NASA-da bir soydaşımız var

post-img

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) 2024-cü ildə Aya göndərməyi planlaşdırdığı namizədlər sırasında bir azərbaycanlı da var. Türkiyənin Bilkənt Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Əmirulla Məmmədov bu barədə redaksiyamıza məlumat verib. 

Azərbaycan əsilli ABŞ aerokosmik mühəndisi və ABŞ Hərbi Hava Qüv­vələrinin zabiti olan Allen Mirqədirov 1979-cu ilin mayında Bakı şəhərində anadan olub. Əvvəlki adı Ələkbər olan Allen Mirqədirov Bakının Nizami ra­yonundakı Tofiq Abbasov küçəsi, 30 saylı evdə yaşayıb, birinci sinifdən al­tıncı sinfə qədər Qara Qarayev metro stansiyası yaxınlığında yerləşən 145 nömrəli tam orta məktəbdə təhsil alıb. 1991-ci ilin yayında ailəsi ilə ABŞ-a köçüb və ABŞ-ın Arizona, Havaya, Ko­lorado, Kaliforniya və Merilend ştatla­rında yaşayıb. 

Allen Amerika Hərbi Hava Akademi­yasında (USAFA) kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi almış və təhsilini başa vurandan sonra 10 il ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. 

NASA-dakı aerokosmik karyera­sı 2010-cu ildən başlayır. O, burada uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunub. 2014-cü ildə NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən təcrübə üçün seçilib. Təcrübədə kompüterlərin tex­niki vəziyyətinə, onun işlək vəziyyətdə olmasına və uçuş marşrutuna görə çavabdehlik missiyasını yerinə yetirib. Eyni zamanda, uçuş trayektoriyasını optimallaşdıran kompüter proqramının işlənib hazırlanması ilə məşğul olub. 

Mirqədirov şəxsi həyatında ilk so­vet kosmonavtı Yuri Qaqarinin həyat yolunun ona böyük təsir etdiyini bildirir. Futbol, üzgüçülük və basketbol həvəs­karıdır. Azərbaycan və Rusiya mət­bəxini sevir. Sevdiyi ədəbi nümunələr sırasında Lev Tolstoy, Daniel Defo, Aleksandr Puşkinin əsərləri ilə yanaşı, Molla Nəsrəddinin lətifələrindən ibarət seçmələrin də xüsusi yer aldığını vur­ğulayır. 

Qeyd edək ki, NASA ABŞ fede­ral hökumətinin müstəqil agentliyidir. 1958-ci ildə Amerika dövlət xadimi və hərbi lider, ABŞ-ın 34-cü prezidenti D. Eyzenhauer tərəfindən yaradılıb və birbaşa ABŞ Prezidentinə hesabat ve­rir. 

Namiq QƏDİMOĞLU
XQ

Son xəbərlər