Özbəkistanda azərbaycanlı və özbək uşaqlar üçün Yeni il bayramı keçirilib

post-img

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Daşkənddə yaşayan azərbaycanlı və özbək uşaqlar üçün Yeni il bayramı keçirilib. 

Tədbirdə 200-ə yaxın uşaq iştirak edib, onlara  maraqlı bədii proqram-Azərbaycan milli musiqiləri, səhnəciklər təqdim edilib. Səhnə əlvan oyuncaqlarla, çilçıraqlarla bəzədilib, şam ağacı yerləşdirilib, nağıl qəhrəmanları,  Şaxta baba və Qar qız uşaqları əyləndirib.

Şənlikdə uşaqlar  öz istedadlarını nümayiş etdirib,  şeir söyləyib, rəqs ediblər. 

Bayram şənliyində iştirak edən balacalar təkcə nağıl personajlarının çıxışlarına deyil, həm də AMM-nin “Azərbaycan” rəqs ansamblının ifasında milli rəqslərimizə də tamaşa ediblər. 

Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Olima Mahmudovanın ifa etdiyi mahnılar da bayram şənliyinə şən əhval -ruhiyyə qatıb.

Bayram şənliyində balacalara Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       











Mədəniyyət