"Reuters": Bayden Konqresi Türkiyəyə F-16 satışını "dərhal" təsdiqləməyə çağırır

post-img

ABŞ prezidenti Co Baydenin administrasiyası ABŞ Konqresinə məktub göndərərək onu Türkiyəyə F-16 qırıcılarının satışını “dərhal” təsdiqləməyə çağırıb. Bu barədə "Reuters" ABŞ rəsmilərinə istinadən xəbər verir. Onların sözlərinə görə, cənab Bayden Türkiyə İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya edən kimi qırıcı təyyarələrin satışı prosesinə başlamaq niyyətindədir.

“Reuters”in məlumatına görə, məktubda Co Bayden administrasiyası F-16 döyüş təyyarələrinin (sayı göstərilməyib) və onlar üçün modernizasiya dəstlərinin 20 milyard dollara satışının təsdiqlənməsini tələb edir. 

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Vedant Patel yanvarın 24-də keçirdiyi brifinqdə F-16-ların Türkiyəyə mümkün tədarükünün təfərrüatlarını açıqlamaqdan imtina edib: “Konqres silah satışlarının nəzərdən keçirilməsində əsas rol oynayır, lakin mən Konqresə rəsmi məlumat verilməyənə qədər təklif olunan silah satışı və ya təhvillərini təsdiq etməyəcəyəm və bu məsələdə irəli getməyəcəyəm”.

Türkiyə parlamenti yanvarın 23-də İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasını səs çoxluğu ilə təsdiqləyib. Daha sonra sənəd imzalanmaq üçün prezident Rəcəb Tayyib Ərdoğana göndərilib. İsveçin NATO-ya üzvlüyünə qoyulan vetonun aradan qaldırılmasının şərtlərindən biri də Ankaraya Amerika qırıcılarının tədarükü idi: hələ 2021-ci ilin oktyabrında Türkiyə ABŞ-dan mövcud hərbi təyyarələri üçün 40 F-16 qırıcısı və 79 modernləşdirmə dəsti almağı xahiş etmişdi.

Amerikalı qanunvericilər daha sonra Türkiyədə insan haqlarının pozulmasını əsas gətirərək onların satışını əngəlləyiblər. 2023-cü ilin dekabrında Co Bayden Rəcəb Tayyib Ərdoğanla söhbətində Konqresə təzyiq göstərəcəyini və qanunvericiləri F-16-nın satışını təsdiqləməyə inandıracağını vəd etmişdi.

S.ELAY

XQ

Dünya