Fransanın Əlcəzair soyqırımı ekranda

post-img

Xalq şairləri Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin timsalında Fransa müstəmləkəçiliyinə qarşı dəyərli əsərlər yazılıb. Azərbaycan Fransanın bədnam siyasətini təkcə bədii sözlə qamçılamayıb. Ölkəmizə qarşı qərəzi ilə seçilən hazırkı Fransa hökumətinin neomüstəmləkəçi siyasətini rəsmi Bakı bu gün də ciddi dəlillərlə ifşa edir.

Məlum olduğu kimi, Fransa 1830-cu ildə Əlcəzairi işğal edib. İstila nəticəsin­də Əlcəzair xalqı Fransanın hərbi-siyasi müstəmləkəsinə çevrilib. Fransızlar orada güclü assimilyasiya siyasəti həyata keçi­riblər. 1954-cü ildən 8 il azadlıq uğrunda savaş aparan əlcəzairlilər 1962-ci ildə müstəqilliyə qovuşublar. Amma sonrakı dövrdə Fransa da daxil olmaqla Qərbin bu ölkəyə təzyiqi davam edib. Ümumiyyətlə, Fransa Əlcəzairdə 100 minlərlə insanı soyqırımına məruz qoyub. 

Əlcəzairdə gedən mübarizə kinonun da diqqətini cəlb edib. 1966-cı ildə itali­yalı rejissor Gillo Ponteqorvo “Əlcəzair müstəqillik müharibəsi” filmini ekranlaş­dırıb. Bu film dünya kinosunun ilk 100-lü­yünə daxil edilib. Filmdə 27 yaşında hə­lak olan Əli Əmmarın (İbrahim Haqiqaq) taleyi fonunda əlcəzairlilərin istiqlalliyyət savaşı işıqlandırılır. Obrazların çoxu real tarixi şəxslərdir. 12 yaşından məhbəs­lərə düşən Əli Əmmar növbəti dəfə həbs ediləndə onun taleyində dönüş baş verir. Vətəninin azadlığı uğrunda mübarizə aparan daha bir fədai “Yaşasın Əlcəzair!” deyə-deyə edam olunur. Edam kontek­sində həbsxananın geniş planda göstə­rilməsi Əlcəzairin müstəmləkə olmasını ifadə edir. Biz bu vaxt Əlinin gözlərini görürük. Baxışlardakı ifadə onun azad­lıq uğrunda sonuna qədər savaşacağının mesajını verir. 

Məhbəs içində olan ölkənin yeganə çıxış yolu isə milli azadlığa nail olmaq­dır. Əlcəzair Müqavimət Cəbhəsinin də istəyi bu amal üzərində qurulub. Azadlıq mücahidləri təkcə müstəmləkəyə qarşı mübarizə aparmırlar. Onlar əlcəzairlilə­rin pis vərdişlərdən, xüsusilə də narkotik maddələrdən uzaq durmalarına çalışırlar. Axı, azadlıq uğrunda yalnız sağlam xalq mübarizə apara bilər. Əli Əmmar da bu mübarizənin önündə olan şəxsə çevrilir. O, Kasbah şəhərində müqavimətçilərin qanunlarını pozanlara qarşı amansız mü­barizə aparır. 

Fransa müstəmləkə zehniyyəti əlcəza­irliləri siçan kimi görür, onlara insan kimi baxmaq istəmir. İki gəncin timsalında bu zehniyyətə üsyan görürük. Mahmud və Fatihə adlı gənclərin Əlcəzair adət-ənənə­sinə uyğun şəkildə evlənməsi filmin əsas ideyasına xidmət edir. Belə ki, bu cütlük o zamana qədər Fransa müstəmləkə sis­teminin qanunlarına əsasən ailə qurmaq­dan imtina edirlər. Onların nikahını Müqa­vimət Cəbhəsi təşkil edir. Evlənən cütlük müstəqil Əlcəzairin ilk ailəsinə çevrilir. 

Azadlıq mücahidləri müstəmləkə sisteminin dayaqlarına qarşı əzmlə mü­barizə aparırlar. Bir gündə 4-5 polisin öldürülməsi Fransa müstəmləkəçilərini narahat edir. Bu zaman mücahidlərin üzərinə hərbçi Filip Matyunu (Jan Mar­tin) göndərirlər. Müstəmləkəçi obrazını ifa edən F.Matyu 400 min ərəbin onlara düşmən olmadığını deyərək özünə tox­taqdlıq verməyə çalışır. O elə düşünürdü ki, əlcəzairlilərin az qismi müqavimətçilə­ri müdafiə edir. F.Matyuya isə, ən böyük zərbə öz həmvətini Jan Pol Sartrdan gəlir. O, Fransanın müstəmləkəçiliyinə qarşı çıxan şəxslərdən biri olur. Yeri gəl­mişkən qeyd edək ki, J.P.Sartr daxil ol­maqla Fransanın 121 ziyalısı bu ölkənin müstəmləkə sisteminə qarşı çıxmışdı. Fransa ordusunun məqsədi Müqavimət Cəbhəsini kiçik qrup kimi təqdim edərək, dünyanı aldatmaq olur. Lakin dirəniş­çilərin radikal mübarizə üsulundan tətil mübarizəsinə keçid etməsi müstəmləkə­çilərin işini çətinləşdirir. Artıq Fransa bu zamana kimi, qətllərə məruz qalan əl­cəzairlilərdən qorxmağa başlayır. Çünki Əlcəzair məsələsi artıq BMT-nin gündə­minə gəlir. Əlcəzair xalqının mütəşək­killiyi Fransa müstəmləkəçiliyi ifşasına xidmət edir. Filmdəki azadlıq ideyası bu şəkildə öz həllini tapır. 

Filmdə Qərb insanının soyuqqan­lı obrazına da diqqət çəkilir. Barda əy­lənən insanlar üzbəüz məkanda partlayı­şı görürlər. Lakin onlardan heç biri buna əhəmiyyət vermir. Onlar faciəyə tamaşa edərək əyləncələrinə davam edirlər. Daha sonra isə partlayış nəticəsində özləri də ölürlər. Filmdə Fransanın qəddarlığının həm də qərb insanının etinasızlığı nəticə­sində meydana çıxdığı fikri ortaya qoyulur. 

Əli Əmmar, Həlimə kimi azadlıq fəda­iləri həlak olsalar da, Əlcəzair öz istiqla­lına qovuşur. Çünki bu ideyaya artıq 100 minlərlə əlcəzairli inanır və mübarizəyə qoşulur. Fransa müstəmləkəçilərinin eti­raz edənlərə üz tutaraq səsləndirdiyi “Nə istəyirsiz?” sualına xalq birmənalı olaraq “İstiqlal” cavabını verir. 

Onu da deyək ki, ekran işində əksər epizodlar daha çox sənədli film kadrları kimi göstərilir. Bu da filmin gerçək olaylar üzərində qurulduğunun təsdiqidir. 

Qoy, bu gün işğalçı ermənipərəst si­yasət yürüdən, revanşizmi körükləyən Fransa başbilənləri tarixdən ibrət götür­sünlər.

Ceyhun MİRZƏLİ,
kulturoloq-kinoşünas



Mədəniyyət