Paşa ƏMİRCANOV
[email protected]
Vaxtilə Azərbaycanın Xalq şairi Fikrət Qoca siyasi motivli şeirlərindən birində yazırdı:
Kiçik müharibələrin əlindən tutub,
Dünyanı gəzdirir amerikalı nənəsi.
Bu misralar hələ sovet vaxtı, ABŞ-nin dünyanın müxtəlif guşələrində kiçik müharibələr yaratdığı dövrdə yazılmışdı. Sonra ABŞ dünya sosializm sisteminin də, Sovet İttifaqının da dağılmasına nail oldu və həmin kiçik müharibələr sabiq sovet respublikalarının ərazisinə də keçdi. Yenicə müstəqillik qazanmış, amma hələ buna sevinməyə macal tapmamış bir sıra ölkələrin, o cümlədən Azərbaycanın ərazisində qaynar ocaqlar yaradıldı, qanlar töküldü. Keçmiş SSRİ ərazisi Rusiya və ABŞ arasında müharibə meydanına çevrildi. Beləcə, keçən əsrin 90-cı illərindən başlamış konfrontasiya bu günə qədər davam etməkdədir. Hələ Gürcüstan da ərazi bütövlüyünü bərpa edə bilməyib, Moldova da münaqişənin caynağında çapalayır, Ukrayna isə artıq yavaş-yavaş Suriyaya dönür. Allaha şükür ki, biz bu amansız Rusiya–ABŞ qarşıdurmasından Qarabağımızı xilas edə bildik.
Amma “amerikalı nənəsi” hələ dünyada kiçik müharibələr yaratmaq şakərini uğurla davam etdirir. Hansını-birini deyəsən, Allaha xoş gedə. Öz ətrafımızdan başlasaq, Ermənistan hələ də açıq-aşkar müharibəyə sürüklənir. ABŞ və Fransa bu xırda, gücsüz ölkəni sülh bağlayıb rahat nəfəs almağa qoymaq istəmir.
Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə yerli telekallara müsahibəsində Ermənistanı himayə edən dövlətlərin sülh prosesinə maneə yaratdığını bildirdi. Onun sözlərinə görə, həmin dövlətlər Ermənistana vədlər veriblər ki, BMT-də, Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək, Azərbaycan böyük təzyiq altına düşəcək, bu əməliyyat Azərbaycana baha başa gələcək: “Bütün bu kommunikasiyalar Ermənistanda əminlik yaratdı ki, onlar sülh müqaviləsini istədiyi kimi tərtib edə bilərlər və bizi də kimsə təzyiq etməklə razı sala bilər. Məhz buna görə 70 gün ərzində bizim təklifimizə cavab verilmirdi”.
Bəs Əfqanıstanı, İraqı, Tunisi, Yəməni, Liviyanı, Suriyanı, lap son vaxtlarda Yaxın Şərqi – İsrail–Fələstin münaqişəsini hara qoyasan? Bu savaş ocaqlarına qoyulmuş barıt o qədər güclü olub ki, hələ də sönmək bilmir. Ukrayna yaman günə qoyulandan sonra isə əsas diqqət Yaxın Şərq böhranına yönəlib. ABŞ rəsmilərinin gündə biri həmin regiona səfər edir, sanki problemi həll etməyə çalışır, amma nədirsə, alov getdikcə daha da şiddətlənir.
İndi İranla insidentlər yaşanır, ABŞ gəmisi saxlanılır. Tehrana ultimatum göndərilir. Bu da yeni bir münaqişə! O tərəfdə Çin və Tayvan arasında ziddiyyətlər qalmaqdadır. Bu tərəfdən də, husilər. Artıq Vaşinqton və London Yəməndə husilərə zərbələr endiriblər.
Bax buna görədir ki, “Gallup İnternational” agentlikləri assosiasiyasının 40 ölkədə respondentlər arasında 2024-cü illə bağlı keçirdiyi qlobal sorğu nəticəsində məlum olub ki, dünya əhalisinin 40 faizi yeni ilin müharibələrlə dolu olacağını düşünür. “Beləliklə, qlobal sülh indeksinin optimistlərin və pessimistlərin, demək olar ki, bərabər paylarını aşkar etdiyi iki il əvvəlki dövrdən fərqli olaraq, qorxular mütləq üstünlük təşkil edir”, – deyə sosioloqlar bildiriblər.
Budur, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə husilərə qarşı hərbi əməliyyat keçirdilər. Hücum hərəkatın nəzarətində olan ərazilərində baş tutdu. Zərbələr zamanı Vaşinqton döyüş təyyarələri və “Tomaqavk” qanadlı raketlərindən istifadə etdi. Prezident Bayden də hücumların həyata keçirildiyini təsdiqlədi. Onun sözlərinə görə, zərbələr “husilərin Qırmızı dənizdəki beynəlxalq gəmilərə misli görünməmiş hücumlarına”, o cümlədən gəmi əleyhinə ballistik raketlərin köməyi ilə həyata keçirdikləri hücumlara cavab olub. Prezident hücumun müdafiə xarakterli olduğunu dedi. O qeyd etdi ki, zərbələr Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə ABŞ və Böyük Britaniya qüvvələri tərəfindən həyata keçirilib.
Belə görünür ki, indi husilər də müharibəyə qoşulur. Bununla bağlı ABŞ-nin özündə də qorxu var. Bu ölkədə hesab edirlər ki, Prezident Co Bayden Yəməndə husilərə zərbə endirməklə ABŞ-ı müharibəyə sürükləyir. Artıq hərbi analitiklər qeyd edirlər ki, ağır zərbə alan husilər bundan sonra amerikalılara və ABŞ-nin regiondakı maraqlarına hücum etməyə başlayacaqlar.
ABŞ-nin zərbələrindən sonra “Ənsar Allah” hökumətində xarici işlər nazirinin müavini Hüseyn əl-Ezzi bəyan edib ki, ABŞ və Böyük Britaniya öz ərazilərində hücumun əvəzini ödəyəcək. Baş vermiş hücumlarla əlaqədar Rusiya təcili olraq BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını təklif edib.
Təbii ki, söhbət təkcə ABŞ-nin husilərlə çəkişməsindən getmir. Necə deyərlər, başları başlarına, başmaqları da ayaqlarına. Özləri bilər. Söhbət ümumiyyətlə, son 30 illik bir tarix ərzində dünyanın qan çanağına dönməsindən, bəşəriyyətin hər səhərini bir bəd xəbərlə açmasından gedir. Bu, nə qədər davam edəcək? Bəşəriyyət nə vaxtsa bu “kiçik müharibələr”in bitdiyini görüb rahat nəfəs ala biləcəkmi? Axı dünya sülh istəyir...