Azərbaycanın “yaşıl enerji” poliqonu

post-img

Naxçıvanda enerjinin 32 faizi alternativ mənbələrdən alınır

2014-cü ildən başlayaraq dün­yada alternativ və bərpaolunan enerji istehsalı 2 dəfədən çox ar­tıb. “Yaşıl enerji”dən istifadənin aktuallığının sürətlə artdığı bir dövrdə ölkəmizdə də bu sahənin inkişafı ilə bağlı konkret hədəflər müəyyənləşdirilib. Naxçıvan Mux­tar Respublikası son illərdə bu sahədə önəmli uğurlar əldə edib.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030”: sosial-iqtisadi inkişa­fa dair Milli Prioritetlər”də respublikamız­da “yaşıl enerji” istehsalının genişləndiril­məsi mühüm yer tutur. Ölkəmizin ümumi enerji istehsalında hədəfi bərpaolunan enerji payının 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.

Təbii ki, ümumölkə konteksində bax­dıqda, respublikanın iqtisadi rayonları içərisində Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanın da zəngin alternativ və bərpaolunan enerji mənbələri diqqət çəkir. Çünki muxtar respublikanın yerləş­diyi əlverişli coğrafi mövqe və iqlim şəraiti imkan verir ki, ekoloji cəhətdən təmiz və bərpaolunan alternativ enerji mənbələ­rindən geniş istifadə edilsin. Bu sırada isə günəş enerjisindən istifadə imkanları daha çox ön plana çıxır. 

Aparılan hesablamalara görə, muxtar respublika ərazisində günəşli saatların ortaillik miqdarının 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi 0,8-1,2 kilovatsaat təşkil edir. Bu isə soyuq fəsillərdə belə günəş ener­jisindən istifadə etmək imkanlarını ortaya qoyur. 

Təsadüfi deyil ki, Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə Naxçıvanın “yaşıl enerji” üçün zəngin potensiala malik ol­duğunu vurğulayıb. Hətta dövlət başçısı sonuncu dəfə Naxçıvanda Türkiyə Res­publikasının Prezidenti ilə görüşündə də bu məsələyə diqqət çəkərək bildirib: “Naxçıvanın qazı, nefti olmasa da, günə­şi var və Naxçıvanda günəş elektrik stan­siyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşər­sə, Naxçıvan “yaşıl enerji” zonasına çev­rilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiya­larının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə, ən azı, 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır”. 

Son illərdə muxtar respublikada haqqında bəhs olunan enerji mənbələrin­dən təmiz enerji istehsalı məqsədi ilə bir sıra addımlar atılıb. Xüsusilə yeni Günəş və külək elektrik stansiyalarının tikilib is­tifadəyə verilməsi muxtar respublikada istehsal edilən ümumi enerjidə bərpaolu­nan enerjinin payını artırıb. 

Naxçıvan Muxtar Respublikası Döv­lət Energetika Xidmətindən verilən mə­lumata görə, 2023-cü il ərzində muxtar respublikanın elektrik stansiyalarında 474,6 milyon kilovat saat elektrik enerji­si istehsal edilib sistemə ötürülüb ki, bu enerjinin 94,4 milyon kilovat saatı və ya 19,89 faizi su elektrik stansiyalarında, 319,7 milyon kilovat saatı və ya 67,36 fa­izi istilik elektrik stansiyalarında, 60,5 mil­yon kilovat saatı və ya 12,75 faizi günəş elektrik stansiyalarında istehsal olunub. 

Eyni zamanda, 2023-cü ilin 12 ayı ərzində alternativ və bərpaolunan enerji mənbələrində 154,9 milyin kilovat saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 32,64 faizini təşkil edir. Ümumilikdə isə ötən il muxtar respublikadakı elektrik stansiyalarının ümumi generasiya gücü 244,8 meqava­ta, Günəş Elektrik stansiyalarının ümu­mi gücü 39 meqavata, illik istehsal gücü 58,5 milyon kilovatsaata çatdırılıb. 

Xatırladaq ki, hazırda muxtar respub­likanın alternativ və bərpaolunan enerji potensialından istifadə ilə bağlı konkret dövlət sənədi mövcuddur. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi in­kişafına dair 2023-2027-ci illər üçün Döv­lət Proqramı”nda 11 prioritet istiqamətin biri, məhz elektrik enerjisi istehsalının və ixracının artırılmasıdır. 

Yaxın gələcəkdə isə proqram üzrə Naxçıvan Muxtar Respublikasının enerji sisteminin Avropa Elektrik Ötürmə Sis­temləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulması da diyarın alternativ və bərpaolunan enerji istehsalı və ixracı potensialını artıracaq. 

Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan

Sosial həyat