“Bakı sirkini dünyaya tanıtmaq istəyirik”

post-img

Allahverdi İsrafilov sirk “Oskar”ına layiq görülmüş ilk azər­baycanlıdır. Bu günlərdə Bakıdakı Rus evində sənətkarla təşkil olunan görüşdə də qeyd olunduğu kimi, o, neçə-neçə yaddaqa­lan sirk proqramının təşkilatçısı, Monako, Çin, Fransa, İtaliya və Rusiya Federasiyasında keçirilmiş beynəlxalq festivallarının Qran-pri və digər mükafatların laureatıdır.

Görüşdə Allahverdi İsrafilov Bakı Dövlət Sirkinin yaxın vaxtlar­da tamaşaçılar üçün hazırladığı maraqlı proqramlardan bəhs edib. O, məşhur İsrafilovlar sülaləsinin layiqli təmsilçisidir. Atası və əmi­si Bakı Dövlət Sirkində çalışıblar. Biri heyvanlarla işləyib, digəri isə hava gimnastı olub. Özü isə ilk dəfə 1992-ci ildə – 14 yaşında ikən sirk manejinə çıxıb və Sabir Səmədovun rəhbərlik etdiyi “Azər­baycan cigitləri” atçılıq-akrobatika ansamblında parlaq gələcəyinə inam yaradıb. Kəmərlərdə “Od adamı” adlı solo hava nömrəsi uğurlu alınıb. Sonra sənət karye­rasını Rusiyada davam etdirib və oranın müxtəlif sirklərində işləyib, peşəkarlıq səviyyəsini daha da təkmilləşdirib. Ailə qurduğu həm­karı Qalina Qolovaçeva ilə bir­likdə “Hava adajiosu” adlı heyrə­tamiz hava nömrəsi təqdim edib, bir çox mükafatlara layiq görülüb. Avropa ölkələrində, Yaponiyada, hətta Avstraliyada qastrol səfərləri uğurlu keçib. 

Allahverdi İsrafilovun dedikləri: “Sirk sənətində ustalaşmaq üçün bu sahəni ürəkdən sevməlisən. Təşəbbüskar olmalısan ki, fərqli performans göstərə biləsən. Axı, ən çətin tryuklar tamaşaçıların daha çox alqışını qazanır”. 

Monte-Karloda keçirilən nü­fuzlu Dünya Beynəlxalq Sirk Fes­tivalı ilə bağlı xatirələrini bölüşən sənətkar bildirib ki, oraya Mona­ko şahzadəsi Stefaninin dəvəti ilə Azərbaycan nümayəndəsi kimi gedib. Videokadrlarda Azərbaycan bayrağı da görünür. Allahverdigi­lin nömrəsi “Sən gəlməz oldun” kompozisiyasının sədaları altında hazırlanmışdı. Şahzadə Stefani musiqidən çox təsirlənmişdi, hətta çıxış zamanı mahnını zümzümə edirdi. Həmin festivalda o vaxtkı Roma Papası XVI Benediktlə də görüşüb. Festival çərçivəsində “Ümumdünya Katoliklər Günü” ilə əlaqədar çıxış edəndən sonra onlara pul təqdim edilib. Amma sirk ustası o pulu geri qaytarıb ki, xeyriyyə məqsədilə təşkil olunmuş tədbirdən kommersiya məqsədi güdmək olmaz. Onun bu jesti çox bəyənilib. 

Papa Allahverdinin hansı din­dən olduğunu soruşub. O isə ca­vab verib ki, müsəlmanam və bizim adətimizə görə, Allahla, məscidlə əlaqəli hər hansı iş, təd­bir pulla ölçülmür.

Ulu yaradan da onu hər zaman qoruyub. Deyir ki, gərək bu sənətin əsl fanatı olasan ki, insanları hey­rətləndirmək adına təhlükəli tryuk­ları icra edə biləsən. Çıxış zama­nı yoldaşının əlindən tutduğu bir fotonu göstərib izah edir ki, orada onun əlindən yox, bir barmağından tutaraq, tryuku sona qədər həyata keçirib. Bu isə son dərəcə risklidir. Elə olub ki, bir tamaşada 4 belə nömrə oynayıb. 

Sirk ustasının bir qız övladı var, amma valideynlərinin sənətini davam etdirmir, çünki atası onun da belə təhlükələrlə üzləşməsini istəməyib. Axı, özü dəfələrlə yıxı­lıb, zədələr alıb. Qızı rəssamlıqla məşğuldur. 

Artıq 10 ildir ki, Allahverdi İs­rafilov daha artist kimi çıxış etmir. Böyük arenada son çıxışı Çində keçirilən festivalda olub, çünki istər-istəməz, yaş öz işini görür. “40 yaşında gimnast üçün havada tryuklar etmək çox çətinləşir. Cəhd etsən də, əvvəlki səviyyədə olma­yacaq və illərlə qazandığın adını, nüfuzunu saxlaya bilməyəcəksən. 2014-cü ildən “Sirk Triumf” şirkəti­nin həm bədii rəhbəri, həm də baş direktoruyam. Rəhbərliyim altında həm rus, həm də xarici artistlə­rin iştirak etdiyi 50-dən artıq sirk proqramı hazırlanıb və indiyə kimi dünyanın bir çox ölkələrinə qastrol səfərlərimiz olur”.

Azərbaycan sirkinin böyük tarixi olduğunu söyləyən sənət­kar imkan düşən kimi vətənə gəl­məyə can atır. Burada bacısı, di­gər qohumları yaşayırlar. Elə olur ki, bəzən 1 ayda 3 dəfə, bəzən də 3 ildə 1 dəfə Bakıya gəlir. Döv­lət sirkinə əlindən gələn köməkliyi göstərməkdən məmnundur. Ar­tıq paytaxtımızda bir neçə proq­ram işləyib. Uzun illərdən sonra ilk dəfə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə birlikdə Qarabağ at­ları ilə vətənpərvər ruhlu proqram yaradıb. Hazırda milli koloritdən istifadə etməklə, xaricdə ölkəmizi layiqincə təmsil edəcək nömrələr hazırlanır. Gəncədə ən böyük və daimi sirk şapitosu (sökülüb yığı­lan arena) quraşdırıb. 

Allahverdi İsrafilov çalışır ki, özünün dünya təcrübəsindən is­tifadə edərək Azərbaycanda sirk sahəsində maraqlı işlərə imza atılsın, bu sənətin populyasiyası genişlənsin. Məsələn, Bakıda sirk studiyası yaradılmasını və dünya­ya çıxaracaq səviyyədə sirk kol­lektivinin, daha peşəkar truppanın formalaşmasını istəyir.

Ə.ƏLİYEV
XQ



Mədəniyyət