Turan sevdası ilə yaşayan şair

post-img

Metronun “20 Yanvar” stansiyasındakı izdihamın arasından ucaboylu, ziyalı görkəmli bir nəfər uzaqdan diqqətimi çəkdi. Əvvəl onu Oljas Suleymenova bənzətdim. Bir qədər yaxınlaşanda gördüm ki, qazax xalqının böyük oğlu “Oljas əkə” deyil, şair Elxan Zal Qaraxanlıdır. 

Stansiyanın adı mənə xatırlatdı ki, öz “Az i Ya”sı ilə ruslara öz dillərində tarix dərsi keçən, 1990-cı ilin qanlı 20 Yanvar günlə­rində bütün təzyiqləri və zərbələri gözaltına alıb, Azərbaycanın haqq səsini dünyaya çat­dırmaq amacı ilə Bakıya gələn, informasiya blokadasının yarılmasında misilsiz xidmət göstərən, “Başını dik tut, Bakı. Bizim kö­kümüz, qanımız, canımız birdir” mesajı ilə xalqımıza böyük təskinlik verən məhz bö­yük qazax şairi Oljas Süleymenov olub. Ona bənzətdiyim Elxan bəy isə qazax ədəbiyyatı­na sıx bağlı olan, inişilin yanvarında gərgin günlər keçirən qardaş xalqa can yanğısı ifadə edən – necə deyərlər, fədakar dostumuzun mənəvi dəstəyinin əvəzini qaytaran ziyalıla­rımızdandır.

Eyni vaqona mindik və mən yaxınlaşıb “Salam, necəsiniz?” deyərək onunla əl tut­dum. Gülümsünərək “Sağ ol!” dedi və mobil telefonuna baxmağa başladı. Hiss etdim ki, deyəsən, içində “itdiyim” qalın gödəkçəmə, şərfimə, papağıma görə məni tanımadı. Mən də telefonumu çıxarıb “Google”də onu ax­tardım. Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri, turan sevdalısı olan şairlə bağlı yaddaşımı təzələdim. Şəkillərindən də bir daha gördüm ki, doğrudan da, Oljas Sü­leymenova bənzər cizgilərdən xali deyil. Özü də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə”si ilə bərabər, Qa­zaxıstanın ədəbiyyat üzrə beynəlxalq “Alaş” mükafatının da laureatıdır.

“28 May”da birlikdə vaqonu tərk edib digər xəttə keçəndə məni yenə “görmədi”. “İçərişəhər”ə gedən qatara mindik. Fikirli göründüyünə görə daha ona yaxınlaşmadım. “Sahil”də eskalatorla yuxarı qalxanda mən­dən ikicə pillə qabaqda idi. Havaya çıxanda yenə də telefonla məşğul idi. Yolu lap yanaşı adladıq. Elxan bəy Xaqani küçəsinə (güman ki, AYB-yə gedirdi), mənsə Bülbül prospek­tinə (“Xalq qəzeti”nə) döndüyümüz üçün yollarımız ayrıldı. Bəlkə də, o, xəyal qanad­larında Doğudan Batıya, Batıdan Doğuya gedirdi... 

İş otağımda kompüterin arxasında otu­randa yadıma düşdü ki, Sumqayıtda, 2017-də, 60 illik yubileyimdə Elxan Zal Qaraxanlı da iştirak edib. Üstəlik, mənə Beynəlxalq Mahmud Kaşğari Fondunun diplomunu da verib. İndi tanımasa da, eybi yoxdur. Axı, elə ona məxsus olan bir fikir də var: “Gedirik, yolların sonuna doğru gedirik. Sonucda əbədi bir el gözləyir bizi. Tanrı işığıyla aydınlanan əbədi bir el. Ulu Turan eli, ölməz sevdamız!” 

Mahmud Kaşğari lüğətindən bizə bəlli poetik biçimdə və üslubdakı bu misralar da onundur: 

Öcümüz var acunda,

Uğur gəzdik hucumda,

Yolların sonucunda,

Kamını bulan bizik.

Yağışlı (bəlkə də buna görə duyğulu) bir gündə təsadüfi görüşün mənə söylərdiklərinə son əlavəm: Elxan Zal Qaraxanlı “Tarqovı peyzajı”, “Türk əsrinin türküləri” kimi ədəbi mühit üçün hər biri hadisə sayılacaq şeir ki­tablarının, “Polonez”, “Savaş ayələri”, “Bö­yük Çölün şeirləri” kimi silsilə şeirlərin, rus, qazax, alman, serb, makedon, fransız, Ukray­na və Pakistan poeziyasından ciddi və peşə­kar tərcümələrin, həmçinin hər biri xalqımı­zın və cəmiyyətimizin, eləcə də ədəbiyyatın problemlərindən bəhs edən yüzlərlə qiymətli publisistik yazıların müəllifidir. 

Deyəsən, Elxan bəyin hələlik sonuncu olan kitabı “Ordu günü”dür. Publisistikası, poema və şeirləri ilə Qarabağ zəfərimizi, bu zəfəri öncədən görən ulu öndərin ruhunu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsini, Türkiyə Pre­zidenti Rəcəb Tayyib Ərdoğanın mənəvi və siyasi dəstəyini parlaq vəsf edib. Eyni za­manda, başqa türk xalqlarını – Mete xandan Qazaxıstanın sabiq lideri Nursultan Nazar­bayevə qədər türk böyüklərini özünəməxsus şəkildə dəyərləndirib, turan dünyasına sevgi­sini çox məhrəm hisslərlə ifadə edib. 

Sonda üzümü “Oljas əkə”nin bənzərinə tutub deyirəm ki, gəl, bir də tanış olaq: 

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət