2024-cü ildə “Abşeron” qaz-kondensat yatağından, təqribən, 1 milyard 474 milyon kubmetr qaz hasil olunacağı gözlənilir. Bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.
Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü ilin büdcəsinə verdiyi rəydə məlumat verilir. Sənədə əsasən, 2023-cü ildə yataqda 707 milyon 55 min kubmetr qazın hasil olunacağı gözlənilir. Bundan başqa, gələn il “Abşeron”da 4 milyon bareldən çox kondensatın hasil olunacağı proqnozlaşdırılır ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. Rəyə əsasən, bu il yataqda 2 milyon barel kondensatın hasil olunacağı gözlənilir.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib. Gələcəkdə “Abşeron” yatağında illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək artırılması planlaşdırılır.
XQ