Dekabrın 29-da Qərbi Azərbaycan İcmasının növbədənkənar ümumi yığıncağı keçirilib. Toplantı 2024-cü il fevralın 7-də Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Əliyevin namizədliyinə dəstək mövzusuna həsr edilib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli fevralın 7-də keçiriləcək prezident seçkilərinin Azərbaycan Respublikasının tarixində mühüm hadisə olacağını qeyd edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş və Qərbi Azərbaycana qayıdış məsələsini beynəlxalq gündəliyə gətirmiş Müzəffər Ali Baş Komandanın – Prezident İlham Əliyevin namizədliyinə dəstək ifadə edib.
Daha sonra Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, deputat akademik Əhliman Əmiraslanov, Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin irsini şərəf və ləyaqətlə davam etdirən, bütün dünya azərbaycanlılarının ümid və dayaq yeri olan Prezident İlham Əliyevin namizədliyinə dəstək ifadə ediblər.
Çıxışlardan sonra bəyanat qəbul edilib. Sənəddə “Qərbi Azərbaycan İcmasında birləşən yüz minlərlə icma üzvü olaraq gələn il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərində İlham Əliyevi dəstəklədiyimizi bəyan edirik,” – deyə bildirilir.
XQ

