Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyevanın müsahibəsi
(Əvvəli https://xalqqazeti.az/az/musahibe/157075-fexr-edirem-boyunca-turk-dunyasinin)
– Bu illər ərzində fond tərəfindən çox sayda kitablar da nəşr olunub.
– Bəli, Türk Dünyasının zəngin irsinin beynəlxalq miqyasda təbliğ edilməsi yönündə nəşr layihələrinin həyata keçirilməsi fondun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Biz Azərbaycanda Abayla bağlı ədəbi irsi toplayıb nəşr etdik, eyni zamanda, Qazaxıstan ədəbiyyatını, mədəniyyətini Avropada sərgilədik. Qədim "Manas"ı dərindən araşdırarkən Qırğızıstanın irsini, adət-ənənələrini öyrəndik. Bu illər ərzində yayımladığımız kitablar vasitəsilə Nəvayi və Fitrətin Azərbaycan dilində, Ömər Seyfəddin və Aşıq Veysəl almanca, Natəvan və Nəsimi italyanca, Nizami polyak dilində oxundu. Yunus Əmrə, Aşıq Ələsgər və Jambıl Jabayevi qovuşduran “3 ozan bir arada” layihəsi çərçivəsində poçt markaları çap edərək, kitab hazırlayıb, türk irsinin vahidliyini əks etdirdik.
Fondda müşahidəçi statusu ilə yer alan Macarıstanın böyük irsini Bartokun musiqisi və Radnotinin poeziyası timsalında layiqincə təbliğ edə bildik, eləcə də bu yaxınlarda macar ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqlarını “Macar ədəbiyyatı antologiyası” adlı yeni nəşrimizdə cəmləşdirdik. Qeyd edim ki, Azərbaycanın və bütövlükdə, Türk dünyasının ədəbi-mədəni, elmi-fəlsəfi, ictimai-siyasi tarixində nadir simalardan olan Əhməd bəy Ağaoğlunun Maltada sürgündə ikən yazdığı xatirələrini, fikir və düşüncələrini, ideoloji baxışlarını ehtiva edən “Sürgündən məktublar” kitabı fond tərəfindən bu yaxınlarda işıq üzü görəcək.
– Başqa hansı səpkidə layihələr gerçəkləşdirilib?
– Bu illər ərzində konfranslar, dəyirmi masalar, sərgilər və konsertlər kimi çoxsaylı müxtəlif tədbirlər təşkil etdik, Türk Dünyasının maddi-mənəvi dəyərlərinin təbliğinə yönəlmiş bir çox layihələr həyata keçirdik, Türk xalqlarının böyük şəxsiyyətlərinin yubileylərini qeyd etdik. Müxtəlif dillərdə, müxtəlif ölkələrdə, müxtəlif qitələrdə... Avropada, Asiyada, Latın Amerikasında, Şimali Amerikada.
“Yeddi gözəl”dən başqa Türk kökənli ölkələrin musiqiçilərindən ibarət “Dədə Qorqud” Kamera Orkestrını yaratdıq. Orkestr bir sıra ölkələrdə çıxışları ilə Türk Dünyası musiqisinin tanıdılmasına öz töhfəsini verdi.
Dahi Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasını, böyük Fikrət Əmirovun “Min bir gecə” baletini Bolqarıstanın müxtəlif teatr səhnələrində tamaşaya qoyduq.
Nəhayət, yalnız ötən ildən beynəlxalq büdcəmizi almağa nail olduqdan sonra Oşda, Otrarda, Bakıda, İstanbulda, Konstansada keçirilən bir-birindən rəngarəng festivalların təşkilinə maliyyə dəstəyi verdik.
– Fondun fəaliyyəti çərçivəsində təhsil sahəsi də yer alırmı?
– Əlbəttə. Bu illər ərzində biz həm üzv dövlətlərin, həm də bir sıra başqa xarici ölkələrin universitetləri ilə memorandumlar imzaladıq və müxtəlif ortaq layihələr həyata keçirməyə başladıq.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə ümumtürk musiqisinin daha ətraflı araşdırılmasını təşviq edən, “Türkdilli ölkələrin milli musiqi alətləri” adlanan önəmli nəşr layihəmiz hazırda çap olunmaqdadır. Kitabda türk xalqlarının musiqi alətləri, onların xarakterik xüsusiyyətləri, tarixi haqqında maarifləndirici bilgilər Azərbaycan, türk, rus və ingilis dillərində oxuculara təqdim edilir. Bu il Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universiteti ilə də Memorandum imzaladıq və türk dillərinin birgə lüğətinin hazırlanması barəsində razılığa gəldik.
Eyni zamanda, biz, Polşanın Varşava Universiteti ilə uğurlu iş birliyi əlaqələri qurduq və ötən il bu universitetin ev sahibliyində gerçəkləşən VI Beynəlxalq Türkologiya Konqresində əsas tərəfdaş qismində çıxış etdik. Konqres çərçivəsində çoxsaylı panellərdə Türkologiyaya həsr olunan müxtəlif mövzular müzakirə olundu.
Sevinclə deyə bilərəm ki, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dillər Universiteti, Hoca Ahmet Yasəvi adına Beynəlxalq Qazax–Türk Universiteti, Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti, Türkiyənin Bursa Uludağ Universiteti, Macarıstanın Ötvöş Lorand Universiteti ilə gözəl əməkdaşlıq münasibətlərimiz mövcuddur. Bizim məqsədimiz bu universitetlərdə sahə üzrə Türk Dünyası Mərkəzləri yaradaraq onlardan ibarət böyük şəbəkə qurmaqdır.
– Bu yaxınlarda Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin fəxri professoru adına layiq görüldünüz...
– Doğrudur. Əlbəttə, bu mənim üçün böyük şərəfdir. Biz Qırğızıstan Milli Universitetinin nəzdində “Türkdilli Ölkələrin Jurnalistika Mərkəzi”ni yaratdıq. Biz istəyirik ki, gənclərimiz ümumi türk inteqrasiyasında daha yaxından iştirak etsinlər.
– Görünür ki, sizin Türk Dünyasında qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsi yönündə çoxşaxəli fəaliyyətləriniz türk dövlətləri tərəfindən qiymətləndirilir. Qazaxıstan Respublikasının Ali diplomatik medalı və Qırğız Respublikasının Prezidentinin Fəxri Fərmanı ilə təltif olunmağınız bunun yüksək təcəssümünü ifadə edir. Bu münasibətlə sizi ürəkdən təbrik edirik.
– Təbrikiniz üçün təşəkkür edirəm. Bilirsiniz, bu ilk növbədə, müasir dövrdə türk dövlət başçıları tərəfindən Türk Dünyasında tarixi dostluq və qardaşlıq bağlarının, həmrəylik ideologiyasının gücləndirilməsinə verilən dəyərin, dəstəyin göstəricisidir. Qazaxıstan və Qırğız respublikalarının xarici işlər nazirləri tərəfindən mənə bu fəxri mükafatlar təqdim olunarkən mənəvi olaraq böyük hisslər yaşadım, şərəf duydum. Eyni zamanda, Türk Dünyasının birlik və bərabərlik içərisində gələcəyinin inşa olunmasına töhfə vermək özü də xoşbəxtlikdir.
– Maraqlıdır ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının qədim tarixi ilə də məşğul olub.
– Bəli, biz qədim türk tarixiylə bağlı böyük layihələr gerçəkləşdirmişik. Onlardan biri Avropanın müxtəlif paytaxtlarında təşkil etdiyimiz qədim türk yazıları - petroqliflərə, tamqalara və runikalara həsr olunmuş sərgidir. Bu sərgidə Qazaxıstanın, Qırğızıstanın və Azərbaycanın tanınmış tətbiqi sənət ustalarının qədim türk yazılarının və simvollarının daş və keramika üzərindəki bədii oymalarından ibarət müxtəlif əl işləri, sənətkarlıq nümunələri təqdim olundu, tarixi işarələrlə bağlı mühazirələr oxundu. Bu nədir? Bu, keçmişlə bugünü birləşdirən körpüdür. Eyni zamanda, bu il Bakıda Türk Akademiyası və UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyaları ilə birgə qədim türk yazısının oxunmasının 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirdik.
Digər tərəfdən fondun fəaliyyətinin ilk illərindən “Türk dövlətləri Böyük İpək Yolu üzərində” adlı genişmiqyaslı layihə başlatdıq. Mütəmadi olaraq, konfrans, dəyirmi masa, simpozium təşkil edərək, bizi birləşdirən amil – Böyük İpək Yolu mövzusu ətrafında türk dövlətlərinin türkoloqlarını, elm xadimlərini bir araya gətirdik, müzakirələr apardıq. Həmçinin layihə çərçivəsində Azərbaycanın tanınmış alimləri tərəfindən hazırlanan “Azərbaycan İpək Yolu üzərində” adlı akademik kitabı Azərbaycan, ingilis və rus dillərində nəşr etdik. İnanıram ki, bu layihə davam edəcəkdir.
Digər tərəfdən, Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu ilə əməkdaşlıq çərçivəsində Gəncə keramikası ilə bağlı Azərbaycan və özbək alimləri ilə birlikdə hazırladığımız kitab bugünlərdə işıq üzü görür.
– Həqiqətən, fondun fəaliyyəti olduqca geniş miqyasdadır.
– Düzünü deyim ki, bunlar sadalaya biləcəyim layihələrin, tədbirlərin yalnız bir hissəsidir və hamısı da təşkilatın nizamnaməsində qeyd olunduğu kimi, fondun məqsədləri çərçivəsinə daxildir.
Biz təkcə Türk dövlətləri ilə deyil, eyni zamanda azsaylı türk etnik kökənli xalqlarla, o cümlədən Litvada məskunlaşmış tatar və karaimlərlə, Polşa və Rumıniya tatarları ilə, Moldovada yaşayan qaqauzlarla münasibətlər quraraq əməkdaşlığımızı genişləndirdik. Təsis etdiyimiz “Dədə Qorqud” mükafatını ilk dəfə Litva karaimlərinin tanınmış nümayəndəsi, diplomat, tərcüməçi Halina Kobeckaiteyə təqdim etdik.
Yaxın zamanda nümayiş etdirəcəyimiz türk təsviri sənətinin qorunmasına və tanıdılmasına yönəlmiş “Miniatürlərin sirli dünyası” sənədli filmində Türk Dünyasının müxtəlif miniatür məktəblərinin nümunələrini, onların oxşar cəhətlərini əks etdirdik. Bu il ilk dəfə restavrasya sahəsinə birbaşa daxil olduq və Qırğızıstan tərəfinin müraciətinə əsasən, böyük qırğız şairi və dramaturqu Alıkul Osmonovun ev-muzeyindən başladıq. Eyni zamanda “Türk Dünyası 2040 Vizyonu” çərçivəsində fondun üzərinə qoyulan Ümumtürk mədəni irsinin qorunması haqqında Konvensiyanın hazırlanmasına başladıq.
– Günay xanım, fondda Azərbaycanın sədrliyi bitib və Qazaxıstana ötürülüb.
– Bəli, bu hər bir beynəlxalq təşkilata məxsus olan rotasiya qaydasıdır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təşkilata üzv dövlətlərin başçıları tərəfindən dörd il müddətinə təyin edilir. Təşkilatın nizamnaməsinə uyğun olaraq, yalnız fondun qurucu prezidenti növbəti dördillik dönəmdə yenidən bu vəzifəyə seçilə bilər. Mən təşkilatın rəhbərliyini ikinci dəfə icra etdim və Azərbaycan fonda 8 il sədrlik etdi. İndi isə növbə Qazaxıstanındır.
Mən göstərdikləri etimada görə fonda üzv ölkələrin dövlət başçılarına, ilk növbədə, bilavasitə təşəbbüsünə və inamına görə Prezident İlham Əliyevə, həmkarlarıma, beynəlxalq birlik və əməkdaşlığı təşviq edən türk təşkilatlarının rəhbərlərinə, bərabər çalışdığımız səfirlərə böyük sevgi və həvəslə tamamladığımız ortaq işlər üçün təşəkkür etmək istəyirəm. Fondun mənimlə birlikdə çalışan bütün əməkdaşlarına, ötən ildən etibarən beynəlxalq tərkib qazanan heyətimə təşəkkür edirəm. Onlar söylədiyim və söyləmədiyim bütün bu işlərdə fədakarcasına əllərindən gələni əsirgəmirdilər və əminəm ki, bundan sonra da belə olacaq.
Mənim babam İlyas Əfəndiyev bir atalar sözünü hərdən təkrar edirdi: “Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır!” Mən də bəzən düşünürəm, bu səkkiz il necə gəlib keçdi? Fond yarandığı vaxtdan bu günə kimi keçən illər çətinliklərə, əziyyətlərə baxmayaraq, mənim həyatımın ən işıqlı illərindəndir. Sizdən gizlətmirəm, bu barədə düşünərkən mən mənəvi rahatlıq hiss edirəm və ən əsası isə ümumtürk mədəniyyəti ilə, irsi ilə fəxr edirəm. Fəxr edirəm ki, bu mədəniyyət, bu irs milli məhdudiyyətə yox, bəşəri dəyərlərə tuşlanıb. Ümumtürk mədəniyyəti və irsi nə qədər millidirsə, o qədər də bəşəridir. Kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, qədim və zəngin türk mədəniyyətinin və irsinin mahiyyətində bütün xalqlara məhəbbət və sevgi mövcuddur.
Artıq fonda Qazaxıstan nümayəndəsi fəaliyyətə başlayıb. O, Qazaxıstanın keçmiş mədəniyyət naziri, tanınmış ictimai və dövlət xadimi Aktotı Raimkulovadır. Mən, əlbəttə, ona böyük uğurlar arzu edirəm və inanıram ki, fond yeni nailiyyətlərə imza atacaq.
Bu gün geriyə baxarkən, gözəl bir hiss keçirirəm ki, bu səkkiz illik missiyamı yerinə yetirə bildim. Fəxr edirəm ki, 8 il boyunca Türk mədəniyyətini və irsini təbliğ etdim. Türk Dünyasını təmsil etdim. Bir Azərbaycanlı qadın olaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, ümumiyyətlə Beynəlxalq təşkilatın ilk rəhbəri kimi nə etdimsə, sevgi ilə, ürəkdən etdim.
XQ

