Fransa Hərbi Qənimətlər Parkında öz texnikasını görmək istəyirsə...

post-img

Rəsmi Paris Ermənistanı silahlandırmaqla Brüssel gündəliyinə zərbə vurur

Fransa Azərbaycan–Ermənistan sülh prosesinə zərbə vurmaqda israrlıdır. Ölkə var gücü ilə buna çalışmaqdadır. Hazırda Parisin mövcud istiqamətdəki dinamikasını müəyyənləşdirən cəhət onun İrəvanı silah-sursatla təchiz etməsidir. Fransanın “Acmat” şirkətinin istehsalı olan çoxməqsədli “Bastion” zirehli texnikası üçün komponentlər artıq Ermənistandadır. Heç şübhəsiz, silahlandırma prosesi daha da güclənəcək. Parisdən eşidilən bəyanatlar belə düşünməyə əsas verir. Bəyanatların məzmunu isə bundan ibarətdir ki, guya, Ermənistanın təhlükəsizliyinin qorunmasına ciddi ehtiyac var. 

Bəli, hazırda istər rəsmi İrəvanın ayrı-ayrı mənsubları, istər erməni siyasi industriyasının təmsilçiləri, istərsə də xaricdəki ermənipərəstlər məhz Ermənistanın təhlükəsizliyinin qorunması müstəvisində polemika açmaqdadırlar. Avropanın müxtəlif təsisatları da bununla bağlı “fəallıq” göstərməkdədirlər. Bu prosesdə Azərbaycanın demonizasiyası başlıca xətti təşkil edir. Sanki ölkəmiz suveren Ermənistan ərazisinə hücum çəkməyə hazırlaşır. Bu yolla Ermənistanın silahlandırılmasına bir növ leqallıq libası geyindirilir. 

Cənubi Qafqazdan sülh gözləntisinin aktual olduğu bir vaxtda Fransanın atdığı addımlar bu aktuallığa tam şəkildə qeyri-adekvatdır. Belə bir dəst xət isə əvvəldə də bildirdiyimiz kimi, Bakı–İrəvan nizamlamasına zərbə vurmaqdadır. Deməli, Avropa İttifaqının təşəbbüsləri əhəmiyyətini itirmiş kimi görünür. Müvafiq olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin missiyasının da artıq iflasa uğradığını söyləməyə əsas var. 

İlk baxışdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmaya da bilər. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, istəklərinə çatıb. İrəvan da itirdiyini itirib, Qarabağ avantürası bitib. Yəni, məsələnin hansısa sənəddə təsdiqlənməməsi keçərli kimi görünə bilər. Ancaq bölgədə sülhün olmaması yeni müharibə ehtimallarını gücləndirməkdədir. İndiki halda Ermənistan üzərinə ciddi şəkildə əməl edəcəyi öhdəlik götürməli, iddialarından əl çəkdiyini rəsmən bəyan etməlidir. Müqavilə məhz bu baxımdan vacibdir. Rəsmi İrəvan isə məsələ ilə razı deyil. Razılaşmadığını ən müxtəlif forma və üsullarla isbatlayır. 

Bəli, Azərbaycanla qeyd-şərtsiz sülhə razı olmadığı müddətdə Ermənistan Cənubi Qafqazda təhlükə və təhdid mənbəyi kimi qalacaq. Hazırkı durumda onun bu statusunu müəyyənləşdirən Avropa İttifaqında mühüm rol oynayan Fransadır. Əslində Fransa oktyabrda keçirilmiş Qranada sammiti zamanı qondardığı birtərəfli sülh gündəliyi ilə mövcud istiqamətdəki inadını ortaya qoymuşdu. Nəzərə alaq ki, sözügedən sammitdə ölkə Prezidenti Emmanuel Makronun, həmçinin Şarl Mişelin, Almaniya Kansleri Olaf Şoltsun və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı sənədlər Brüssel gündəliyinə tam zidd idi. Həmin sənədlərin bölgədə yeni reallıq formalaşdırmağa hesablandığı gün kimi aydındır. Ermənistan Qranada gündəliyini ehkamlaşdırması, bu gündəliyi sülhün baza prinsipi kimi irəli sürməsi onu deməyə əsas verir ki, ölkə Azərbaycanın razılaşmayacağı məsələlər üzərinə fokuslanmaqla durumu mürəkkəbləşdirmək yolu tutur. Fransanın silah-sursat yardımı isə mürəkkəbliyə rəng qatmaqdadır. Görünür, Parislə İrəvan arasında bir müddət əvvəl imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsi artıq öz “bəhrəsini” verməkdədir. Bu öz yerində. 
N.Paşinyanın Fransaya səfəri və orada verdiyi bəyanatlar da cütlüyün anti-sülh ritorikasını təsdiqləməkdədir. 

Mövcud vəziyyətdə Azərbaycan nə etməlidir? Əlbəttə, ölkəmiz Fransanın Ermənistanı silahlandırması niyyətlərini qətiyyətlə pislədi. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin bildirdiyi kimi, hərbi yardım Ermənistanın regiondakı destruktiv fəaliyyətinə dəstəkdir. Azərbaycan ictimaiyyəti də məsələyə sərt reaksiya verir. Ancaq məlumdur ki, təkcə sözlə qınaq heç nəyi həll etmir. İndiyədək də bölgədə hər şeyi həll edən yeganə faktor güc olub. Yəni, istər Ermənistanın, istər Fransanın, istər xaricdəki ermənipərəstlərin anladıqları yalnız güc dilidir. Görünür, bu dil Ermənistanı sülhə məcburetmə üçün də əsas seçilməlidir. Yoxsa, Fransadan gələn hərbi yardım karvanlarının ard-arası kəsilməyəcək və şübhə yoxdur ki, günün birində Ermənistanın hərbi birləşmələri fransız “Bastion”larını minib üstümüzə gəlmək istəyəcəklər. Nə deyək, gəlsinlər. Gəldikləri kimi gördükləri də olacaq. Elə Fransanın da. Ölkə Bakıdakı Hərbi Qənimətlər Parkını öz istehsalı olan hərbi texnikanın da bəzəməsini çox arzulayırsa, onun bu niyyətinin gerçəkləşməsinə müvafiq dəstək göstərə bilərik.

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət