I Aramın ABŞ Konqresindəki Qarabağ çərənləməsi

post-img

Qurumun Nümayəndələr Palatası ermənipərəstliyə “sadiqdir”


Kilikiya evinin (Livan, Suriya və Kiprin yunan hissəsindəki ermənilərin) baş keşişi I Aram ABŞ-da olub. İlk baxışdan məsələdə qeyri-adi heç nə yoxdur. Amma diqqət yetirəndə bəzi mətləblər üzə çıxır. I Aramı Birləşmiş Ştatlara ölkə Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Şiff dəvət edib. A.Şiffin isə ermənipərəstliyi hər kəsə yaxşı məlumdur. Onun ABŞ-dakı erməni lobbi və diaspor təşkilatları ilə yaxınlığı, onların əli ilə hərəkətə gətirildiyi də həmçinin. 

Əlqərəz, erməni keşiş səfər çərçivəsində Nümayəndələr Palatasının sessiyasının açılışında xeyir-dua verib və ən əsası isə bunu edərkən Qarabağdan danışmağı yaddan çıxarmayıb. Əvvəlcə onu bildirək ki, tarixən kilsə erməni avantürizminin başlıca dayağı, ilhamvericisi, “ideya mənbəyi” rolunda çıxış edib. Erməni millətçiliyinin qızışdırılması, türklərə və azərbaycanlılara nifrət ritorikası da loru dildə desək, onun yastığının altından çıxıb. İstər 1988-ci ildə Qarabağ münaqişəsi başlayanda, istər torpaqlarımızın işğalında, istərsə də II Qarabağ müharibəsi zamanı erməni kilsəsi yaramaz, din adına ləkə “dəstxətinə” sadiq qalıb. Halbuki, din xadimi imicinə malik şəxslər sülhü, insanpərvərliyi təbliğ etməli idilər. 

Yeri gəlmişkən, erməni katolikosu II Qaregenin də dəfələrlə ali dəyərlərdən uzaq çağırışlarının şahidi olmuşuq. O Qaregin ki, Ermənistanda onun üzdəniraq, uşaqbaz olması, azyaşlı oğlan uşaqlarına cinsi təcavüz etməsi ilə bağlı söz-söhbətlər səngimək bilmir. Ümumən, 1999-cu ildən bütün ermənilərin baş kahini sayılan II Qaregin müxtəlif vaxtlarda dünyəvilər, keşişlər və hətta iki erməni patriarxı (Yerusəlim və Konstantinopol) tərəfindən kilsə həyatının maddi tərəfinə hədsiz bağlılıqda və avtoritar idarəçilikdə günahlandırılıb. Onun rəhbərliyi dövründə kilsənin idarəçiliyini mərkəzləşdirmək cəhdləri dindarlarla və diaspor arasında əsas problemə çevrilib. 

Onu da bildirək ki, 2018-ci ildə Nikol Paşinyan baş nazir seçiləndən dərhal sonra Ermənistanda II Qareginə qarşı açıq müxalifətə keçənlər olub. Həmin ildəki kütləvi aksiyalar zamanı ölkə boyu minlərlə insan hakimiyyətin dinc yolla dəyişməsinə çalışarkən bir qrup din adamı və dindar kilsə daxilində də islahatlara başlamaq qərarına gəlmişdilər. “Yeni Ermənistan – yeni patriarx” hərəkatında birləşən bu şəxslər katolikosun və bəzi yepiskopların istefasını, kilsəyə yeni rəhbərin seçilməsini tələb edirdilər. Bu baxımdan, Eçmiədzindəki kilsələrindən Müqəddəs Qayane Monastırının rəhbəri Koryun Arakelyan xüsusi fəallıq göstərirdi. “Sadə dindarlarda olan Allaha inam bizim katolikosda yoxdur. Kilsəmizin azad olması və təmizlənməsi; ona qüsursuz və nümunəvi davranışlı, dua oxuyan və öz xalqını sevən patriarxın rəhbərlik etməsi vaxtı gəlib çatıb”, – deyən K.Arakelyan bunu da bildirirdi: “Mənimçün kilsə Qaregin deyil, bizim müqəddəs atalarımızdır. Mən onlarla cəhənnəmə getməyə hazıram, nəinki katolikosla cənnətə”.

I Aram da özünün İrəvandakı həmkarından fərqlənmir. Bütün normal insani hisslərdən uzaq Kilikiya evinin baş keşişi ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasında xeyir-dua verərkən, Qarabağ erməniləri üçün də “göz yaşı töküb”. Bildirib ki, onları öz vətənlərindən çıxmaları zorla gerçəkləşdirilmiş prosesdir. Bundan əvvəl isə A.Şiff çıxış edib və I Aramı salamlayarkən bildirib ki, guya onun iman, icma və mərhəmət dəyərlərinə sarsılmaz sadiqliyi ABŞ-ın erməni icmasının ruhunu təcəssüm etdirir. Şiff ruh məsələsində haqlıdır. Çünki I Aram ən azı Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilatlarının təmsilçiləri qədər həyasız məxluqdur. Onun nə danışmasının, nə deməsinin heç bir önəmi yoxdur. Çünki söylədikləri cəfəngiyyatdır. Başlıca məsələ Konqresin Nümayəndələr Palatasının onu fetişləşdirməsidir. Bəli, ABŞ-ın ali qanunverici orqanının aşağı palatası bu şəxsi bir növ müqəddəsləşdirməklə əslində Azərbaycan–­Ermənistan sülh prosesindəki hazırkı reallıqlara qarşı çıxdığını göstərir. Məlumdur ki, I Aramı “xeyir-duaya” çağıranlar onun nə deyəcəyini də gözəl bilirdilər. 

Digər tərəfdən, bir məqamı da vurğulayaq ki, istər I Aram, istərsə də II Qaregin yenə də Ermənistanın mövcud hakimiyyəti ilə ziddiyyət içərisindədirlər. Ötən il bu iki “din xadimi” Daşnaksütyun Partiyası ilə birgə Paşinyan administrasiyasının təşkilatçılığı ilə gerçəkləşmiş ümumerməni sammitində iştirakdan imtina etmişdilər. Həmin vaxt I Aramın bəhanəsi qəribə olmuşdu. O demişdi ki, İrəvana əlverişsiz hava şəraiti və atmosferin zəhərli olması səbəbindən getməyəcək. Göründüyü kimi, Kilikiya evinin baş pontifiki kifayət qədər anlamlı mesaj verir – mühit zəhərlidir. Heç şübhəsiz, onun fikrincə, belə bir mühiti formalaşdıran məhz N.Paşinyandır, Ermənistan hakimiyyətidir. 

R.ƏVƏZ
XQ

 

Siyasət