“Əmək kitabçamda bircə iş yeri yazılıb”

post-img

85 yaşlı Xalq artistinin fərqli obrazları

Tanınmış aktyor, Xalq artisti Ra­fiq Əzimovun keçdiyi sənət yoluna nəzər saldıq. O, 61 ildir ki, Akademik Milli Dram Teatrında çalışır. Rafiq Əzimovun sənət yolu barədə dedik­lərini öz dilindən təqdim edirik:

– Teatr sənəti mənə uşaqlıqdan doğma olub, çünki dram dərnəyinə, xalq teatrlarına getmişəm. Korifey sənətkarlarla birgə çalışmaq arzum olub. Musiqi məktəbinin tar sinfində təhsil almışam, valideyinlərim tarzən olmağımı istəyirdilər, amma mən qə­rara gəldim ki, öz istəyimin arxasınca gedim. Gizlincə sənədlərimi o vaxtkı Mirzəağa Əliyev adına Teatr İnstitutu­na verdim. Tələbə bileti ilə evə gələndə heç nə demədilər. 

İnstitutda Məhərrəm Haşımovun kursuna seçildim. Orada dərs deyən bütün sənətkarlar kurslarına tələbəni özləri seçirdilər. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Rza Təh­masib, həmçinin Məhərrəm Haşımov. Gözəl təcrübə idi. Həmin sənətkarların kursunu bitirən tələbələr səhnədə onla­rın layiqli davamçıları olurdular. 

İlk obrazlar

– Hələ tələbə vaxtlarımda müəl­limlərim mənə böyük rollar etibar edir­dilər. Kurs işlərinə hazırlıq prosesində Məhərrəm müəllim mənə Şillerin “Qa­çaqlar” əsərində baş rolu həvalə etdi. Sabit Rəhmanın “Toy” komediyasında Kərəmov obrazı mənə tapşırılanda isə etiraz etdim ki, mən Kərəmov deyiləm axı? Dedi, Kərəmov olmaya bilərsən, amma biz sənə o obraza daxil olmağı öyrətməliyik. 

Öyrənə-öyrənə gəlib bu yaşa çat­dım. Mənim əmək kitabçamda bircə iş yeri yazılıb. Bu səhnədə olduğum sənətkarların hərəsi bir məktəb olub. Fatma Qədri, Ağasadıq Gəraybəyli, Həsənağa Turabov və başqaları ilə tərəf-müqabil olmuşam. 

Çin olan arzular

– “Vaqif” tamaşasında Vidadini oy­namışam. Bu da mənim arzum olub. O vaxtkı 26-lar adına Mədəniyyət Sa­rayında Lütfi Məmmədbəyovun dram dərnəyində həmin rolda Əli Qurbanovugörüb çox bəyənmişdim. Sazı özü çalırdı. Həmişə arzu edirdim ki, kaş, Vidadi rolunu oynayım, sazı da özüm çalım. Həmin gün gəldi, Vaqifi Həsən-ağa Turabov oynayırdı, Vidadini mən. Tələbələrimdən biri saz gətirdi, bir-iki saat məşq etdim və rejissor Məmməd­kamal Kazımovdan xahiş etdim ki, səh­nədə divardan butafor saz yox, bu sazı asaq, istəyirəm canlı ifa edəm, amma heç kim bilməsin. Razılaşdı və Vaqiflə şeir deyişməsində sazı götürüb başla­dım çalmağa. Səhnədəkilər çaşıb qal­dılar. Tamaşaçılar da təəccübləndilər, çünki fonoqrama öyrəşmişdilər. 

Kinoya təsadüfi gəliş 

– Mənə heç nə məcməyidə təq­dim olunmayıb. Nə qazanmışamsa, öz zəhmətim bahasına olub. İstər teatrda, istərsə də kinoda. Kinoya gəlişim tə­sadüfi olub. O vaxt filmlərə çəkilməyə kənardan çox aktyor dəvət edirdilər. İlk dəfə kinoya “Leninqradfilm”də çə­kilmişəm. Artıq 7 il idi ki, teatrda çalı­şırdım, Viktor Qolyavkin məni “Mənim əziz atam” adlı filmdə Əziz dayı roluna çəkdi. Lyudmila Qurçenko, Aleksandr Demyanenko ilə birlikdə oynadım. Sonra ardıcıl kinolara dəvət olundum. “7 oğul istərəm” filmindən 2 ay əvvəl cıdıra gedib at sürməyi öyrənmişdik. Tofiq Tağızadə bizi at belində kinostu­diyanın həyətində sıraya düzdü və dedi ki, yeddiniz də sınaq çəkilişlərindən keçdiniz. “7 oğul istərəm” uğurlu alındı, Sonralar “Xatirələr sahili”, “Qızıl qaz”, “Ömrün ilk saatı” və sair filmlərdə ça­lışdıq. Televiziya tamaşalarında da çox çəkilmişəm. Bu, başqalaşmaq sənəti­dir və zəhmət tələb edir.

Ağlagəlməz olay

– Çəkiliş proseslərində çox maraq­lı hadisələr olurdu. “Arxadan vurulan zərbə” filmində Hüseynovun arxadan bıçaqla vurulması kadrı yaxşı yadım­dadır. Bıçaq atanı sirkdən gətirmişdilər. 10 metrdən dəfələrlə atdı, bıçaq birba­şa hədəfə dəydi. Amma kadrı çəkəndə, az qala, başıma sancılmışdı. Üçüncü kadrda “əyil” işarəsində, deyəsən, mən də bir az gec əyilmişdim. Çəkiliş dayan­dı, hamı yığıldı başıma, onda anladım ki, xətadan qurtarmışam. Arif Babayev dedi ki, anan namaz üstündəymiş. 

Çəkildiyim son film, hələlik, “Buta” ekran əsəri olub. İlqar Nəcəfin bu fil­mində indiyə qədər kinoda çəkildiyim bütün obrazlardan fərqli rola çəkildim. Festivallarda çoxsaylı mükafatlar aldı...

Xalq artisti sonda yenə teatrdan danışdı: 

– Kino nə qədər maraqlı olsa da, te­atr başqa bir aləmdir. Allah Nəbi Xəzriyə rəhmət eləsin. Dədə Qorqudun 1300 il­liyinə həsr etdiyi “Burla Xatun” pyesini teatra təqdim edəndə özü dedi ki, Dədə Qorqudu Rafiq Əzimov oynasın. İndinin özündə də o əsəri əzbər bilirəm. Tama­şa uzun müddət səhnədən düşmədi, 1997-ci ildə “ilin tamaşası” seçildi. 

İndi də teatrın repertuarındakı ta­maşalarda oynayıram. İlyas Əfəndiye­vin “Qarabağnamə”ləri əsasında hazır­lanan tamaşa ilə bölgələrə qastrollara gedirik. Mehriban Ələkbərzadə Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsəri­nin tamaşasında mənə qəbilə başçısı obrazını həvalə edib. Hazırda məşqlər gedir, kiçik roldur, amma çox böyük ob­razdır. 

Ramilə QURBANLI
XQ

Mədəniyyət