Qədim türk yurdu – Azərbaycanın ayrılmaz hissəsi

post-img

Naxçıvan Muxtar Respublikası – 100

Qazanılmış uğurda Azərbaycan diplomatiyasının da böyük rolu var idi. Naxçıvan məsələsinin həllindəki roluna görə, Nəriman Nərimanov Moskva danışıqlarına ezam edilmiş Azərbaycan nümayəndəsi B.Şahtaxtinskiyə yazırdı: “Naxçıvana görə çox sağ ol! Görürsən, sən artıq işin içinə girmisən və işi düzgün aparırsan. Bu, məni sevindirir”.

(Əvvəli https://xalqqazeti.az/az/siyaset/164787-qedim-turk-yurdu-azerbaycanin-ayrilmaz

https://xalqqazeti.az/az/siyaset/164900-qedim-turk-yurdu-azerbaycanin-ayrilmaz

https://xalqqazeti.az/az/siyaset/165219-qedim-turk-yurdu-azerbaycanin-ayrilmaz)

Qars müqaviləsi və Naxçıvan

Naxçıvanın Azərbaycanın protekto­ratlığına verilməsindən Sovet Rusiyası və bu prosesdə iştirak edən nümayən­dələri peşman olmuşdular. B.Leqran G.Çiçerinə yazırdı ki, Naxçıvanda Azər­baycanın protektoratlığının tanınması tamamilə arzuedilməz nəticələrə gətirib çıxaracaq.

Moskva müqaviləsindən sonra türk diplomatiyasının əsas məqsədlərindən biri Türkiyə hökuməti ilə Cənubi Qafqaz respublikaları arasında ayrı-ayrılıqda müstəqil müqavilə bağlamaq idi. Sovet Rusiyası isə Cənubi Qafqaz respubli­kalarından tələb edirdi ki, onlar Türkiyə ilə belə müqavilə bağlamasınlar. Rusiya Cənubi Qafqaz Respublikalarını Türkiyə ilə vahid müqavilə bağlamağa məcbur edirdi. Cənubi Qafqaz respublikaları da Rusiyanın mövqeyini müdafiə edirdilər.

Türkiyə ilə Cənubi Qafqaz respubli­kaları arasında ərazi-sərhəd məsələlərini və münasibətlərin tənzimlənməsi üçün Qars şəhərində konfrans keçirilməsi ra­zılaşdırıldı. AK (b)P MK-nın bürosu Tür­kiyə ilə müqavilə bağlanması üçün Azər­baycan nümayəndə heyətinə rəhbərliyi B.Şahtaxtinskiyə (1921) son günlərində 13 nəfərlik heyət Qars konfransında işti­rak etmək üçün Tiflisə yola düşdü. 

B.Şahtaxtinski Azərbaycan xalq fəh­lə-kəndli nəzarəti komissarı ilə yanaşı, həm də Naxçıvan İnqilab Komitəsinin sədri idi. Naxçıvanın maraqlarını konf­ransda müdafiə etmək üçün SSR-in Xalq Komissarları Soveti Tağı Səfiyevi Qarsa ezam etmişdi. RK(b)P MK-nın Qafqaz bürosu Naxçıvanın idarə olumasına müxtəlif yollarla müdaxilə edirdi. Bun­ları nəzərə alan Azərbaycan rəhbərliyi B.Şahtaxtinskini hələ Qars konfransının gedişində Naxçıvan XKS-in sədri seç­mişdi və hökumətin tərkibi yeni kadrlarla möhkəmləndirilmişdi.

Qars konfransı 26 sentyabr – 13 ok­tyabr 1921-ci ildə keçirildi. Türkiyə tərə­finə Kazım Qarabəkir paşa, Rusiyaya Yakov Qanetski, Ermənistana Aşkanaz Mravyan, Gürcüstan tərəfinə isə Şalva Eliava rəhbərlik edirdi. Konfrans Qars şəhərindəki Ordu küçəsində xüsusi ayrıl­mış binada keçirildi. Türkiyə heyəti çalı­şırdı ki, Cənubi Qafqaz respublikaları ilə ayrı-ayrılıqda müqavilə bağlasın, lakin Rusiya nümayəndəsi buna qarşı çıxdı. Konfransda tərəflər arasında siyasi, iq­tisadi və mədəni xarakterli müraciətlər aparıldı.

Konfrans zamanı Azərbaycana aid ən mühüm məsələlərdən biri Naxçıvan­la bağlı idi. B.Şahtaxtinski konfransda Naxçıvan haqqında məlumat verdi. Nax­çıvan məsələsi hüquqi cəhətdən Qars müqaviləsində bu redaktədə verildi: “Tür­kiyə hökuməti, Azərbaycan və Ermənis­tan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın hi­mayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”. 

Məsələnin belə qəbul edilməsi Ermə­nistanı Naxçıvan vilayətinin Azərbaycan ərazisi olduğunu tanıyır və müqaviləni imzalamaqla öz üzərinə siyasi-hüquqi öhdəlik götürmüş olurdu. Lakin bu hal­da Moskva müqaviləsindən fərqli olaraq, Azərbaycanın Naxçıvanı “heç bir üçüncü dövlətə güzəştə getməməsi” sənəddə yer almırdı. Lakin müqavilənin 5-ci mad­dəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflərin müəyyən edilmə­sidir. Bunlar Türkiyə, Azərbaycan və Er­mənistan hökumətləri idi.

Naxçıvan bölgəsinin sahəsi Moskva müqaviləsindəki ilə müqayisədə azal­dılmışdı. Bunun nəticəsində Naxçıvanın qərb sərhədləri kiçilmiş, Dəvəli və Araz­dəyən Ermənistana verilmişdi. Ümu­miyyətlə, Naxçıvanın sərhədi Urmiya kəndindən başlayıb Naxçıvan qəzasının şərq inzibati sərhədində qurtarırdı. Qars müqaviləsi ilə sahəsi 5 min 753 kvadrat­kilometr oldu.

Qars müqaviləsinin əhəmiyyətli tərəf­lərindən biri onun müddətsiz imzalan­ması idi. Ümummilli lider Heydər Əliyev beynəlxalq Qars müqaviləsinin tarixdəki yerini və rolunu yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçı­vanın bütövlüyünü, təhlükəsizliyini, döv­lətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəd­dir”.

Moskva və Qars müqavilələrinə görə, Türkiyənin Naxçıvanın statusunda tərəf ölkə kimi müəyyənləşməsi göstərmişdir ki, ermənilər üçün daha bir iş qalmamış­dır.

Naxçıvanın yeni idarəçilik sistemi

Beynəlxalq müqavilələrə aid keçirilən konfranslar dövründə Ermənistan bütün vasitələrdən istifadə edirdi ki, Naxçıvan bölgəsini ələ keçirsin. Hələ 1921-ci ilin yanvarında B.Şahtaxtinski Naxçıvanın fövqəladə komissarı təyin edildi. May ayında isə Əlicabbar İsmayılov partiya və sovet işlərində fövqəladə müvəkkil kimi Naxçıvana ezam edildi. Bu vaxt Naxçı­vanda yaranmış mürəkkəb vəziyyətlə əlaqədar D.Bünyatzadə və Ə.Qarayev də Naxçıvana göndərildi. Dekabrın 22-də isə Azərbaycan K (b)P MK-nın siyasi və təşkilat bürosunun qərarı ilə Naxçıvan vi­layət partiya komitəsi yaradıldı.

1921-ci ilin sentyabrında Naxçıvan SSR Xalq Komissarları Soveti təşkil edil­di. Həmin ilin sonlarında sovetlərə seç­kilər keçirildi, inqilab komitələri və yoxsul komitələri ləğv edildi. 1922-ci il yanvarın 25-də Naxçıvan SSR-in birinci Sovet­lər qurultayı keçirildi. Qurultay diyarda sovet, təsərrüfat və mədəni quruculuğa dair mühüm qərarlar qəbul etdi. Qurultay Ölkə İnqilab Komitəsini ləğv edib Naxçı­van SSR Mərkəzi İcraiyyə Komitəsi və Naxçıvan SSR Xalq Komissarları Soveti yaratdı.

Naxçıvan 1921-ci ildən Azərbaycanın muxtar qurumu kimi idarə olunurdusa da, 30-cu illərin ortalarına qədər rəsmi sənədlərdə Naxçıvan SSR adlandırıl­mışdır. 1922-ci il dekabrın 12-də keçi­rilən Zaqafqaziya Sovetlər Qurultayının Naxçıvanla bağlı qərarında göstərildi ki, “Naxçıvan Respublikası muxtariyyət hüququ ilə Azərbaycanın ayrılmaz tər­kib hissəsi hesab edilsin”. Aradan bir ay keçməmiş – 1923-cü il yanvarın 18-də RK (b)P Zaqafqaziya Ölkə Komitəsi təklif etdi ki, Naxçıvan muxtar vilayətə, Naxçı­van XKS və Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi isə Naxçıvan Ölkəsinin İcraiyyə Komitəsinə çevrilsin.

1923-cü ilin fevral ayının 27-də III Ümumnaxçıvan Sovetlər Qurultayı Nax­çıvan Respublikasını Naxçıvan ölkəsinə çevirdi və Naxçıvan Ölkə İcraiyyə Ko­mitəsini seçdi. İyunun 16-da keçirilən Azərbaycan Mərkəzi İcraiyyə Komitə­sinin üçüncü sessiyası bu qərarı təsdiq etdi.

Naxçıvan Muxtar Respublikası

Naxçıvanın statusunda Naxçıvan Muxtar Respublikasının təşkili dəyişik­liklərinin edilməsi Türkiyəni ciddi narahat edirdi. Ona görə də Türkiyə hökuməti Sovet hökumətinə etiraz etdi. Etiraz qə­bul olundu. Nəticədə, 1923-cü il dekabrın 11-də Azərbaycan K (b)P MK Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Ölkəsi Nax­çıvan Respublikasına çevrildi. 

Buna müvafiq olaraq Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin I plenu­munun iclası 1924-cü il yanvarın 18-də ölkənin Naxçıvan MSSR-ə çevrilmə­si məsələsini müzakirə etdi. Naxçıvan MSSR MİK, XKS və 5 nazirlik yaradıldı. Naxçıvan MSSR inzibati cəhətdən Şərur, Ordubad və Naxçıvan qəzalarına bölün­dü. MİK-in Rəyasət Heyəti seçildi. B.Ta­lıblı sədr seçildi. 1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan ölkəsini Naxçıvan SSR-yə çe­virmək haqqında qərar qəbul etdi. 

Beləliklə, Naxçıvanla bağlı qəti qərar qəbul edildi. 1924-cü ilin aprelində Nax­çıvan MSSR-in Əsasnaməsi, 1926-cı ilin aprelində isə Naxçıvan Respublikasının Konstitusiyası qəbul edildi. Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət sta­tusunun verilməsi və Naxçıvan Muxtar Respublikasının təşkili onun özünəməx­sus coğrafi mövqeyi və Azərbaycandan ayrı düşməsi ilə bağlı idi.

Muxtariyyətin ilk illərindən başlayaraq Naxçıvana erməni-bolşevik həmlələri in­tensiv xarakter almış, Ulu öndər Heydər Əliyevin dediyi kimi “Naxçıvanın hüquq­larını tam məhdudlaşdırmaq” xətti tutul­muş, Naxçıvanın tarixi torpaqları hesa­bına Ermənistan ərazisinin süni surətdə artırılması siyasəti yeridilmişdir.

Ermənilərin Naxçıvana növbəti iddiaları

Moskva və Qars müqavilələrinin ay­rı-ayrı maddələri Ermənistanda birmənalı qəbul edilmədi. Xüsusilə, Qars müqa­viləsinin nəticələrindən narazı qalan və onun ermənilər üçün xeyirsiz olmasından şikayətlənən müəyyən qüvvələr müxtəlif yollar axtarmağa başladılar. 1921-ci ilin iyununda Millətlər Liqası Cəmiyyətlərinin Cenevrədə keçirilən qurultayında öz xe­yirlərinə qətnamə qəbul etdirdilər.

Ermənilər Moskva və Qars bey­nəlxalq müqavilələrinə məhəl qoyma­yaraq Azərbaycana və onun Naxçıvan bölgəsinə dair ərazi iddialarını yenə də irəli sürürdülər: “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz”. Bu bey­nəlxalq müqavilələr müddətsiz bağlansa da, ermənilər tərəfindən dəfələrlə onların qüvvədən salınmasına cəhdlər edilmişdi. 1989-cu ilin noyabrında daşnak partiya­sının Yerevanda keçirdiyi qurultayında bu müqavilələrə yenidən baxılması, hətta onların ləğvi tələb olunmuşdu.

Ermənistan, daşnaklar Rusiyanın bəzi qüvvələrini, Rusiya Dövlət Duması­nın bir neçə deputatını bu prosesə cəlb etməklə Moskva müqaviləsinin ləğvinə çalışır, bununla əlaqədar Rusiya prezi­denti və xarici işlər nazirinə müraciət et­mişdilər. Bu müqavilələr pozularsa (bu, qeyri-mümkündür). Azərbaycan Naxçı­vanın təhlükəsizliyi ilə bağlı Türkiyə ilə ikitərəfli qarantiya müqaviləsi bağlaya bilər. Moskva müqaviləsi ötən müddət ər­zində özünün siyasi və tarixi aktuallığını itirməyib, bu müqavilənin ləğvi mümkün deyil. 

Qars müqaviləsi ilə Cənubi Qafqaz respublikalarının sərhədləri dəqiqləşsə də, Ermənistan Naxçıvana qarşı torpaq iddialarını səsləndirməkdədir. “Qars” beynəlxalq miqyasda təsdiq olunmuş müqavilədir. Bu müqavilə ləğv olunarsa, bu, ermənilər üçün acınacaqlı vəziyyət yaradar. Onda Türkiyə Gümrü müqavilə­sinə istinad edəcək. Rəsmi Moskvanın isə Qars müqaviləsindən imtina etmək və ya bu məsələyə yenidən baxmaq fikri yoxdur.

Ermənistan 90-cı illərin əvvəllərin­də Naxçıvana hücum etdiyi dövrdə Ulu öndər Heydər Əliyev Qars müqaviləsini Türkiyə gündəminə gətirdi, Ermənistanın təcavüzkar mövqeyi ifşa edildi. 57 dövlət Ermənistanın təcavüzkarlığını pislədi, NATO isə bu barədə xüsusi bəyanat ver­di.

Moskva və Qars müqavilələrinin 100 illiyi dövründə də Ermənistanın təşəb­büsləri heç bir nəticə vermədi. Bu müqa­vilələri Ermənistan dəfələrlə pozmuşdur. Belə ki, müqavilələrdən sonra Dərələyəz əhalisinin qaçqın olmasından istifadə edərək həmin əraziləri Ermənistana bir­ləşdirib. 1924-cü ildə rus kartoqrafı Rıba­kovun işlədiyi xəritədə “Həsənqulu bağı” Naxçıvan ərazisi kimi göstərilib. 1929-cu il xəritəsində isə bu ərazi Ermənistan əra­zisi kimi verilib.

Zaqafqaziya MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Nax­çıvan diyarının 657 kv. km sahəsi Ermə­nistana verilmişdir. 1929-1931-ci illərdə Aldərə, Lehvaz, Astazur, Nüvədi və b. Ermənistana verilməsi nəticəsində Meh­ri rayonu yaradıldı. 1938-ci ildə Sədərək və Kərki kəndlərinin ətrafındakı torpaqlar itirildi. 80-ci illərin ortalarında Ordubad rayonunun Kotam və Kilit kəndləri tor­paqlarının bir hissəsi Ermənistana bağış­landı, 1991-ci ilin yanvarında Kərki kəndi ermənilər tərəfindən işğal olundu. 

Qeyd etməliyik ki, Ermənistan Res­publikası 9 min kv. km ərazidə yaradılıb, sonradan onun ərazisi Azərbaycan tor­paqları hesabına 29,8 min kv. km-ə çatıb. Bütün bunlarla kifayətlənməyən ermə­nilər yeni ərazilər işğal etmək arzusu ilə yaşayırlar. Lakin II Qarabağ müharibəsi və lokal antiterror əməliyyatı erməni xül­yalarına son qoydu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi.

(ardı var)

İsmayıl HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri, akademik



Siyasət