Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il bizim ölkəmizdə keçiriləcək. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və bunun öhdəsindən layiqincə gəlib. Bu il sözügedən tədbirlə əlaqədar turizm sahəsindən gözləntilərimiz daha çoxdur.
Bakı Konqres Mərkəzində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda keçirilən forumda Bakıya gələcək çoxsaylı qonaqların otellərdə yerləşdirilməsi, istirahətinin təşkili, paytaxtımızla tanışlığı kimi məsələlər də diqqət mərkəzində olub. Bu da təbiidir, çünki təşkilatçılar da ölkənin imicinin formalaşmasında rol oynayacaqlar.
Forumda bir araya gələn turizm agentliklərinin təmsilçiləri sektorun uğurları və perspektivlərini ətraflı müzakirə ediblər. Panel iclaslarında konkret mövzular sərf-nəzər olunub. Hotel və Ekoturizm assosiasiyalarının rəhbərləri iki həftə ərzində dünyanın mərkəzi olacaq Bakının təqribən 70–80min xarici qonağı qarşılayacağını bildirməklə bərabər, bu növbəti sınağın da uğurla keçəcəyinə əminlik ifadə ediblər. Natiqlər COP29-un keçirilməsinin qlobal təhlükəsizliyə töhfə verəcəyini, ölkəmizin tanıdılması və daha da inkişaf etdirilməsində bu tədbirin böyük rolu olacağını vurğulayıblar.
Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev deyib: “Bildiyiniz kimi, Azərbaycan yaşıl enerjiyə böyük əhəmiyyət verir. Biz bunu Qarabağ və Şərqi Zəngəzurda müşahidə edə bilərik. Azərbaycan stabil ada, ölkə statusuna malikdir”.
“Turizm.az” şirkətinin rəhbəri Nəsimi Kərimov isə diqqətə çatdırıb ki, COP29-un keçiriləcəyi günlərdə qonaqlar regionlara da üz tutacaqlar. Burada isə mühüm məsuliyyət həm də bələdçilərin üzərinə düşür. Hazırda 27 dildə fəaliyyət göstərən bələdçilərimiz var və onlar beynəxalq standartlara uyğun hazırlanır. Gərək bələdçilərimiz də sınağa hazır olsunlar.
Forumun panel müzakirələrində bu kimi bir çox suallara aydınlıq gətirilib. İştirakçıların müzakirələrlə bağlı fikirlərini təqdim edirik.
Eldar Əlimuradov, Hotel Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri: “Ölkəmizdə aparılan məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticəsidir ki, bu il Azərbaycana xaricdən yeni hotel brendlərinin gələcəyi və nömrə fondunun daha da artacağı gözlənilir. 2022-ciildə ölkədə hotel sayı 757, nömrələrin sayı 27 min 312, çarpayı sayı isə 56 min 562 olub. Xarici brendlərin ölkəmizə gəlməsi bu sahədə peşəkarların yetişdirilməsində mühüm rol oynayır. Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə regionlarda fəaliyyət göstərən hotel və sanatoriyalara əmlak vergisi öhdəliyi üzrə güzəşt müəyyən edilib. Dəyişikliyə əsasən, regionlarda hotel və sanatoriya fəaliyyətində istifadə olunan daşınmaz əmlaka görə vergi 3 il müddətinə 75 faiz azaldılıb. İnanırıq ki, bu tədbirlər regionlarda turizmin inkişafına böyük təkan verəcək və cari ildən etibarən Azərbaycanda hotelçilik sənayesi sahəsində yeni bir dövrə qədəm qoyulacaq”.
Cəmilə Əliyeva, Turizm Agentliyi Assosiasiyasının Gəlmə Turizm Komissiyasının sədri: “Azərbaycan turizm industriyası 2020-ci ildən sonra geopolitik və digər problemlərin təsirindən artıq üzüağ çıxıb. COVID-19 pandemiyasından sonra ölkəmizə gələn turistlərin arealı, milli mənsubiyyəti dəyişib. Başqa sözlə, 2021-ci ildən sonra Azərbaycan turizmi yenidən dirçəlib. Biz sadəcə körfəz ölkələrdən deyil, Hindistan, Pakistan, Banqladeşdən də turist qəbul edirik. MDB ölkələrindən daha çox turist axını olub. Əsas məqsədimiz Azərbaycanı ilboyu, yəni 4 fəsil turizm destinasiyası etməkdir. İnvestisiyalar qoyulmalıdır ki, Xəzər dənizi əsl kurort yerinə çevrilsin. Azərbaycanın bir çox səfalı yerləri var və biz onları dünyaya tanıtmalıyıq”.
Ə.DOSTƏLİ
XQ