“Novruz”un ilk “Bahar qız”ı

post-img

Səfurə İbrahimova – 85

1937-ci ildə sovet imperializminin malını-mülkünü əlindən alıb ucqarlara sürgün etdiyi ailələrin sırasında Ağabala kişinin də külfəti var idı. Səfurə İbrahimova 1938-ci ilin dekabrın 27-də sürgündə dünyaya gəlib. Ailədə 7 uşaq olublar. Sürgün həyatı başa çatdıqdan sonra Bakıya qayıtsalar da,  güzəranları düzəlməyib. Yer, iş tapana qədər əziyyətlə yaşayıblar. 

Orta məktəbi bitirəndən sonra sənədlərini Tibb İnstitutuna verən Səfurə son imtahandan kəsilib. Gələcək aktrisa “Stalinneft”də fəhlə işləyə-işləyə oxuyub, imtahanlara hazırlaşıb. Bir dəfə təsadüfən, rəfiqəsinə qoşulub Adil İsgəndərovun aktyorluq kursuna gedən Səfurənin həyatı bununla da dəyişib. Uzun müddət dərnəyə gedib-gəlib Adil İsgəndərov ona aktyorluğun sirlərini öyrədib. 1960-cı ildə qəbul olunduğu İncəsənət İnstitutunda isə Rza Təhmasibin kursuna düşüb. İki ustad sənətkarın yetirməsi olmaq Səfurə  İbrahimovanın həyatında işıq seli olub. 

Rza Təhmasib elə 1-ci kursdan tələbəsini Akademik Dram Teatrında qoyduğu tamaşada rola dəvət edir. İslam Səfərlinin “Ana ürəyi” dramında Xatirə rolu onun  sənətə ilk vəsiqəsi olub.  Ardınca “Sevil” opera-filmində Dilbər roluna çəkilib. Beləcə Səfurə İbrahimova teatrın müəyyən bir dövrünün əsas aktrisası olur, saysız obrazlar yaradır. 2005-ci ilə qədər bu teatrda çalışıb. Sonuncu rolu “Köhnə ev”də Mələk olub.

1967-ci ildə Bakıda Şıxəli Qurbanovun keçirdiyi ilk Novruz şənliyində Bahar qızı olmuşdu Səfurə İbrahimova. Həmin vaxtlar onun səhnədə parlayan dövrü idi. Zəmanənin insanları üçün o, bütün rollarına rəğmən, Bahar qızı idi. 

2002-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. “İblis” tamaşasındakı Rəna roluna görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Kinoya isə hələ orta məktəbdə oxuyanda çəkilib. Məktəbdən qız axtaranda onu seçiblər.   Zeynəb Kazımovanın “Həyat öyrədir” filmində Leyla rolunda oynayıb. Cüzi qonorara sevinən anası nə bilsin ki, qızı bu yolu seçəcək. Peşəkar aktrisa kimi tanınmağı isə 1965-ci ildə “Arşın mal alan”dakı Telli rolu ilə oldu.

“Arşın mal alan” filmində yaratdığı Telli rolu aktrisanın koloritli obrazlarındadndır. “Alma almaya bənzər”də Mədinə, “Qatır Məmməd”də Həbibə, “Dərviş Parisi partladır”da Gülpəri, “Qaynana”da Sədaqət, “Tütək səsi”ndə İsmət fərqli obrazlardır. Hər zaman, böyük-kiçiyinə baxmadan ona həvalə olunan obrazın öhdəsindən məharətlə gəlib. “Sevil”də Dilbər olan Səfurə İbrahimova “Şir evdən getdi” filmində tülkü obrazını da məharətlə yaradıb. İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” teletamaşasındakı ana son illər oynadığı rollardan idi. 

Aktrisanın teatr və kino sahəsində əməyi yüksək qiymətləndirilib. Prezidentin fərdi təqaüdünə layiq görülüb. Xalq artisti Səfurə İbrahimova 2020-ci il dekabrın 21-də 81 yaşının tamam olmasına 6 gün qalmış dünyasını dəyişib.   Səfurə xanım bir çox obrazlara həyat verməsi ilə sənətdə ölməzlik qazanıb.

R.QURBANLI 
XQ

 

Mədəniyyət