Azərbaycan müasir müharibənin necə aparıldığını göstərdi

post-img

“Azərbaycan həm İsrail, həm də Ukraynaya nümunədir. O, müasir reallıqlarda Ukraynaya, eləcə də İsrailə müharibənin necə aparılmalı olduğunu göstərib”.

Bu barədə Saratov vilayət dumasının "Vahid Rusiya"dan olan keçmiş deputatı, politoloq Dmitri Çernışevski özünün “YouTube” kanalında Ukrayna və İsraildəki qarşıdurmaları təhlil edərkən danışıb.

O, hesab edir ki, müasir müharibələrdə informasiya komponenti əvvəlki dövrlərdən daha vacib rol oynayır.  “Ermənistan Azərbaycanın bir hissəsini işğal etdikdə ölkədə ən azı 700 min, bəlkə də bir milyon qaçqın var idi. Yurd-yuvalarından didərgin salınan, mülkləri əlindən alınan, öldürülən, təcavüzə uğrayan bu insanlar üçün Qərbdə heç kim göz yaşı tökməyib. Qərb hər şeyə göz yumub. Çünki o vaxtlar, 1990-cı illərdə Ermənistan informasiya gündəminə tamamilə hakim idi. Bu illərdə Azərbaycan təkcə Birinci Qarabağ müharibəsində deyil, informasiya müharibəsində də uduzdu”, – deyə ekspert bildirib.

“İndi isə nə görürük? Azərbaycan həm informasiya sahəsində, həm də İkinci Qarabağ müharibəsində parlaq qələbə qazandı. Qərb daxil olmaqla, müxtəlif yerlərdə Azərbaycanın əleyhinə və tamamilə yalan fikirlər səsləndirilir. Çünki onlar reallığa məhəl qoymurlar. Lakin bu fikirlər Azərbaycana olan müsbət münasibətlər fonunda nəzərə çarpmır”, – politoloq qeyd edib.

Politoloq vurğulayıb ki, Azərbaycan qalib gəlməyin çox çətin olduğu bir vəziyyətdə qələbə qazanıb: “Bu, kifayət qədər həssas və çətin vəziyyət idi. Burada günahkar tərəf olmaq çox asan idi. Amma Azərbaycan bu vəziyyətlə üzləşmədi. Yəni Azərbaycan informasiya sahəsində tam qələbə qazandı. Lokal antiterror tədbirləri cəmi iki gün davam edib. Bu müddət ərzində Azərbaycan qalib gəlib və bununla da “blitskriq” təmin edilib. Əslində, bu, zəruri şərtdir”.

Ekspertin sözlərinə görə, Azərbaycan öz “blitskriqi” və informasiya komponenti ilə həm Ukraynaya, həm də İsrailə tamamilə qüsursuz nümunə göstərir: “Son üç müharibədən yalnız biri müasir idi. Söhbət İkinci Qarabağ müharibəsindən gedir. Bu, çox güclü informasiya dəstəyi ilə müşayiət edilən ildırımsürətli müharibə idi”.

 

XQ

 

Siyasət