ATƏT PA-nın İrəvanda payız sessiyası, yoxsa erməni avantürizminə növbəti dəstək

post-img

Qurum Cənubi Qafqazdakı durumu gərginləşdirmək yolu tutmaqdadır

Dünya ermənipərəstlərinin növbəti qrupu İrəvanda toplaşacaq. 57 ölkədən 300-ə yaxın nümayəndə noyabrın 18-20-də Ermənistanın paytaxtında olacaq. Onlar Cənubi Qafqaz regionu ilə bağlı məsələləri müzakirə edəcəklər. Söhbət ATƏT-in Parlament Assambleyasının payız sessiyasının İrəvanda keçirilməsindən gedir. 

Qeyd edək ki, bu il iyunun 13-də Ermənistan parlamentinin spikeri Alen Simonyan ATƏT PA-nın sədrinə və baş katibinə müraciət ünvanlayaraq ölkəsinin qurumun payız sessiyasını keçirməyə hazır olduğunu bildirmişdi. Həmin vaxt Azərbaycan–Ermənistan münasibətlərində indiki gərginlik müşahidə olunmasa da, məlum idi ki, baş nazir Nikol Paşinyanın komandası ATƏT tribunasını da özünün anti-Azərbaycan platformasına çevirməyi hədəfləyir. Hazırda isə məsələ, belə demək mümkünsə, tam bişib. 

Diqqət edək, ATƏT PA-nın İrəvandakı payız sessiyası “ATƏT böhranlı durumlarda: Parlament Assambleyasının daxili və xarici çağırışlarla mübarizədə rolu” şüarı altında keçiriləcək. Göründüyü kimi, Ermənistanda böhranın olduğu qəbul edilir. Burada daxili çağırış anlamında baş nazir Paşinyan iqtidarını yıxmaq istəyənlərdir. Yəni, başlıca olaraq ruspərəst qüvvələr. Böyük xarici çağırış isə şübhəsiz ki, Azərbaycandır. Ümumən, yığıncağın anti-Azərbaycan motivli olacağını indidən söyləmək mümkündür. 

Bəli, bu, o ATƏT-dir ki, Minsk Qrupu adlı təsisatı uzun müddət Azərbaycanın torpaqlarının Ermənistanın işğalı altında qalmasını leqallaşdırmaq yolu tuturdu. Qurumun həmsdərləri illərlə regiona mənasız səfərlər gerçəkləşdirirdilər, Qarabağ probleminin həlli yerinə, danışıqları imitasiya edirdilər, vaxt uzatdırdılar ki, Azərbaycan xalqı öz haqq işini unutsun. İndi də utanmaz-utanmaz Ermənistana yığılır, ölkəyə mənəvi dəstək yolu tuturlar. Guya orada böhran həll edəcəklərmiş... 

Bəli, ATƏT PA Ermənistanın mühüm anti-Azərbaycan tribunası, ermənipərəstlik alətidir. Qurum özünün payız sessiyasını Ermənistanda keçirmək qərarı ilə beynəlxalq ictimaiyyətin diqqətini Cənubi Qafqaza yönəltmək məqsədi güdür. Məqsəd diqqəti bilavasitə Ermənistan ətrafında cəmləşdirməkdir. Ölkənin məzlum obrazını canlandırmaq başlıca xətti təşkil edir. Guya ölkə Cənubi Qafqazda demokratiya qalasıdır və əgər dünya həmrəylik göstərməsə, bu qala yad qüvvələr tərəfindən dağıdılacaq. 

ATƏT PA-nın İrəvanda sessiya keçirmək məntiqi eyni zamanda Ermənistanın anti-Rusiya siyasətinin təzahür formasıdır. Şübhəsiz ki, qurumun payız gündəliyində Bakı ilə yanaşı Moskva da təhlükə mənbəyi kimi göstəriləcək. Faktiki olaraq İrəvan özünün açıq tekstlə Rusiya əleyhinə söyləməyə cəsarət etmədiklərini ATƏT-in deputatlarının dili ilə gündəmə gətirəcək. 

ATƏT PA-nın İrəvanda sessiya təşəbbüsü həm də beynəlxalq miqyasda geniş tüğyan edən ikili standartlar siyasətinin nəticəsidir. Olmazdımı ki, qurum Azərbaycanda da öz iclasını keçirsin. Əlbəttə, yox! Çünki erməni təəssüb­keşliyi onun bəyan etdiyi və keşiyində durmağa mükəlləf olduğu ali prinsiplərdən qat-qat öndə dayanan məsələdir. ATƏT ermənipərəstlik naminə həmin prinsipləri heçə saymaqda pərgardır. Şübhə yoxdur ki, İrəvan parlamentindəki iclas da növbəti ermənipərəstlik meydanı kimi yadda qalacaq. Tam mümkündür ki, orada Azərbaycan əleyhinə qətnamə də qəbul edilsin. Axı dünya Ermənistana qətnamə dəstəyini əsirgəmir. Ola bilər, indidən sənədi yazıb hazır saxlayıblar da. ATƏT PA-dan, ümumən ATƏT-dən nə desən gözləmək mümkündür. 

Məlumdur ki, Fransa özünün mövqeyi, xüsusən də anti-Azərbaycan xətti ilə daim Ermənistana illüziya yaşadır. Ölkənin İrəvana dəstəyi Paşinyan administrasiyasında onsuz da yüksək fazada olan avantürizm meyllərini daha da artırır. Nəticə etibarilə bu komanda reallıq hissini itirərək iflic durumuna düşür. Məsələyə mövcud prizmadan yanaşsaq, ATƏT PA-nın iclası da eyni effekti doğuracaq ki, əslində bu, son dərəcə ziyanlı tendensiyadır. Heç şübhəsiz, başlıca ziyan Ermənistanın Azərbaycanla sülhdən yayınmasıdır. Deməli, ATƏT PA-nın deputatları bölgəyə əslində böhranı aradan qaldırmağa deyil, dərinləşdirməyə gəlirlər.

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət