Azərbaycan alimi Özbəkistanda “Folklorşünaslığın aktual problemləri” adlı konfransda iştirak edib

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Özbəkistanın Zahirəddin Məhəmməd Babur adına Əndican Dövlət Universitetində “Folklorşünaslığın aktual problemləri” adlı konfransda iştirak edib. 

     Universitetin filologiya fakültəsinin folklorşünaslıq kafedrasında professor Salima Mirzoyevanın sədrliyi ilə keçən konfransda Aynur İbrahimova ”Azərbaycan folklorşünaslığının yeni tarixi və aktual problemləri” mövzusunda məruzə edib.  

     Məruzədə folklorda etnik, milli xarakterli problemlərin tədqiqinə, xalq yaradıcılığının sosial-mədəni və ictimai-mənəvi aspektlərinin öyrənilməsi məsələlərinə daha çox diqqət yetirilməsinin vacibliyinə toxunulub. 

     Konfransda Türkiyənin  Atatürk üniversitetinin professoru Hüseyn Baydemirin onlayn məruzəsində, Özbəkistanın elm və təhsil müəssisələrindən olan alimlərin məruzələrində folklorun müasir problemləri, türk dövlətlərində folklor materiallarının qarşılıqlı olaraq çap edilməsi məsələləri yer alıb .  

     Konfrans çərçivəsində Aynur İbrahimova universitet rəhbərliyi və akademik heyətlə görüşüb, iki dost, qardaş xalqın  elmi-ədəbi əlaqələrinin inkişafı, elm və təhsil müəssisələrinin  gələcək  əməkdaşlıq məsələləri haqqında danışıb. Sonra alim Əndican Dövlət Tarix və Mədəniyyət Muzeyində, bu qurumun nəzdindəki Əlyazmalar Fondunda və Babur adına  kitabxanada olub.

     Əndican Dövlət Universitetinin rektoru, professor Akramcon Yuldaşov konfransda fəal iştirakına görə A.İbrahimovaya sertifikat verib. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Əndican       



Mədəniyyət