“Heydər Əliyev Azərbaycandır!” sənədli filminin təqdimatı

post-img

Noyabrın 13-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində AZƏRTAC-ın hazırladığı “Heydər Əliyev Azərbaycandır!” ikihissəli sənədli filminin təqdimatı keçirilib.

Ekran əsərində dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın inkişafında mühüm rol oynamış 100 tarixi fakt təqdim edilir.

Sərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ayrıca stendlə təmsil olunur.

Stenddə ziyarətçilərə, eyni zamanda, AZƏRTAC-ın fəaliyyəti, o cümlədən, veb-saytının yeni dizaynı, yeni loqosu və Uşaq Bilik Portalı (portal.azertag.az) haqqında da geniş məlumat verilir.

***

Həmin gün Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq yazıçısı Elmira Axundovanın "Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” və "Dövlət keşiyində" kitablarının təqdimat mərasimi keçirilib. 

Kitabında Zərifə və Heydər Əliyevlərin boya-başa çatdığı ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır.

"Dövlət keşiyində" əsəri isə Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətindən bəhs edir.

Xalq yazıçısı Elmira Axundova kitabların yaranması haqqında danışıb. O, uzun illər ərzində ümummilli lider 
Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqatçısı kimi dahi rəhbər barədə çoxlu sayda kitab ərsəyə gətirdiyini bildirib. 

***

Dünən Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” kitabının təqdimatı da keçirilib.

Fond tərəfindən nəşr olunan kitab iki hissədən ibarətdir. Birinci hissədə Uzun Həsənin şəcərəsi, tərcümeyi-halı haqqında məlumat verilir. 

Nəşrdə, həmçinin Uzun Həsən, onun oğlu Sultan Yaqubun daxili və xarici siyasəti, XV əsrdə Azərbaycanda və dünyada baş vermiş siyasi proseslər, XIV-XV əsrlərdə Azərbaycana gəlmiş və Ağqoyunlu sarayında olmuş avropalı səyyahlar, Azərbaycanın ilk qadın diplomatı, Uzun Həsənin anası Sara Xatunun fəaliyyəti, Uzun Həsənin həyat yoldaşı Despina Xatunun obrazının Avropa mədəniyyətində tərənnüm olunması haqqında tarixi məlumatlar yer alıb.

Nəşrin ikinci hissəsi kataloqdur. Burada İstanbul şəhərində yerləşən Hərb Muzeyindəki nadir eksponatların, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Gəncə tarix-diyarşünaslıq muzeyinin, Azərbaycan Milli Kitabxanasının fondlarında saxlanılan və Ağqoyunlu dövrünə aid 50-dən çox eksponat haqqında məlumatlar əldə etmək mümkündür. 

Qeyd edək ki, kitab Heydər Əliyev Mərkəzində hazırda davam edən “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi çərçivəsində nəşr olunub. 

XQ

 

Mədəniyyət