İTAR-TASS-ın yaydığı informasiya bir çox mətləblərə aydınlıq gətirir
Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Zəngəzur dəhlizinin açılmasına dair üzərinə götürdüyü öhdəliyi üç ildən çoxdur icra etmir. Halbuki, bəyanatın doqquzuncu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa ediləcəyi açıq-aydın yazılıb. Qeyd olunub ki, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Bəyanatda nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarının həyata keçirəcəyi də bildirilib.
Rəsmi İrəvan isə nəinki dəhlizin açılmasına imkan vermir, üstəlik, nəqliyyat əlaqəsinə nəzarətin Rusiya sərhədçilərinin təmin etməsi öhdəliyindən də imtina edir. Belə ki, 2023-cü ilin sonlarında “Sülhün kəsişməsi” adlanan layihə çərçivəsində Ermənistan milli təhlükəsizlik xidmətində xüsusi bölmə yaradılıb. Hökumətin noyabrın 2-də keçirilən iclasında bu barədə danışan baş nazir Nikol Paşinyan deyib ki, həmin bölmənin funksiyası Ermənistan ərazisindən keçən regional və beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək olmalıdır: “Qeyd edə bilərəm ki, bölmə artıq formalaşıb, praktiki olaraq kadrlarla təmin edilib və faktiki surətdə dünən işə başlayıb”.
İrəvanın bu addımı Azərbaycanda, təbii ki, narazılıqla qarşılanıb. Ölkəmiz üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, Azərbaycanın bir bölgəsindən digərinə, konkret olaraq Zəngilandan Ordubada gedən insanların və yüklərin yoxlamaya məruz qalmasına imkan verə bilməz. İki rayonumuz arasında Ermənistanın cəmi bir rayonu (Mehri) yerləşir, yolun ümumi uzunluğu isə 42-43 kilometrdir. Ölkə daxilində səyahət edən insanların pasport və gömrük yoxlamasına məruz qalması dünyanın heç bir yerində görünməyib.
Üstəlik, Ermənistanın Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi təminatlar da Azərbaycan üçün qaneedici deyil. Bununla bağlı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev fikirlərini aydın şəkildə ifadə edib: “Qeyd edək ki, Prezident İlham Əliyev müsahibə zamanı Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsinə də münasibət bildirib: “Mən dəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42–43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki, bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan–İran, Ermənistan–Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, yol açılmasın. Biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi...”
Ermənistanın hakim “Mülki müqavilə” partiyasının üzvü, parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Sarkis Xandanyan isə deyib ki, ərazidən keçəcək yolların təhlükəsizliyi Ermənistanın müvafiq strukturları tərəfindən təmin ediləcək: “Kommunikasiyaların açılmasının Ermənistanın suverenliyi və qanunvericiliyi çərçivəsində həyata keçiriləcəyi deyildikdə, bu, o deməkdir ki, həm indi, həm də blokdan çıxarıldıqdan sonra ərazimizdən keçən yollarda təhlükəsizlik Ermənistanın müvafiq strukturları tərəfindən təmin olunmalıdır”. Bunun üçtərəfli bəyanatın doqquzuncu bəndinin tətbiq olunmayacağı anlamına gəlməsi ilə bağlı sualı şərh edən Xandanyan, yalnız erməni tərəfinin israr etdiyi kommunikasiyaların açılması prinsiplərini təkrarlayıb.
Göründüyü kimi, İrəvan mövqeyindən geri çəkilənə oxşamır. Qərbpərəst Paşinyan iqtidarının dəhlizin açılmasına, habelə ona nəzarəti Rusiya sərhədçilərinin həyata keçirməsinə imkan verməməsi siyasətinin elə Qərbin özünün təlimatı əsasında olduğu artıq şübhə doğurmur. Necə deyərlər, pulu kim ödəyirsə, musiqini də o sifariş verir.
Bununla bağlı Rusiyanın federal dövlət xəbər agenliyi – TASS bugünlərdə məlumatlı mənbəyə istinadən diqqətçəkən informasiya yayımlayıb. Agentlik bildirib ki, Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır. Berlin bu və digər anti-Rusiya addımlarının müqabilində İrəvana maliyyə yardımı təklif edir.
Agentliyin həmsöhbəti deyib: “Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi İrəvanla Moskva arasında mümkün qədər çəkişmə yaratmaqdır. Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında və ölkə hakimiyyətinin öz dövlət aparatını Rusiyaya dostcasına yanaşan şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiyasında (“Lüstrasiya” yunan sözü olub, mənası işıqlanma deməkdir. Bu söz müstəqillik qazanmış ölkələrin əvvəlki rejimlərdən, yaxud iqtidara yeni gələnlərin hakimiyyəti sabiq komanda tərəfdarlarından təmizləməsini ifadə edir – S.H.) maraqlıdırlar. Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Nikol Paşinyan hökumətinin Qarabağ ermənilərinin Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətinin qarşısını almaq səylərinə dəstək verməyi təklif edir”.
Bu informasiyanın yayılmasının Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kalın 2023-cü il noyabrın 24-də Hayastana səfərindən sonraya təsadüf etməsi də diqqət çəkən məqamdır. Alman xarici kəşfiyyatına cavabdeh şəxs həmin gün İrəvanda N.Paşinyanla görüşmüşdü. Baş nazirin aparatı Paşinyan və Kalın Ermənistan və Almaniya arasında əməkdaşlıq sahələri ilə bağlı məsələləri müzakirə etdiklərini açıqlamışdı. Qeyd edilmişdi ki, görüşdə regionda baş verən proseslərə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Beləliklə, İTAR-TASS-ın yaydığı və etibarlılığı heç bir şübhə doğurmayan informasiya, əslində, bir çox mətləblərin gün işığına çıxmasına səbəb olub.
Mövzu ilə bağlı XQ-yə şərh verən siyasi tədqiqatçı, Qafqaz Siyasi Analiz Mərkəzinin direk-toru Əhməd Əlili bildirdi ki, Ermənistan hazırda tamamilə ayrı-ayrı geosiyasi areallarda yerləşən ölkələrin maraqlarını öz üzərində kəsişdirməyə cəhd edir. Bunu etmək üçün isə Ermənistanın lazımi resursları yoxdur: “Bu cəhdlər Ermənistan üzərində Avropa İttifaqı–Rusiya, Avropa İttifaqı–ABŞ–İran gərginliyinə gətirib çıxaracaq və çıxarır.
Amma yayılan informasiya ilə bağlı hesab edirəm ki, bizim yanaşmamız bir qədər fərqli olmalıdır. Biz bunu Azərbaycanın bir növ uğuru kimi də qəbul edə bilərik. Məsələ ondadır ki, biz TASS-ın məlumatını daha çox Zəngəzur dəhlizi kontekstində analiz etməliyik. Çünki Zəngəzur keçmiş SSRİ–İran sərhədi boyunca keçir. Həmin xətt hazırda Ermənistandakı Rusiya sərhəd qoşunlarının nəzarəti altındadır. Yəni, sovet ordusu faktiki olaraq, Ermənistan ərazisindən çıxmayıb, orada Rusiya qoşunları kimi fəaliyyətlərini davam etdirməyə başlayıblar. Vaxtilə Sovet İttifaqının sərhəd qoşunlarının icra etdiyi funksiyanı, yəni SSRİ–İran və SSRİ–Türkiyə sərhədlərinin qorunmasını indi Ermənistan–İran, Ermənistan–Türkiyə sərhədi üçün Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti yerinə yetirir”.
Ekspertin sözlərinə görə, Ermənistan rəsmiləri uzun müddət Avropa platformasında özlərini anti-Rusiya, Qərbpərəst göstərməkdən ötrü belə bir arqumentdən istifadə edirdilər ki, onlar Zəngəzur dəhlizinin rus sərhədçilərinin nəzarətində olmasına qarşıdırlar, Azərbaycan isə bunun lehinədir: “Reallıq isə bundan ibarətdir ki, həmin qoşunlar çoxdan oradadırlar. Azərbaycan və Rusiya üçtərəfli bəyanata imza atarkən bu faktı əsas götürərək nəqliyyat əlaqəsinə nəzarəti rus sərhədçilərinin həyata keçirəcəyini vurğulayıblar. Ermənistan isə bunu Qərbə Azərbaycanın Rusiya ilə yaxınlığı, Qərblə problemlərinin olması kimi qələmə verməyə çalışırdı. Belədə İrəvanın mövqeyi Qərbpərəst təsiri bağışlayırdı. İndi isə Qərb hökumətlərinə, oradakı tədqiqatçılara məlum olur ki, Azərbaycan nəyə görə Rusiya FTX-nin sərhəd qoşunlarının dəhlizə nəzarəti həyata keçirməsini istəyirdi. Çünki qeyd etdiyim kimi, FTX sərhəd qoşunları çoxdan orada yerləşib. Belə olan təqdirdə, görünür, Aİ ölkələri arasında reallığı ən birinci dərk edən, məsələnin mahiyyətinə varan Almaniya hökuməti olub. Berlin başa düşür ki, FTX-nin sərhəd qoşunlarının Ermənistanda olduğu müddətdə “Zəngəzur dəhlizi rus sərhədçilərinin nəzarətində olmasın” fikrini səsləndirmək mümkün deyil”.
Əhməd Əlilinin fikrincə, buna görə də Almaniya Ermənistan hökumətindən bütövlükdə rus sərhədçilərini ölkə ərazisindən çıxarmasını istəyir. Əgər çıxaracaqsa, rəsmi Berlin onlara çox şey təklif etməyə hazırdır: “Unutmaq olmaz ki, bu kontekstdə bir müddət əvvəl İranla Avrasiya İqtisadi İttifaqı arasında müəyyən sənəd imzalandı. Hazırda Ermənistanla sərhəd İran üçün vacib nöqtəyə çevrilib. Belə olan halda Ermənistan, doğrudan da, özünü kifayət qədər mürəkkəb vəziyyətə salıb”.
Ekspert baş verən prosesləri Rusiya-Aİ qarşıdurması kimi yox, Azərbaycanın Avropa strukturları ilə işləməsinin uğuru kimi təqdim etməyin tərəfdarıdır: “Məsələ ondadır ki, bölgədəki reallıq avropalılara aydın olur və almanlar bir qədər irəli düşüblər. Onlar İrəvana deyirlər ki, reallıqda təqsir sizin özünüzdədir. Çünki 1992-ci ildən Rusiya sərhədçilərini öz sərhədləri daxilində saxlayan Ermənistan hökumətidir. Paşinyana mesaj verirlər ki, əgər sən, həqiqətən də, Qərbpərəstsənsə, həmin qüvvələri öz ərazindən çıxar”.
Politoloq Yeganə Hacıyeva isə qəzetimizə açıqlamasında dedi ki, Almaniya Aİ ölkələri arasında Rusiyadan iqtisadi baxımdan, o cümlədən təbii resurslarla bağlı ən çox asılılığı olan dövlətdir. Eyni zamanda, Almaniya Rusiya resurslarının Avropaya nəqlindən ən çox qazanan ölkədir: “Almaniya Ukrayna ilə müharibə aparan Rusiyaya təzyiq elementləri formalaşdırır. Onlardan biri də məhz Ermənistanın, necə deyərlər, əli ilə bir sıra addımların atılmasıdır. Zənnimcə, rəsmi Berlinin İrəvanı rus sərhədçilərini Ermənistandan çıxarmağa razı salmağa çalışmasına bu kontekstdə baxmaq lazımdır”.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunları üzrə müsahibəsində bildirmişdi ki, İrəvan Qərbin inandırmasına uyaraq, Moskva ilə müttəfiqliyini qeyri-müəyyən vədlərlə dəyişməyə çalışır. Nazirin sözlərinə görə, İrəvan strateji dönüş kursuna haqq qazandırmaq üçün bütün bəlalarda, o cümlədən Qarabağın itirilməsində Rusiyanı günahlandırmağa çalışır. Bununla belə, Lavrov qeyd etmişdir ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda strateji tərəfdaşı olub və olaraq qalır.
Səxavət HƏMİD
XQ