20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru (fəlsəfi-sinergetik təhlil)

post-img

IV məqalə

“Müdrik hər bir ifratdan qaçır”

Lao-Szı

Siyasətin “qızıl yolu”: müxtəlifliyin harmoniyası

Cənubi Qafqaz kimi tarixən mürəkkəb və zidiyyətli “geosiyasi taleyə” malik bir regionda müasir mərhələdə siyasi ifratçılığa uğramamaq böyük liderlik məharəti tələb edir. Ermənistan və Gürcüstanın təcrübəsi göstərdi ki, bu iki Cənubi Qafqaz ölkəsi ifrat aqibətindən qaça bilmədilər. Hazırda daha pis vəziyyətdə olan Ermənistandır. Bu ölkənin rəhbərliyi gah bu, gah digər böyük geosiyasi gücə reverans edir, arada vurnuxan kimi görünür. Azərbaycan isə tamamilə fərqli – siyasi ifratçılıqdan uzaq və müxtəlifliyin sinergetik harmoniyasına uyğun geosiyasi mövqe tutmaqdadır. 

Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur və Prezident İlham Əliyev müdrik liderin dəstxətini XXI əsrin çarığışları fonunda böyük uğurla davam etdirir. Həmin prizmadan biz əvvəlki məqalələrdə İlham Əliyev liderliyinin bir sıra yeni məqamlarına fəlsəfi-sinergetik nəzər salmağa çalışdıq. Bu məqalədə isə Cənubi Qafqazın geosiyasi konfiqurasiyasına ciddi təsir edə biləcək və birbaşa Azərbaycan liderinin təşəbbüsləri ilə bağlı olan 3 əməkdaşlıq formatının təhlilini aparmağa cəhd edəcəyik.

Öncə qeyd edək ki, bu məsələ müasir uğurlu liderliyin ən çətin və mürəkkəb aspektlərindən biridir. Çünki burada yerli miqyasdan birbaşa regional və qlobal miqyasda uğurlu olmaq formuluna çıxış olmalıdır. Mühüm şərt isə siyasi liderlikdə yerli-regional-qlobal miqyaslarda uğurluluq kriteriyaları arasında qarşılıqlı əlaqə yaratmaq qabiliyyəti ilə bağlıdır. Postsovet məkanı ölkələrinin təcrübəsi göstərir ki, bu vəzifənin öhdəsindən Azərbaycan Prezidenti İlham Əliyev tam olaraq gəlmişdir. İndi bu tezisin detallarından söz açaq.

“Qafqaz Evi”ndən “Qafqaz sinerjisi”nə: İlham Əliyevin yeni liderliyi kontekstində

Bir neçə əsrdir ki, “Qafqaz evi”ndə siyasi və geosiyasi tufan dayanmır. XX əsrin əvvəllərində cəmi bir neçə aya Cənubi Qafqazın üç ölkəsi bir federasiyada birləşdi. Lakin o da geosiyasi sınaqlara tab gətirmədi. Rusiya hər üçünü işğal edərək SSRİ-nin tərkibinə qatdı. Bununla “Qafqaz evi” yalnız rəmzi mənada mövcud oldu. 70 il müddətində qafqazlılar arasına nifaqı daha da körüklədilər. O cümlədən, azərbaycanlıların mənfi obrazını yaradır, onları erməni və gürcülərdən aşağı sayırdılar, hər yerdə günahkar müsəlman türklər olurdu. Əlavə olaraq, Azərbaycan SSR-in əraziləri Ermənistan SSR-ə peşkəş edildi. Beləliklə SSRİ dövründə “Qafqaz evi” “gizli Qafqaz düşmənçilik məkanı”na çevrildi. Bunun alovları 1988-ci ildən açıq fəaliyyət mərhələsinə keçən erməni separatizmi vasitəsi ilə regionu “yandırmağa” başladı. Belə bir düşmənçilik şəraitində yenə də Azərbaycan “Qafqaz evi” ideyasını aktuallaşdırdı. Ulu öndər Heydər Əliyev Eduard Şevardnadze ilə birgə müstəqil Cənubi Qafqaz ölkələrinin birliyinə səslədi. Lakin Ermənsitan və havadarları tamam fərqli siyasi ab-hava içində oldular. Azərbaycana təcavüz xətti və işğalın nəticələrini hüquqiləşdirmək iddiaları davam etdi. Bununla da XXI əsrin son onilliyində “Qafqaz evi” yaratmaq şansı əldən verildi. 

Bununla bütün vəzifə XXI əsrdə fəaliyyət göstərməli olacaq Cənubi Qafqaz ölkələri liderlərinin üzərinə düşmüş oldu. Onların sırasında İlham Əliyev həm ideyanın daşıyıcısı, həm də onu real mexanizmlərlə həyata keçirə bilən lider olduğunu dünyaya nümayiş etdirdi. İlham Əliyev “Qafqaz Platforması”ından bəhs edərək onu regional əməkdaşlıq və təhlükəsizlik formulu olmaqla yanaşı, qlobal miqyasda əməkdaşlıq və təhlükəsizlik formulu ilə sıx əlaqələndirdi. 

Konkret olaraq, “Qafqaz Platforması” “3+3” formulunun mərkəzidir. Azərbaycan Prezidenti “Qafqaz Platforması”nı üç region dövlətinin sabitliyi, təhlükəsizliyi və əməkdaşlığı kontekstində görür və bu əsasda ziddiyyətsiz “3+3” formuluna çıxış əldə edir. Məsələ ondan ibarətdir ki, “3+3” konkret olaraq Cənubi Qafqazda regional təhlükəsizlik, sabitlik və əməkdaşlığın davamlı təmin edilməsi ilə bağlıdır. Burada isə üç istiqamətdə ziddiyyətlər, onlara maneələr də deyə bilərik mövcuddur. Birincisi, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olmaması. İkincisi, İranın Azərbaycana qarşı müəyyən iddiaları və açıqca təcavüzkar Ermənistanı dəstəkləməsi. Üçüncüsü, Gürcüstanın Rusiya ilə əməkdaşlıq etmək istəməməsi. 

Bu problemlərin həlli 3 yerli Qafqaz ölkəsinin qarşılıqlı etimad və səmimi əməkdaşlıq xətti seçməsi ilə həll edilə bilər. Birincisi, bununla son 300 ildə ilk dəfə olaraq Cənubi Qafqazda müstəqil dövlətlər hüquqi Platforma çərçivəsində əməkdaşlıq kursuna keçmiş olurlar. İkincisi, kənar qüvvələrin hər hansı mənfi təsiri əngəllənmiş olur.

Bununla İlham Əliyevin “Qafqaz Platforması” layihəsinin fəlsəfi sinergetik aspektdə mahiyyəti aydınlaşır və eyni zamanda, çox mühüm bir nəticə çıxarmağa əsas yaranır. Yuxarıdakı təhlildən görünür ki, əslində Azərbaycan Prezidenti “Qafqaz sinerjisi” yaradır!

Məsələnin fəlsfəsi-sinergetik anlamının çox aktual olan digər aspekti “Qafqaz evi”nin “Qafqaz sinerjisi” yaratması prosesinin yalnız regional miqyasla məhdudlaşmaması ilə əlaqəlidir. 

“3+3” formatından Avropa İttifaqının milli təhlükəsizliyinə sinergetik keçid

Bəlkə də bu tezisi Tehran və Mos­kvada anlamağı və qəbul etməyi arzulamırlar. Lakin geosiyasi zərurət, realpolitika qaydaları və gələcəyin perspektivi başqa məqamları diktə edir. Bir sıra hallarda ən böyük güclərin görmək istəmədikləri belə mənzərələr yaranır. İndi “3+3” formatını başlıca olaraq Cənubi Qafqazdan uzaq olan qüvvələrin regiona təsirini minimum etmək strategiyası çərçivəsində dəyərləndirirlər. Lakin ideyadan konseptə və oradan da konsepsiya səviyyəsinə keçəndə situasiyaya daha geniş miqyasda baxmaq ehtiyacı yaranır. Həmin bucaq altında İlham Əliyevin liderliyində yüksək strateji zəka, konstruktiv realpolitika faktoru və siyasətdə humanitarlıq və əməkdaşlığa milli maraqlar kontesktində verilən önəm çox aydın görünə bilir. 

Məsələ ondan ibarətdir ki, İlham ­Əliyev “Qafqaz evi”ndən “Qafqaz sinerjisi” yaratmaq səviyyəsinə keçid etməklə “3+3” formatını regional miqyasdan qlobal kontekstə istiqamətləmiş olur. Səbəbi çox sadədir. Çünki “3+3” formatına daxil olan ölkələr qlobal miqyasda əməkdaşlıq, təhlükəsizlik və sabitlik naminə çalışmalıdır ki, perspektivli layihələrdə ziddiyyətsiz iştirak mümkün olsun. Bu zaman geniş bir məkanda çoxlu sayda dövlətlərin əməkdaşlığı bir zərurətdir. O cümlədən, Zəngəzur Dəhlizinin bütövlükdə Orta Dəhliz çərçivəsində perspektivli geosiyasi hadisəyə çevrilməsi real görünür. 

Bunun fonunda Azərbaycanın təşəbbüsü ilə işlək olan bir neçə energetik, nəqliyyat-loqistika və informasiya layihələri konkret reallaşma imkanı əldə edir. Strateji olaraq bütün bunlar bərpa olunan (“yaşıl enerji”), müasir nəqliyyat-loqistika, iqtisadi, ən müasir informasiya texnologiyalarının tətbiqi və enerji təhlükəsizliyinin milli təhlükəsizliklərlə sıx əlaqəsi mümkünlüyünə aparıb çıxarır. Bu prosesdə artıq Avropa ölkələri də iştirakçıdırlar. Özü də Azərbaycanın “Qafqaz evi”+ “3+3” formatları ilə daxili əlaqələr şəraitində avropalılar iştirakçıdırlar. Faktlara baxaq.

Prezident İlham Əliyev keçən ilin sentyabrında İtaliyanın Çernobbio şəhərində təşkil edilən beynəlxalq konfransda çıxış edən zaman Azərbaycanın Avropa İttifaqı ölkələri ilə bir çox layihəsinin geosiyasi əhəmiyyətindən bəhs etmişdir. Dövlət başçısının məsələni Azərbaycanın enerji strategiyasının mərhələləri kontekstində qoyması olduqca səmərəli və məntiqli idi. Çünki Aİ-nin Cənubi Qafqaz istiqamətində enerji layihələri yalnız Azərbaycanın enerji strategiyası çərçivəsində konkret məzmun almışdır. 

Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsində ön sıraya “yaşıl enerji” (bərpa olunan enerji) məsələsi çıxmaqdadır. Bura Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Supsa, TAP, TANAP və ümumi halda “Cənub Qaz Dəhlizi” daxildir. Bu bağlılıqda Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılışı, Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması xüsusi əhəmiyyət kəsb edir.  

Bunlar Cənubi Qafqaz üçün nəzərdə tutulan “3+3” təhlükəsizlik və əməkdaşlıq formulunun stratejidə Avropanın da milli təhlükəsizliyi üçün sinergetik effekt verə biləcəyini göstərir. Bu anlamda İlham Əliyevin yeni lider kimi strateji proqnozlaşdırmaq qabiliyyətinin yüksək olduğuna qətiyyən şübhə yeri qalmır. Həmin kontekstdə Azərbaycan Prezideninin XXI əsrin yeni ruhlu liderlərindən biri kimi, strateji zəkasının bir başqa maraqlı aspekti üzərində düşünmək zərurəti yaranır.

(ardı var)

 

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət