Azərbaycan Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi açılıb. Salonda 2022–2023-cü illər ərzində muzeyin Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsində qorunub saxlanmış 30-dək eksponat nümayiş etdirilir.
Qədim xalçalar və digər eksponatlarla zəngin, elə xarici görünüşcə də yarıbükülü xalça təəssüratı yaradan bu müasir binada – Azərbaycan Xalça Muzeyində ilk diqqətimizi çəkən sərgi salonunun tən ortasındakı postamentin üzərinə sərilmiş “Xətai” xalçası oldu. XVII əsrin əvvəllərində Qarabağda toxunan 320x230 sm ölçülü möhtəşəm xalı əsl sənət əsəri və qürur mənbəyidir.
Muzeydə sərgilənən digər eksponatlar – ötən əsrlərə və müasir dövrə aid nəfis xalça məmulatları, zərif tikmələr, milli geyim və qiymətli zərgərlik məmulatları, bədii metal və saxsı qablara da laqeyd qalmaq olmur. “Şamaxı”, “Qaraqoyunlu”, “Çıraqlı”, “Şirvan”, “Quba”, “Alpan”, “Rirəbədil”, “Alçagül-Çici”, “Güləbdan buta” xalça və kilimləri, arxalıq, küləcə, tuman, ləməqabağı, sair geyim və bədii tikmə nümunələri, “Aynalı” kəməri, qolbaq, sinəbənd, dümçə, dingə tipli zinət, məcməyi, xeyrə, cam, çıraq kimi məişət əşyaları bu qəbildəndir. Əsərlər üzərində muzeyin peşəkar konservatorları, bərpaçı-rəssamları çalışaraq onlara 2-ci həyat bəxş ediblər.
Sərginin açılışında muzeyin direk-toru vəzifəsini icra edən Mira Məmmədxanova dedi:
– Muzey fəaliyyətinin ən məsuliyyətli və önəmli sahəsi konservasiya və bərpa işidir. Bizim müəssisəmiz də ölkəmizdə xalça və digər dekorativ-tətbiqi sənət nümunələrinin konservasiya edilərək qorunması sahəsində nüfuzlu elmi mərkəzə çevrilib. Son zamanlar ardıcıl şəkildə təşkil etdiyimiz ustad dərslərinə Rusiya, Almaniya, Qətər, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət edilən əcnəbi peşəkarlar bu sənətin sirlərini yerli mütəxəssislərlə bölüşür, onların bacarıq səviyyəsinin daha da yüksəlməsi üçün təlimlər keçirlər.
O daha sonra bildirdi ki, mədəni irsimizə 2-ci nəfəs verilməsi, yəni lazımi işlərin həyata keçirilməsi ilə maddi və mədəni irsimizin gələcək nəsillərə layiqincə çatdırılması üçün Xalça muzeyində konservasiya işləri davamlı şəkildə aparılır. Son illər ərzində muzeyin müvafiq şöbəsində yüzlərlə eksponat konservasiya olunub. Bunların əksər hissəsi muzeyin, bir qismi onun Şuşa filialının ekspozisiyasında, digər eksponatlar isə vaxtaşırı müxtəlif sərgilərdə nümayiş etdirilir:
Öyrəndik ki, əsərlər üzərində uzun illər bu sahədə əmək sərf etmiş mütəxəssislərlə yanaşı, muzeyin daha gənc, lakin püxtələşmiş konservatorları, bərpaçı-rəssamları da çalışıblar. Bu da muzeyin konservasiya laboratoriyasının qısa müddət ərzində peşəkar səviyyədə inkişafını bir daha təsdiqləyir. Amma yaşlı mütəxəssislər təqaüdə getdiyindən, adıçəkilən istiqamətdə kadr qıtlığı var. Elə hesabat xarakterli belə tədbirlərdə bir məqsəd də konservasiya sahəsinə gənc kadrları cəlb etmək, bu istiqamətdə təhsil alan tələbələr üçün praktik məşğələlər keçirməkdir. Sərgi çərçivəsində əməkdaşlar tərəfindən tekstil konservasiyası üzrə ustad dərsi də təşkil olunacaq. Bu sahəyə maraq göstərən gənclər ustad dərsində iştiraka dəvətlidirlər.
Mira xanım çıxışının sonunda 2023-cü ildə konservasiya və bərpa işlərinin aparılması sahəsində səmərəli fəaliyyət göstərərək, eksponatlara yeni həyat verdiyinə görə muzeyin bərpaçı-rəssamı Təhsib Zəvərlini təşəkkürnamə ilə təltif etdi.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Əliyev, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi-bərpa şöbəsinin müdiri, Əməkdar rəssam Natiq Səfərov və başqalarının çıxışlarını da maraqla dinlədik.
Elə ilk günündən çoxsaylı qonaqların diqqətini cəlb edən “Zamana qalib gələn milli irsimiz” sərgisi yanvarın 21-dək davam edəcək.
Qurban CƏBRAYIL,
“Mədəniyyət” jurnalının redaktoru