Məmməd Araz – 90
Dünən səhər Xalq şairi Məmməd Arazın poeziyasının vurğunları Fəxri Xiyabanda onun xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzdülər. Qüdrətli qələm sahibinin şair və insan kimi müsbət keyfiyyətləri xatırlandı. Şair özü vaxtilə “Yudu baş daşını gözümün yaşı, göz yaşı yeni can vermir adama” – desə də, ziyarətçilər hamılıqla bir daha əmin oldular ki, 19 ildən bəri ruhu göylərdə pərvaz edən Məmməd Araz ölməzdir. Sözün əsl rəssamı olan qüdrətli sənətkarın özü də bir şeirində bu qənaəti bölüşüb:
İnana bilmirəm: ölüm haqq ola,
Torpaq rəssam uda, bəstəkar uda! –
Doğrudan da, qələmi ilə ölümü də tərkisilah etmiş Məmməd Araz dərin məzmunlu və milli ruhlu şeirləri ilə ölməzlik qazanmış poeziya nəhəngidir. Vətəni, Arazı, saf məhəbbət və sədaqəti tərənnüm edən, eləcə də milli azadlıq mövzularında yazdığı əsərləri istiqlal şairinə əbədi şöhrət qazandırıb.
Bu il 90 yaşı tamam olan Məmməd Arazın Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda keçirilən xatirə məclisi xüsusilə yaddaqalan oldu. Dəqiqələr, saatlar şairin bir-birindən gözəl şeirlərinin şirinliyində əridi. İnanmadıq onun bu dünyada olmadığına.
Məclisi AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq, sönməz ilhama malik olan Məmməd Arazın poetik özəlliklərindən danışdı, şeirlərindən gətirdiyi misallarla fikirlərini əsaslandırdı. O, şairlə birgə Şuşa səfərindən də bəhs etdi və onun İsa bulağında şeir dediyi səhnəni gözlər önündə canlandırdı:
Ulduzlar qoynuna qaldırıb onu
Bu dağlar vüqarı, bu dağlar gücü.
Bu gecə kəşf etdim bir Şuşa bürcü,
Bir Şuşa bürcü, tamaşa bürcü...
Ardınca qiraət ustası, Əməkdar artist Ağalar Bayramov daş-kəsəkli poeziya yollarında heç zaman büdrəməmiş Xalq şairinin könül rübabının incilərindən seçmələri təqdim etdi.
AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında baş qəhrəmanı Azərbaycan olan Məmməd Arazın vətəndaş şair kimi üstün keyfiyyətlərini diqqətə çatdırdı, atası – unudulmaz Xalq şairi Rəsul Rza ilə münasibətlərindən danışdı, “yaxşı şumunda heç vaxt yamanlığın göyərmədiyini” söyləyən Məmməd Araz ocağının sönməzliyindən fərəh duyduğunu dilə gətirdi.
Sonra çıxış edən filologiya elmləri doktorları Qəzənfər Paşayev və Vaqif Yusifli, Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, şair-publisistlər Qardaşxan Əzizxanlı, Ağacəfər Həsənli, yazıçı Qafar Cəfərli, AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Günay Qarayeva, Məmməd Arazın qardaşı oğlu Qorxmaz İbrahimov Xalq şairinin könülləri fəth edən yaradıcılıq məziyyətlərinə diqqəti cəlb etdilər, xatirələrini söylədilər və onun 90 illik yubileyinə həsr olunan tədbirlərdən danışdılar. Bir fikir dönə-dönə vurğulandı ki, öz əsərləri ilə xalqımızın söz xəzinəsini daha da zənginləşdirmiş, “İstiqlal” ordeninə layiq görülmüş Xalq şairi Məmməd Araz poeziyası daim yaşayacaq və hər zaman oxucularına vətənpərvərlik dərsi keçəcək. Buna mənəvi haqqı çatdığını o, yaratdığı bədii nümunələrlə sübuta yetirib:
Çox tozanaq atlını təmkin atınla keçdin,
Sel boğan dərələri bir mərd qadınla keçdin.
Bütün keçilməzliyi, Vətən, adınla keçdim...
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa!..
Məclisin sonunda şairin qızı, yazıçı-publisist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay və Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Məmməd Araz sənətinə diqqət və sayğıya görə tədbirin təşkilatçı və iştirakçılarına minnətdarlıqlarını bildirdilər.
XQ


