün də bizim böyük müasirimiz olaraq qalır.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət