Daşkənddə keçirilən “İpək Yolu ilə turizm” sərgisində Azərbaycan şirkətləri də iştirak edib

post-img

Özbəkistanın Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişkənliyi Nazirliyi ölkənin Turizm Komitəsi ilə birgə Daşkənddə “İpək Yolu ilə turizm” 28-ci Beynəlxalq turizm sərgisi keçirib. 

     Tədbirdə dünyanın 20 ölkəsinin və Özbəkistanın 14 regionunun turizm şirkətləri iştirak edib. 

     Turizm sərgisinə Azərbaycan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadənin rəhbərliyi ilə ölkəmizin yeddi turizm şirkəti də qatılıb.

Sərginin açılış mərasimində Özbəkistan Turizm Agentliyinin sədri Umid Şadiyev, Qırğızıstan Turizmin İnkişafı Fondunun prezidenti Abılkasım Şerniyazov, Kənan Quluzadə və başqaları çıxış edərək regionda və dünyada turizmin inkişaf etdirilməsi istiqamətində “İpək Yolu ilə turizm” Beynəlxalq sərgisinin böyük rol oynadığını bildiriblər.

     Kənan Quluzadə Azərbaycanın turizm potensialı haqqında məlumat verib, sərgidə iştirak edən turizm şirkətlərini Azərbaycanın turizm qurumları ilə  yaxından əməkdaşlığa çağırıb. 

     Üç gün davam edən sərgidə Kənan Quluzadə və Azərbaycan turizm şirkətlərinin rəhbərləri və nümayəndələri Özbəkistan tərəfi, həmçinin sərgidə iştirak edən  turizm şirkətlərinin təmsilçiləri ilə əməkdaşlığa dair görüşlər keçiriblər. 

     Sərgidə Azərbaycan pavilyonuna böyük maraq olub, turizm şirkətlərinin nümayəndələri iştirakçılara ölkəmizim turizm potensialı, turizm marşrutları  haqqında ətraflı məlumat veriblər, onlara müxtəlif açıqçalar və jurnallar təqdim olunub. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 

 





Mədəniyyət