“Səsindən asılım, ay qara zurna!...”

post-img

Qərbi Azərbaycanın Loru mahalının Dəmirçilər kəndindən didərgin düşən Mahmud Məhəmməd oğlu ən yaxşı qara zurna ifaçısı kimi Borçalı çökəyində toylarda həmişə başa çəkilərdi. Ötən əsrin son illərində rəhmətlik Mahmud kişi ilə görüşüb söhbət edəndə ömrünün 85-ci qışını yaşayırdı. Bir neçə il sonra eşitdim ki, ömrünü nəvə-nəticələrinə tapşırıb, haqq dünyasına köçüb. Amma onun nisgilli səsi, sözü-söhbəti yaddaşıma, qəlbimə hopub... 

Onun bu dediklərini olduğu kimi xatır­layıram: “A bajıoğlu, indi ki, bunları yazır­san, bir xeyri olajaxmı? Ata – bava yurd­larımızı qayıtmağımızı deyirəm, dana!... Belə də qiyamat olarmı ki? Bir çətən oğul – uşaq, nəvə-nəticə var, hərəmiz bir yana pələsəng olmuşuq. Bax, 12 uşaq özümün olub, 20-dən çox nəvəm, 20-yə yaxın nə­ticəm var. Qızımın oğlu da Qarabağda şəhid oldu”.

Öz eli-obası olanda dünya gözəl idi. Uşaq vaxtından öyrənmişdi qara zurnada çalmağı. Ustadı hamamlı Alı olub. Anası­nın dayısı Qurban, dayısının oğlu Xalıl da zurnaçıymış. Xalıl öləndə arvadına və­siyyət edibmiş ki, olmaya-olmaya, zurna­larımı satasan, ha! Mahmuda bağışlayar­san. Mahmud qara zurnada dərdlərimizi gözəl dilləndirir.

Mahmud da ki, doğrudan da, qara zurnayla sənətinin üzünü yaxşıca ağ elə­yirdi. Göyçədə, Borçalıda neçə-neçə toy yola salmışdı. Kəndlərin adını sayıb qur­tara bilmrdi: Çuvuxlu, Saral, Qursalı, Sö­yüdlü, Soyuqbulaq, Qalağala, Qaraisəli, Cücəkənd... İndi ermənilərin yaşadığı o kəndləri yada salanda ürəyinin başı göy­nəyirdi. Yatırdı, yuxuda Uzun talanı, Kö­tüklünü, Kələşoğlunun talasını görürdü. İndi nə özü qalır, nə də o kəndlərdə onun­la “qan eləyən” sənət yoldaşları – dəm tu­tan Omar, toy çalan İsabala... 

Mahmud kişi qara zurnanın necə hazırlanıb ərsəyə gətirilməsindən, bu qədim musiqi alətində çalınan havacat­lardan sevgi ilə söhbətlər açırdı. Deyirdi ki, qara zurnanınkı yalnız ərik ağacıdır. Əsas sümükləri oynadan zil zurna ərik­dən düzəldilir. Yanındakı zurna pəsdən züy tutur. Cürə, bəm, karxana zurnalar da var. Bir zurnanın ömrü 40–50 il olur. Zurnada cəmi 9 oyuq var – 8-i öndə, 1-i arxada olur. Yuxarıdan 3-ü zil, aşağıda, ortada pəs, lap aşağıdakılar karxana ad­lanır. Karxanada züyçü tərəfindən bütün barmaqlar basılır. Gövdəsi boyu həlqələr salınıb, çalındıqca sulanıb şişir ki, dağıl­masın. Yuxarı qurtaracağında beçə pərdə bənd edilib. Ondan sonra mil, milin başın­da qamış olur. Zurna oyma şəklində düzə­lir. Onun rəngini kirəclə qaraldırlar. Ona görə də adına qara zurna deyilib.

Dədə-babadan zurnada 70 hava ça­lınıb. Amma artırmasıyla sayı-hesabı yoxdur. “Bağdagülü”, “Uzundərə”, “Yallı”, “Attandırma”, “Cıdırhəngi”, “Cüt bacı”, “Camış bağa girdi”, “Ərəb qızı”, “Ənzəli” və s. Mahnud kişi hamısını ustalıqla ifa edib.

Yaxşı yadımdadır, 1989-cu ilin bir pa­yız günündə qara zurnanın səsi Qaradağ rayonundakı Sahil qəsəbəsini başına götürmüşdü. “Zorxana” havasının yelinə sanki Xəzərin dalğaları da qoç döyüşünə qalxmışdı. Kənd toylarının həsrətində olanlar qara zurnanın səsinə tərəf axışır­dılar. Sahil qəsəbəsində sığınacaq tap­mış Ağbaba qaçqınlarının ailə ocağında oğul-qız toyu idi. Həmin toyda Mahmud kişi sənət yoldaşları Omar Məhəmməd oğlu və İsabalı Musa oğlu ilə ilk dəfəydi ki, öz dədə-baba yurdlarından 100-lərlə kilo­metr uzaqda ağbabalı qaçqınların toyunu çalırdılar.

Qara zurna “ilan dili” çıxartmışdı, ila­hi! Sanki köçkün, qaçqın ömrü yaşayan bu kişilərdən ötrü dünyanın əzəl-axırıy­dı. Elə bil, bu köçün necə bir ulu yurddan gəldiyinə, hansı yurda getdiyinə dağ ağırı babaların hayqırtısı idi. El ağrısının, yurd həsrətinin, ömür köçünün simfoniyası ça­lınırdı. Ev evə sığsa da, el elə sığmırdı.

Havacat dəyişdi. Yurd həsrətlilər, elə bil, bir əsrin dərdindən ayazıdılar. Yallıya gedənlərin üzündən ümid yağırdı. Əzəli və əbədi yurdlarına dönmək ümidi. Qara zurnanın səsinə toy mağarının başına dolananlar, sanki didərgin edildikləri öz yurd-yuvalarının başına dolanırdılar...

Səsindən asılım, ay qara zurna!.. Mahmud kişi də deyirdi ki, qara zurna gələn köçü də beləcə qaytarar, inşallah... Elin inancıyla, qan yaddaşının saxlan­cıyla müqəddəs ruhları da dədə-baba yurdlarımıza qaytarar. Mahmud kişinin 30 il bundan öncə dilə gətirdiyi arzular, çox çəkməz, gerçəkliyə çevrilər. 

Ruhun şad olsun, Mahmud kişi!

Həzi HƏSƏNLİ,
şair-publisist

Mədəniyyət