ICESCO Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyası keçirilib

post-img

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyası keçirilib. Tədbirlərdə nazirlər, səfirlər, üzv dövlətlərin nümayəndələri, regional və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Yanvarın 16-da keçirilən və "ICESCO-da İnnovasiya" mövzusuna həsr olunan Məşvərət görüşündə 3 fəaliyyət üzrə üzv dövlətlərin nümayəndələri ilə ICESCO komandası arasında fikir mübadiləsi aparılıb və yaradıcı ideyalar irəli sürülüb. Bildirilib ki, iclasın nəticələri təşkilatın qarşıdakı illər üçün fəaliyyət planlarının, xüsusilə etik liderlik, insan resurslarına sərmayə, idarəetmə və innovasiya mədəniyyəti ilə bağlı fəaliyyət planlarının hazırlanması üçün əsas rol oynayacaq, üzv ölkələr arasında əməkdaşlığın təşviq edilməsinə imkan yaradacaq.
“ICESCO-nun gələcəyini bizimlə formalaşdırın” mövzusunda keçirilən ilk tədbir iştirakçılar üçün etik liderlik, insan resurslarına investisiya, innovasiya mədəniyyəti və ağıllı xidmətlər üzrə innovativ təşəbbüslərin ideya və təkliflərini təqdim etmək imkanı olub.
“ICESCO strategiyasında innovasiya” adlanan ikinci tədbir ideyalar, məlumat mübadiləsi, potensialın yaradılması və siyasətin formalaşmasında əməkdaşlığın genişləndirilməsi üzrə təşəbbüslər üçün ideyaların yaradılmasına həsr olunub.
Üçüncü fəaliyyət isə üzv dövlətlərin ev sahibliyi edəcəyi əsas qlobal tədbirləri, xüsusən də “Riyad Expo – 2030”, UNESCO-nun Özbəkistandakı Baş Konfransı, Azərbaycanda COP29-u əhatə edib.
Azərbaycanda keçiriləcək COP29-a dair tədbir iştirakçılarına məlumat verilib və COP29-un beynəlxalq layihələrin və təşəbbüslərin qlobal təqdimatı üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb. COP29 çərçivəsində həyata keçirilməsi üçün müvafiq sahələr üzrə komandalar tərəfindən yeni ideyalar da irəli sürülüb.

Məşvərət görüşü öz işini ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və Milli Komissiya üzvləri arasında müzakirə sessiyası ilə yekunlaşdırıb.

Yanvarın 17-də gerçəkləşən İcraiyyə Şurasının iclasında təşkilatın 2023-cü ildə fəaliyyətinə dair hesabat, 2022-ci il üzrə maliyyə hesabatı, 2022-ci ildə üzv ölkələr tərəfindən ICESCO-ya edilən maliyyə töhfələrinə dair hesabat dinlənilib, İslam Dünyasının Süni İntellekt üzrə Nizamnaməsi, ICESCO-nun kadrlar və maliyyə qaydalarına dair sənədi, İcraiyyə Şurasının 45-ci sessiyasının keçiriləcəyi yerə dair məsələlər müzakirə edilib.

İclasda Azərbaycanın da təmsil olunduğu ICESCO-nun Maliyyə Nəzarəti Komitəsinin üzv ölkələrinin komitəyə üzvlük müddətinin uzadılması barədə qərar qəbul edilib. Təşkilatın 2024 – 2025-ci illər üzrə Fəaliyyət Planı və büdcəsi təsdiq olunub.

İclasda Azərbaycan nümayəndəsi çıxış edərək tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyinə və qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı Krallığına, krallığın Mədəniyyət Nazirliyinə və ICESCO-ya təşəkkürünü bildirib.

Bu ilin beynəlxalq tədbirlərin keçirilməsi və ICESCO ilə əməkdaşlıq baxımından Azərbaycan üçün önəmli il olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək və il ərzində çoxlu sayda tədbirlər təşkil olunacaq. Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə görə bir daha ICESCO və üzv ölkələrə təşəkkür edilib və onlar Şuşada keçiriləcək tədbirlərə dəvət olunublar.

Bununla yanaşı, qarşıdakı aylarda Bakıda ICESCO-nun regional ofisinin açılış mərasiminin keçiriləcəyi də diqqətə çatdırılıb.

2024-cü ildə Bakıda ICESCO və digər beynəlxalq təşkilatların tərəfdaş olduğu 6-cı Dünya Mədəniyyətlərarası Dialoq Forumunun və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının (COP29) keçiriləcəyi qeyd edilib və ICESCO və ona üzv ölkələrin sözügedən beynəlxalq tədbirlərdə iştirakının əhəmiyyətli olacağı vurğulanıb.

Mədəniyyət