“Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” başa çatıb

post-img

Yanvarın 28-də Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” yekunlaşıb. Bir həftə davam edən və böyük maraq göstərilən festivala 1500 nəfərədək iştirakçı qatılıb. Festival ərzində qədim Çin çay mərasimi, kalliqrafiya, uşu və s. üzrə bir-birindən maraqlı ustad dərsləri, ənənəvi bayram atributları iştirakçılara əsl Çin Yeni ili ab-havası yaşadıb. Silsilə tədbirlərdə ecazkar ölkənin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri ilə yanaşı, muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən əjdaha naxışlı xalçanın toxunması və bu mövzuya aid digər ustad dərsləri keçirilib. Azərbaycan xalçalarındakı əjdahalara həsr olunmuş kölgə teatr tamaşası göstərilib. 

“Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə olub. 

 Konfutsi İnstitutunun Çin şöbəsinin direktoru Ki Çi Xua XQ-ya müsahibəsində Azərbaycan və Çin arasında olan əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini deyib. Bildirib ki, Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Çin Yeni ili – qış gündönümündən sonra ayın təzə çıxdığı 2-ci gündür. Yanvarın üçüncü ongünlüyündən fevralın ikinci ongünlüyünə qədərki günlərdə qeyd olunur. Sinxay inqilabından sonra (1911-ci il) Çində yeni tarix hesabı tətbiq olunmağa başlanmışdır. Yeni üsulla Yeni ili fərqləndirmək üçün Ay təqvimi ilə Bahar bayramı adlandırılmışdır. Bu bayram imperator U-dinin vaxtından (e.ə. 140–86-cı illər) yeni ilin başlanğıcı sayılır. Burada qədim tarixə malik Əjdahalar rəqsi  eramızın VII əsrindən bayram mərasimlərinə daxil edilib. Əjdaha rəqsində insanların bu qüdrətli məxluq qarşısında ehtiramı və ondan küləyin qarşısını almaq,  torpağa bol məhsul götürmək üçün yağış göndərməsi xahiş olunur.  

Fidan

XQ

 









Mədəniyyət