Heydər Əliyevin Qafqaz siyasəti Azərbaycanı Şimalın təhlükələrindən qorudu

post-img

Görkəmli şair, dramaturq, nasir və publisist, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi Hidayət Orucovla müsahibə.

III söhbət

– Hidayət müəllim, ötən söhbətimizdə Ulu öndərin tapşırığı ilə  Lənkərana – qondarma “Talış-Muğan Respublikası”nın “prezidenti” elan etmiş Əliəkrəm Hümbətovla tutduğu separatizm yolundan geri çəkilməklə bağlı danışmağa getdiyinizi söylədiniz. Bu danışıqlardan hansı nəticəyə gəldiniz, Azərbaycanın o gərgin günlərində  bu kimi separatçılıq meyillərini qızışdırmaqda məqsəd nə idi? Heydər Əliyev bu kimi halların haradan körükləndiyini bilməmiş deyildi yəqin ki... 

– Şeyxülislamla Lənkərana getdik və orada icra hakimiyyətinin binasında deyil, qonaq evində Əliəkrəm Hümbətovla görüşdük. Çünki Əliəkrəm Lənkəran Şəhər İcra Hakimiyyətinin binasını zəbt edib orada oturmuşdu. 

Yeri gəlmişkən, onu da deyim ki, o zaman AXC hakimiyyətinin Lənkəran kimi bir regiona təyin etdiyi icra hakimiyyətinin başçısı da təsadüfi, sıradan bir adam idi. Heç bir  idarəçilik təcrübəsi, bölgədə nüfuzu belə yox idi. Mən əvvəl də Lənkəranda olmuşdum  və ona sərt tənqidi münasibətimi bildirmişdim. Hətta  qayıdandan sonra Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş  şöbəsinin müdiri Əli Kərimova dedim ki, o icra başçısı Lənkəranı idarə edə bilmir, vətəndaşlar ondan  narazıdırlar... 

Lənkəranda keçirdiyimiz görüşdə Əliəkrəmə izah etməyə çalışdım ki, onun tutduğu bu separatçılıq yolunun heç bir perspektivi yoxdur. Əvvəla, bu regionun əhalisi səni və sənin tutduğun yolu nə qəbul edir, nə tanıyır, nə də müdafiə edir. Ətrafında olan beş-on nəfərin fikri qətiyyən bu  yüz minlərlə insan yaşayan bölgə əhalisinin fikri deyil. 

Əliəkrəm dedi: “İcra hakimiyyəti Lənkəranı idarə edə bilmirdi, ona görə mən buranı götürdüm”. Dedim: “Axı bura dövlət qurumudur, sənin belə bir hərəkət etməyə səlahiyyətin yoxdur”. Mənim arqumentlərimin qarşısında söz tapa bilmirdi ki, cavab versin. Amma onu da dedi: “Kimi istəyirlər, gətirib qoysunlar, mən geri çəkilməyə hazıram”. Belə deməsinə baxmayaraq, ona qətiyyən inanmadım.

Əlbəttə, Cənubla bağlı Heydər Əliyevin tapşırığı əsasında hərtərəfli işlər gedirdi, bölgənin ağsaqqalları, ziyalıları ilə görüşlər keçirilirdi. Təbii ki, onlar Azərbaycan dövlətçiliyinin, Heydər Əliyevin yanında idilər. Amma ölkədə bir qrup adam var idi ki, onlar Əliəkrəmi öz maraqları üçün idarə edirdilər. Məsələn, Rəhim Qazıyev onunla dost idi. O, artıq vəzifələrini itirmiş bir adam idi, amma bununla barışmaq istəmirdi, əsassız iddiaları böyük idi. Rəhim Qazıyevə zəng etdim. Onunla bir saata qədər telefonda danışdım. Dedim: “Rəhim, sən Əliəkrəmlə dostsan?”. Dedi: “Bəli, mən onunla dostam”. Dedim: “Sənin dostun Azərbaycanı dağıtmaq, parçalamaq istəyir. Sən onunla necə dostsan? Buna necə dözürsən? Onunla danış, başa sal ki, bu tutduğu yolun heç bir perspektivi yoxdur. Regionun insanlarını, ictimaiyyəti gərginlikdə saxlamasın. Ölkədə erməni təcavüzünün davam etdiyi belə bir vaxtda bu separatizmin Azərbaycana böyük ziyanı dəyə bilər. Gözlənilməz hadisələr olar”. Dedi: “Hidayət bəy, onun tələbləri var, onlar yerinə yetirilməlidir”. Dedim: “Axı o, kimdir ki, dövlətə qarşı tələblər irəli sürür? Onun səviyyəsi, nüfuzu nədir ki, o, hələ bir tələb də irəli sürsün? Əliəkrəm qiyamçıdır, ətrafında olan kiçik bir dəstə ilə Azərbaycan dövlətinə qarşı qiyam qaldırıb. Əgər siz belə bir adamı dost hesab edirsinizsə...” Əsəbi şəkildə bunu deyib, telefonun dəstəyini qoydum. 

O zaman Heydər Əliyev  Ali Sovetin sədri idi və Prezident səlahiyyətlərini icra edirdi. Çünki Elçibəy Bakını tərk edib, gedib oturmuşdu Kələkidə. Mən bir əməkdaşımı göndərmişdim Lənkərana, uzun müddət orada qaldı və vəziyyət barədə, orada baş verən proseslər haqqında  hər saatdan bir mənə məlumat verirdi və mən də bir neçə rəsmi mənbədən aldığım məlumatlardan, özümün həll edə bilmədiklərimi  Heydər Əliyevə məruzə edirdim.  Yəni hər şey nəzarətdə idi.

Nəhayət, regionda vəziyyəti, insanların əhval-ruhiyyəsini tam dəqiqliklə öyrənəndən sonra ­Heydər Əliyev bölgənin ictimaiyyətinə müraciət ünvanladı. Ulu öndərin həmin müraciət zamanı söylədiyi bir fikiri indi də yada salanda içimdə kövrək duyğular baş qaldırır. Heydər Əliyev xalqa üz tutub dedi: “Mən həyatım boyu çox imtahanlardan çıxmış adamam. Bu gün tam qətiyyətlə deyirəm ki, xalqın gücü qarşısında heç bir silah üstün gələ bilməz. Xalqın iradəsini heç vaxt, heç bir silahla qırmaq olmaz. Ona görə mən də xalqa müraciət edirəm, həmin rayonların əhalisinə, onların ağsaqqallarına, ziyalılarına müraciət edirəm. Demək istəyirəm ki, ayağa qalxın, belə cinayətkarlara, belə xainlərə, xalqı, dövləti parçalamaq istəyən adamlara qarşı öz qüdrətinizi göstərin, cəsarətinizi göstərin və bölgədə əmin-amanlıq yaradın”.

Bunları dinlədikcə, öz-özümə dedim: “İlahi, kaş elə Qarbağda separatizm baş qaldıranda da Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olaydı və onun xalqa belə açıq müraciət etmək şansı olaydı. İnanmıram ki, o zaman erməni separatçıları Azərbaycana qarşı  belə geniş meydan sulaya biləydilər. Mən əminəm ki, Xankəndidə də o, belə bir çıxış etsəydi, o meydan da dağılacaq və Azərbaycanın başına bu qədər bəlalar gəlməzdi”. 

Ulu öndərin o  tarixi müraciəti Əliəkrəm Hümbətovun regionda heç bir nüfuzunun olmadığı və onun elan etdiyi qondarma  “Talış-Muğan Respublikası”nı bu bölgələrdə heç kimin dəstəkləmədiyi aydın oldu və o separatçılar öz rəhbərləri ilə birgə bir saatın içində iflasa uğradılar. Bunun özü həm də onu göstərdi ki, Heydər Əliyevin Azərbaycanın bütün regionlarında, o cümlədən, Cənub bölgəsinin insanları, sadə zəhmətkeşləri və ziyalıları arasında nüfuzu çox böyükdür. 

Cənub regionunda xalqın ayağa qalxıb  Əliəkrəm Hümbətovu və  “Talış Muğan Respublikası” kimi qondarma, oyuncaq bir qurumu səhnədən silməsi əslində, Heydər Əliyevin milli siyasət sahəsində ilk qələbəsi idi və bu qələbə ölkəni separatizmlə hədələyənlərə sərt, qəti və birmənalı mesaj oldu ki, Azərbaycan dövləti, hakimiyyəti separatizmin əl-qol açmasına imkan verməyəcək. 

– Bildiyim qədər, həmin dövrdə ölkədə separatçılıq hərəkatları cənubla, qondarma  “Talış Muğan Respublikası” və onun ideoloqu Əliəkrəmlə bitmədi.  Ölkənin şimalında da, qərbində də separatçı qüvvələr peyda olmuşdular və onların da iddiaları böyük idi. Bu separatçı qüvvələrə qarşı mübarizədə Heydər Əliyevin əsas silahı nə idi və  Ulu öndər az bir vaxtda Azərbaycanda həmrəyliyə, milli birliyə necə nail ola bildi?

– Əlbəttə, həmin dövrdə gənc müstəqil Azərbaycanın düşdüyü vəziyyətdən istifadə edib onu parçalamaq istəyən qüvvələr, ölkələr var idi. Onlar Azərbaycanı altı yerə parçalamaq istəyirdilər. Bu separatçı planlar xarici ölkələrdə hazırlanmış ssenarilər əsasında həyata keçirilməli idi. Heydər ­Əliyev bütün bu məkrli planlardan xəbərdar idi və çox səbrlə, böyük qətiyyətlə,  eyni zamanda, müdrikliklə onlarıın reallaşmasına imkan yeri belə qoymadı. 

Məsələn, 1990-cı ildə Dağıstanda  “Sadval” adlı separatçı anti-Azərbaycan təşkilatı yaratmışdılar. Təşkilatın ilkin məqsədi Rusiyanın bir neçə ərazi vahidini və Azərbaycanın Şimal bölgəsinin 9 rayonunu ayırıb “Ləzgistan” adlı “dövlət”  yaratmaq idi. “Sadval”ın başında Rusiya Müdafiə Nazirliyinin Şimali Qafqaz hərbi dairəsinin keçmiş komandan müavini Qəhrəmanov familyalı bir general dururdu. 

Əslində, bu təşkilat Heydər Əliyevin hakimiyyətə qayıdışından əvvəl meydana gəlmişdi və 1992-1993-cü illərdə çox fəallaşmışdı. Məsələn, onlar o zaman Dağıstanın Məhərrəm kəndində mitinqlər keçirib, orada Azərbaycana qarşı açıq-aşkar ərazi iddiaları səsləndirirdilər.  Hətta Azərbaycan ərazisində milli münaqişəyə səbəb ola biləcək  şüarlar söyləməkdən belə çəkinmirdilər.  “Sadval”çılar xüsusilə Xaçmaz, Qusar və ətraf rayonlarda çox fəallaşmışdılar. Təşkilatın ideoloqları Xudatın, Xaçmazın tabeliyindən çıxarılıb ayrıca rayon olması, Xudatın Qusar rayonu ilə birgə milli mahal olması və “Ləzgistan dövlətinin” yaradılması kimi iddialar irəli sürürdülər. Hələ Əbülfəz Elçibəyin dövründə mənim bu təşkilatın fəaliyyətindən yetərincə məlumatım var idi və o rayonların rəhbərləri, bölgənin ziyalıları ilə sıx işləyirdim. 

Biz  “Sadval”ın nə məqsədlə fəaliyyət göstərdiyini, baş verən bütün prosesləri diqqətlə izləyir, hər bir addımlarını ciddi nəzarətdə saxlayırdıq. Hətta “Sadval”ın üzvləri bir dəfə Xaçmaz rayonunun Yalama kəndinə silah keçirərkən yaxalanmışdılar. Bizim hüquq-mühafizə orqanları bir maşın silah ələ keçirmişdilər. 

1993-cü ildə respublika rəhbərliyinə, o cümlədən, mənə dəqiq məlumat daxil olmuşdu ki, Novruz bayramı ərəfəsində “Sadval” Azərbaycana qarşı ikinci cəbhə açmağı planlaşdırır. Plan Moskvadakı xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən hazırlanmışdı. Əlimizdə kifayət qədər faktlar da var idi. Aldığımız məlumatda bildirilirdi ki, general Qəhrəmanovun rəhbərliyi ilə böyük bir qrup Azərbaycan–Rusiya sərhədini keçib Qusarın 25-ci ərazisində mitinq təşkil edəcək və burada süni şəkildə silahlı çaxnaşma yaradılacaq, hər iki tərəfdən ölən və yaralananlar olacaq, bununla da münaqişəyə start veriləcək.  

Hüquq-mühafizə orqanlarımız bu haqda xəbər alandan dərhal sonra həmin qrupun sərhədi keçməsinə mane olmadılar. Amma ölkəmizə daxil olan bütün adamlar, onların olduğu maşınlar, təşkilatçılar, xüsusi xidmət orqanlarının çox peşkarlıqla hazırlanmış əməliyyatı nəticəsində nəzarətə alındılar və təbii ki, separatçıların planları baş tutmadı. Amma görünür məsələdən xəbərsiz olan Rusiya tərəfi,  həmin axşam “Vesti” televiziya proqramında belə bir məlumat yaydı ki, guya, Qusarın 25-ci ərazisində keçirilən mitinq zamanı ölənlər və yaralananlar olub. Təxribat xarakterli bu xəbərin isə heç bir əsası yox idi. Buradan aydın görünürdü ki, Rusiyanın o zamankı hakimiyyətində bir çox qüvvələr  və Ermənistan bu separatçı qüvvələri açıq və ya gizli formada dəstəkləyirlər. 

Bir faktı deyim. 1993-cü ilin iyun hadisələri və xalqın tələbi ilə  Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra da bu proseslər dayanmadı. Həmin ilin payızında Bakıda Filarmoniyada Süleyman Stalskinin yubileyini keçirirdik. Axşam Qusarda iğtişaşlar törətməyə başladılar. Qusarın Piral kəndində bir insident olmuşdu.  Polis orqanları çox vacib olan bir əməliyyat həyata keçirirmiş. Bu zaman ehtiyatsızlıqdanmı, bəlkə də cinayətkarların tabesizlik göstərməmələri üzündənmi, iki nəfər odlu silahdan açılan atəş nəticəsində həlak olmuşdu. Bu hadisədə maraqlı olan qüvvələr o iki cənazəni gətirib Qusar Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda qoyub mitinq keçirirdilər. Elə çox adam olmasa da, orada Azərbaycan dövlətinə qarşı çıxışlar etməyə başlamışdılar. 

Bu azmış kimi o zaman hələ fəaliyyət göstərən rayon sovetinin deputatları Qusar rayonunun keçmiş  XDS İcraiyyə Komitəsinin binasına toplaşmışdılar. Cəfəng ideyalar müzakirə edir, əvvəldə qeyd etdiyim 9 rayonu Azərbaycandan ayırıb Ləzgistan yaratmaq iddiasında idilər. Bu açıq-aşkar ermənilərin Dağlıq Qarabağ ssenarisi idi və görünür elə bu plan da İrəvanda hazırlanmışdı və Moskvada müəyyən dairələr bunu dəstəkləyirdilər. Amma biz aydın bilirdik ki, Şimal bölgəsinin vətəndaşları, ziyalı, zəhmətkeş ləzgilər bunu dəstəkləmirlər.  

Heydər Əliyev bölgəyə dövlət və hökumət adamlarından ibarət böyük nümayəndə heyəti göndərdi. Baş nazirin birinci müavini, mən, hüquq-mühafizə orqanlarının rəhbərləri və sair adamlar heyətdə təmsil olunurduq.  

Vəziyyət elə gərgin idi ki, biz Qusar Rayon İcra Hakimiyyətinin binasına gedə bilmədik. Çünki binanın qarşısına mitinqçilər toplaşmışdılar, orada təxribat etmək istəyən qüvvələr var idi. Biz getdik rayon polis idarəsinə və iki gün burada işləməli olduq. Elə gecələr də burada qalırdıq. Gördüyümüz izahat işləri, rayon ziyalılarını, ağsaqqalları və dövlətə sədaqətli adamları bura cəlb etməyimiz,  onların apardıqları təbliğat işləri öz nəticəsini verdi və gərginlik aradan qaldırıldı. Bütün bunların sayəsində “Sadval” Azərbaycanın şimalında yaşayan ləzgilərin dəstəyini ala bilmədi. Müəyyən müddətdən sonra  general Qəhrəmanov oradan qaçmağa məcbur oldu. 

Əlbəttə, bu, ilk növbədə, ­Heydər Əliyevin zəkasının, bölgədəki nüfuzunun qələbəsi idi. Yəni Cənub bölgəsində olduğu kimi, Şimalda da Heydər Əliyev amili həlledici rol oynadı. Çünki ləzgi xalqı da Ulu öndərə böyük sevgi və ehtiram bəsləyir, onun sözünə inanırdı. Elə bu səbəbdən də Şimal qonşularımızın o zamankı hakimiyyətinin məkrli planlarını gerçəkləşdirmək üçün orada yaradılmış “Sadval” təşkilatına ən güclü müqaviməti məhz bölgədə yaşayan ləzgi xalqının özü göstərdi. Bununla da Heydər Əliyev Şimal regionunda vəziyyətin sabitləşməsinin əsasını qoya bildi.

Açığını deyim ki, Bakıda da, hətta hakimiyyət orqanlarında, Qusarın özündə, Dağıstanda bu hadisələri dəstəkləyən, onlara haqq qazandıran qüvvələr var idi. Onlar, hətta sərt şəkildə məsələ qaldırırdılar ki, icra hakimiyyətinin başçısı vəzifədən getsin. Qusarda mitinqlər, təxribatlar başlayanda Qusar Rayon İcra Hakimiyyətinin başçısı orada olmamışdı, Bakıda Süleyman Stalskinin yubiley tədbirində iştirak edirdi. 

Vəziyyət sakitləşəndən və normal axara düşəndən sonra Bakıda Heydər Əliyev müşavirə  çağırdı. Burada bəzi yoldaşlar təklif etdilər ki, Qusar Rayon Icra Hakimiyyətinin başçısı vəzifədən azad edilsin. Təbii ki, Heydər Əliyev çox qətiyyətli, düşünülmüş qərar verən bir insan idi və bütün çıxışları diqqətlə dinləyirdi. Növbə mənə çatanda çıxış edib dedim: “Cənab Prezident, bu dəqiqə o rayonda icra başçısı olmaq istəyən 16-17 adam var. Bunların da əksəriyyəti təmiz yolla deyil, çirkin yollarla başçı olmaq istəyirlər. Əgər bu gün bu tələblərlə icra başçısı dəyişsə, bir vaxtdan sonra yenidən bu məsələyə qayıdarıq. Əvvəla, son illərdə orada bir neçə icra hakimiyyəti başçısı dəyişiblər. Bu icra hakimiyyətinin başçısı onlardan  yaxşı işləyib. Piral kəndində hadisələr törədiləndə və icra hakimiyyətinin binası qarşısında mitinq başlayanda isə icra başçısı Bakıda, Stalskinin yubileyində iştirak edirdi. Mənə elə gəlir ki, bu icra başçısını müəyyən müddət vəzifəsində saxlamaq lazımdır ki, orada çaxnaşma yaratmaq istəyən qüvvələrdə icra başçısı dəyişmək ehtirası sönsün”.

Ulu öndər hər hansı müşavirədə, iclasda bir fikri iki dəfə deməyi sevməzdi. Amma o müşavirəni yekunlaşdıranda iki dəfə dedi: “Hidayət Orucov düz deyir, indi o icra başçısını dəyişməyimiz doğru olmazdı”. Həmin icra başçısı İkram Əmirov vəzifədə qaldı və 2004-cü ilə qədər orada işlədi.

Bu hadisələr yekunlaşandan sonra görülən tədbirlər və dövlətin bununla bağlı mövqeyini Qusar rayonunun, ümumiyyətlə, bölgənin ictimaiyyətinə çatdırmaq lazım idi. Ulu öndər bu məsələni mənə həvalə etdi və tapşırıq verdi: “Gedirsən Qusara, rayon fəallarının, ziyalıların, ağsaqqalların iştirakı ilə toplantı keçirirsən və orada bizim bugünki toplantının qərarını, dövlətimizin hadisələrə münasibətini bəyan edirsən”. Qusara gedib prezident səlahiyyətlərini icra edən Ali Sovetin sədri Heydər Əliyevin tapşırdığı kimi toplantı keçirdim, deyilənləri rayon aktivinə, ağsaqqallara, ziyalılara çatdırdım və sonda Bakıdakı iclasın qərarını oxudum. Zal bütün çıxışımı alqışlarla qarşıladı. 

Zərərli təşkilatlardan biri də “İmam Şamil adına Xalq Cəbhəsi”  təşkilatı idi. Bu təşkilatın üzvləri də guya “Avarstan” yaratmaq iddiasında idilər. Maraqlıdır ki, Azərbaycanın eyni bölgələrini “Sadval” “Ləzgistana” daxil etmişdi, “İmam Şamil adına Xalq Cəbhəsi”  “Avarıstana”. Mən bəzən bu təşkilatlara münasib olan insanlara istehza ilə deyirdim, “bunlar əvvəl oturub bunu öz aralarında dəqiqləşdirsinlər, sonra ortaya çıxarsınlar heç olmaya”. 

– Hidayət müəllim, Azərbaycanda müstəqilliyin ilk illərindən başlayaraq bu separatçı hərəkatlar niyə belə geniş və açıq xarakter almışdı? Buna rəvac verən nə idi?

– Əlbəttə, əsas səbəb hakimiyyətdəki boşluqlar, ölkədəki xaos və bir də dövlətçiliyin zəif olması idi. Digər tərəfdən də erməni təcavüzü genişlənməyə başlayanda bu qüvvələr düşündülər ki, indi ən münasib vaxtdır və planlarını reallaşdırmaq daha asandır.  Kənar qüvvələr, müstəqil Azərbaycan dövlətinin varlığını istəməyən dövlətlər də bunu körükləyir, separatçılara müxtəlif vasitələrlə dəstək verirdilər. 

Bir məsələni də qeyd edim. Məsələn, Azərbaycanda yaşayan rusların bir qismi Qarabağ hadisələri alovlanmağa başlayanda evlərini tərk edib Rusiyaya getmişdilər. Ermənistandan, Yuxarı Qarabağdan doğma ev-eşiklərindən didərgin düşən soydaşlarımız bura axın edəndə gəlib onların evlərini tutmuşdular. Rusiyada bəzi qüvvələr buna milli məsələ donu geydirməyə çalışırdılar. Mən bütün imkanlarımla bunu Rusiyanın mərkəzi mətbuatına və Moskvadakı rəhbər orqanlara bildirməyə çalışırdım ki, bu, milli məsələ deyil, beynəlmiləl məsələdir. Çünki həmən qaçqınlar daha çox gəlib azərbaycanlıların müvəqqəti boş qalan evlərinə girirdilər, nəinki rusların və ya digər millətlərin.

Çətin məsələlərdən biri qaçqınlar problemi idi. Onları yerləşdirmək, sosial tələbatlarını ödəmək, hüquqlarını müdafiə etmək çox vacib idi. Ayaz Mütəllibovun hakimiyyəti illərində onlara qarşı çox ədalətsizliklər olmuşdu. Məsələn, Qərbi Azərbaycandan deportasiya edilən azərbaycanlıların bir qismi, Ermənistandakı evlərindən didərgin düşəndə evlərini Bakıda yaşayan ermənilərlə dəyişmişdilər, bir qismi Bakıda özünə ev almışdı. Amma Mütəllibov hakimiyyəti min hiylə ilə, bəzən zorla onları Yuxarı Qarabağa köçürmüşdülər.  Bu yerlər isə erməni silahlı dəstələrinin hücumlarından, erməni təcavüzündən müdafiə olunmamışdılar və müəyyən müddətdən sonra Ermənistanın təcavüzü geniş miqyas alanda onlar yeni yurd-yuvalarından da didərgin düşdülər. Yenidən qayıdıb Bakıya gələndə, məlum olurdu ki, bir çoxlarının evləri şəhər icra hakimiyyətinin işbazları tərəfindən başqa adamlara satılıb. 

Belə hadisələr milli zəmində xırda münaqişələrə səbəb olurdu və yaxın xarici ölkələrin keçmiş rəhbərliyi, daxildəki separatçı təşkilatların liderləri buna millətçilik donu geydirmyə çalışır, öz iddialarını irəli sürürdülər. Ona görə də milli münasibətlər çox vacib bir məsələ kimi ortaya çıxmışdı. 

Bax, belə bir vəziyyətdə prosesləri nəzarətdən çıxmağa qoymamaq, yaranan qarışıqlığı  nizamlamaq, idarəçiliyi bərpa etmək və qanuni axara salmaq əlbəttə Heydər Əliyev istedadı, dövlətçilik təcrübəsi, müdrikliyi və zəkası tələb edirdi. Ulu öndər bunun öhdəsindən çox böyük ustalıqla və şərəflə gəldi. 

Əvvəla, Heydər Əliyev ilk olaraq müəkəmməl dövlət quruculuğunu ən vacib məsələ kimi həll etməyə başladı. Bununla paralel olaraq mühüm məsələ olan milli münasibətləri normal axara salmaq üçün prioritetlərini bəyan etdi və  qısa zamanda Ulu öndərin tapşırığı,  mənim rəhbərliyimlə milli siyasət məsələləri üzrə dövlət müşavirliyinin  milli azlıqların yerlərdəki təşkilatları ilə mükəmməl iş planı hazırlandı. Bu sahənin rəhbəri olaraq həssas bölgələrə müntəzəm səfərlərə başladım, rayon rəhbərləri və Vətənini sevən, Azərbaycanın bütövlüyü yolunda səylərini əsirgəməyən milli azlıqların qeyrətli oğulları, ziyalıları ilə ciddi işlər gördük. 

 

(ardı  var)

İlqar RÜSTƏMOV, 
Əməkdar jurnalist,
XQ

 



Müsahibə