Çağdaş ədəbiyyatımızın lideri

post-img

Anar – 85

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə AYB-nin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda respublika elmi konfransı keçirilib.  

Prorektor Əliş Ağamirzəyev Anarın yaradıcılığı və ictimai fəaliyyətindən bəhs edərək, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin yazıçının ədəbi-bədii irsinə yüksək dəyər verdiklərini, onun dövlətimizin ali mükafatları ilə təltif olunduğunu xatırladıb. O qeyd edib ki, bu konfransın BDU-da keçirilməsi təsadüfi deyil, çünki Anar müəllim də, övladları da bu universitetin məzunlarıdırlar. Anar yaradıcılığı ilə ölkəmizdə mütaliə mədəniyyətinin, oxucu zövqünün formalaşmasına, eləcə də kitabxana fondlarımızın inkişafına mühüm töhfələr verib.  

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Xalq yazıçısının yaradıcılığı, nəsrindəki çoxşaxəli istiqamətlər, əsərlərinin obrazlar sistemi barədə geniş məlumat verib: “Anarın yaradıcılığı möhtəşəm azərbaycançılıq abidəsidir. Onun keçmiş mətnlərə yeni nəfəs vermək məharətini yüksək qiymətləndirirəm. Anar müəllim əvvəlki əsərlərinin motivlərinə bir daha qayıtmaqla həmin əsərləri daha da dərinləşdirir”.  

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, BDU-nun Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB-nin katibi İlqar Fəhmi çıxışlarında Anar yaradıcılığının çoxtərəfli istiqamətləri və məziyyətləri barədə danışıblar.  

Plenar iclasda BDU-nun redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Anar yaradıcılığı və oxu mədəniyyəti” mövzusunda məruzə edib. İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı çıxışında qeyd edib ki, 2 gün davam edəcək konfransda ümumilikdə 40-dan çox məruzə dinləniləcək, müzakirələr aparılacaq.  

Sonda Xalq yazıçısı Anar konfransın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib: “Məzunu olduğum doğma Bakı Dövlət Universitetində yubileyimə həsr olunmuş yüksək səviyyəli elmi konfransın keçirilməsi mənim üçün çox əlamətdardır. Hesab edirəm ki, universitetin kollektivi və tələbələri ilə görüşlərimiz bundan sonra da davam edəcək”. 

XQ

 

Mədəniyyət