Milli-mənəvi dəyərlərə XXI əsr himayədarlığı

post-img

Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki nitqində yeni əsrin əvvəllərindən xalqın dəstəyi ilə ölkəyə rəhbərlik etdiyi illər ərzində həyatımızın bütün sahələrində olduğu kimi, mədəniyyət siyasətinin də uğurları vurğulanıb.

Dünya şöhrətli görkəmli qırğız yazıçısı Çingiz Aytmatov hələ 20 il əvvəl “İlham Əliyev XXI əsrin lider etalonudur”, – döv­lət başçımızın yüksək idarəetmə məharətini yüksək dəyərləndirib. Bu baxımdan istər ötən illər, istərsə də 2024-cü il fevralın 7-də növ­bədənkənar prezident seçkiləri zamanı Azər­baycan xalqının dünyaya nümayiş etdirdiyi birlik və mütəşəkkillik qalib liderə bəslənilən möhkəm inamın canlı təntənəsi oldu.

Təntənəli andiçmə mərasimində indi ar­tıq dövlət idarəetməsində yeni dövrün baş­landığını vurğulayan cənab İlham Əliyev Azərbaycanın son illərdə bütövləşmiş bir­lik nümayiş etdirdiyini, gənclərin yetişdiyi ailələrin sağlam olduğunu, ənənələr, milli dəyərlər üzərində qurulduğunu diqqətə çat­dırıb. “Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim cid­di problemlərimiz olacaq. Ona görə gənclə­rimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaq-arası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşı­sında durur və dövlət qarşısında durur”. 

Prezidentin qeyd etdiyi kimi, azərbaycan­çılıq ideologiyası, milli məfkurə prinsipləri ölkəmizdə çoxdan bərqərar olub. Ulu öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli mi­raslardan biri də məhz azərbaycançılıq məf­kurəsidir. Biz bu meyilləri daha da gücləndi­ririk. Azərbaycanı Vətən sayan bütün xalqlar burada vahid, mehriban ailə kimi yaşayırlar. Bədxahlarımızın birliyimizi pozmaq cəhdləri baş tutmayıb və heç vaxt da baş tutmayacaq. 

Sonra Türk birliyindən danışan dövlət başçısı bildirib ki, bizi haradasa qəbul etmək istəməyənlərə baş əyən deyilik. “Bizim ailə­miz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri­miz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğ­rafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəq­liyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bun­dan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Nitqində İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında Azərbaycanın fəal iştirakını diqqətə çatdıran Prezident bu mötəbər beynəlxalq təsisatlarda bizim təşəb­büslərimizin qəbul edilməsinin və dəstəklən­məsinin xüsusi məna daşıdığını vurğulayıb.

Nəhayət, Azərbaycan–Ermənistan müna­sibətlərinə toxunan dövlət başçısı deyib ki, Ermənistanın havadarları daim bu məsələ­ni müzakirə etmək, öz səylərini göstərmək, yəni, yorğanı öz tərəflərinə çəkmək istəyirlər. “Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll et­mişik. Ermənistanla sülh müqaviləsinin im­zalanmasının da təşəbbüskarı biz olmuşuq... İndi Ermənistan beynəlxalq hüququn nor­malarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqa­vilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək... Biz öz məsələ­mizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdə­yik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidə­yik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək”. 

Bəli, biz fevralın 7-də qarşıdakı dövr ər­zində də ölkəmizə mədəniyyət və incəsənə­timizin böyük himayədarı İlham Əliyevin rəhbərlik etməsinə hamılıqla səs verdik. Qə­dirbilən xalqımız onun firavan həyatını təmin edən, Qarabağ zəfəri ilə milli qürurunu qay­taran xidmətlərini layiq olduğu səviyyədə, yüksək qiymətləndirdi. 

Seçkilərdən sonra Türk Dövlətləri Təş­kilatından, Azərbaycan Yazıçılar Birliyi adından və digər yaradıcılıq qurumlarından Prezidentə ünvanlanan təbrik məktublarında da inam ifadə olundu ki, başlanan bu fərqli tərəqqi mərhələsi Azərbaycanda mədəniy­yətin daha da inkişafına yeni təkan verəcək. Ölkə ziyalıları müdrik siyasi-dövlətçilik xət­tini bundan sonra da əzmlə dəstəkləyəcək, milli-mənəvi dəyərlərin qorunması və təbliği naminə bütün istedad və bacarıqlarını səfər­bər edəcəklər.

Əli DOSTƏLİ
XQ

Mədəniyyət