Ölkəmiz “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin mühüm iştirakçısıdır

post-img

Bu marşrutdan ildə 2,5-3 milyard dollar qazanılacaq

Rəşt–Astara dəmir yolunun tikintisinin davam etdirilməsi istiqamətində Rusiya ilə aparılan danışıqlarda texniki məsələlərin 70 faizi razılaşdırılıb. Bu barədə İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı dövlət şirkətinin icraçı direktoru Xeyrulla Xademi məlumat verib. O bildirib ki, yolun tikintisinin maliyyələşmə qrafiki, yükdaşıma imkanının artırılması, stansiyaların inşası, istismarın qaydaları haqqında Rusiya ilə razılıq əldə olunaraq sənəd imzalanıb.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara yolu Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun davamıdır. Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək bu dəhlizin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq. Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə ölkəmizin ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq.

Xatırladaq ki, “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin təməli 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Ötən müddətdə 13 ölkə sözügedən sənədi ratifikasiya edib. Yeri gəlmişkən, hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunur. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam fəaliyyətə başlamsı isə bu müddətin iki dəfə azalmasına səbəb olacaq. 

“Şimal-Cənub” Nəqliyyat Dəhlizinin formalaşmasında tranzit ölkə kimi mühüm rol oynayan Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub.  Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəqliyyat-logistika rolunu oynayan dəhlizin Azərbaycan üzərindən keçməsi səbəbindən ötən müddətdə dövlətimiz tərəfindən böyük infrastruktur layihələri həyata keçirilib. Bu baxımdan Bakının cənub hissəsində yeni beynəlxalq ticarət limanının inşası xüsusi əhəmiyyət daşıyır. Son illər  limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı görülən işlər Bakı Dəniz Ticarəti Limanının beynəlxalq statusunu bir qədər gücləndirir. Bundan əlavə, Ələt-Astara avtomobil yolunun yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsünün istifadəyə verilməsi ölkəmizin tranzit rolunun xeyli artmasına səbəb olub. 

Bütövlükdə isə, Prezident İlham Əliyevin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, buradan İran İslam Respublikası ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəkilib. Eyni zamanda, Astaraçay üzərində tikintisi başa çatdırılmış yeni avtomobil körpüsü də yaxın günlərdə hər iki dövlət rəsmilərinin iştirakı ilə istismara veriləcək. Bütün bunlarla yanaşı, hazırda “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İranın Astara şəhərində yük terminalının tikintisi sürətlə davam etdirilir. Dəhliz çərçivəsində nəzərdə tutulmuş infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaqdır. 

Dəhlizlə ilkin olaraq il ərzində 5 milyon ton yükün daşınması, gələcəkdə isə bu həcmin 10 milyon tona qədər artırılması planlaşdırılır. Yeri gəlmişkən, hazırda İrana, əsasən, taxıl məhsulları və meşə materialları, əks istiqmətdən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s. daşınır.  Yeri gəlmişkən, İranın Prezident Administrasiyasının rəhbərinin müavini Məhəmməd Cəmşidi İSNA informasiya agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin gətirəcəyi gəlir neft satışından əldə olunan gəlirə bərabər olacaq. Onun sözlərinə görə, dəhlizin illik gəliri 20 milyard dollara çatacaq. Dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Ekspertlərin fikrincə, ölkəmiz  tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollar  qazanacaq. 

Təbriz YADİGAROV, 
ETN İqtisadiyyat ­İnstitutunun aparıcı elmi işçisi, ­iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent    

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Azərbaycan Respublikasının həm xarici, həm də daxili iqtisadi maraqlarına cavab verir. Yeni İpək Yolunun Transxəzər hissəsindən keçən bu dəhliz regionda qüvvələr balansını yaxşılaşdırmaqla yanaşı, Süveyş kanalına və ümumilikdə, dəniz yoluna alternativ bir marşrut olduğundan xüsusi  əhəmiyyət kəsb edir. Belə ki, bu marşrutun istifadəyə verilməsi ilə Xəzər dənizində xarici ticarət fəaliyyəti ilə yanaşı, Xəzəryanı ölkələrin logistikasına investisiyaların axını da artır. 

Artıq “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə Rusiyadan İrana yükdaşımaların həyata keçirilməsinə başlanılıb. Belə ki, bu il sınaq məqsədilə Rusiyadan İrana taxta məmulatları yola salınıb. Yük Rusiyanın Tixonovo stansiyasından çıxaraq dəmir yolu ilə Azərbaycanın Astara stansiyasındakı terminala çatdırılıb. Orada aşırma əməliyyatı keçirəndən sonra yük avtomobillərlə İran ərazisinə göndərilib. Qeyd edək ki, 907 ton həcmdə olan yük Astara terminalına 16 vaqon vasitəsilə çatdırılıb. Sınaq yükdaşımasından sonra həmin yüklərin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə davamlı olaraq nəql edilməsi nəzərdə tutulur. 

 “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həyata keçirilməsi bu marşrutun perspektivindən xəbər verir. Dəhlizin tam işə düşməsi Azərbaycanın bölgənin ən əsas tranzit və logistik mərkəzinə çevrilməsinə böyük təkan verəcək. Xatırladaq ki, hazırda dəhlizin İranın Rəşt və Azərbaycanın Astara şəhərləri arasındakı hissəsində yüklər avtomobil nəqliyyatı ilə daşınır. Bu da yüklərin bir nəqliyyat növündən digərinə ikiqat daşınması zərurəti ilə əlaqədar 7200 kilometrlik dəhlizin inkişafına mane olur. Hələ 2017-ci ildə Azərbaycan həmin hissənin tikintisi üçün İrana 500 milyon dollar məbləğində güzəştli kredit ayırmışdı. Ümumilikdə, bu xəttin tikintisi 2 milyard dollar dəyərində qiymətləndirilirdi. Rusiya isə 2030-cu ilə qədər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına 1,5 milyard dollar ayırmağı planlaşdırır. Bu istiqamətdə yük daşınması xərclərin 10-20 faiz azalması ilə 3 dəfə, daşımaların həcmi isə ildə 10-15 milyon ton arta bilər. 

Yeri gəlmişkın, ötən il Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində tranzit daşımaların həcmi 13 milyon 635 min ton təşkil edib ki, bunun da 7 miyon 478 min tonu dəmir yolu, 6 milyon 157 min tonu isə dəniz nəqliyyatı ilə daşınıb. Hesablamalara görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yükdaşıma potensialı 2030-cu ilə qədər 14,6 milyon tondan 24,7 milyon tona qədər artacaq.

 

Mirbağır YAQUBZADƏ 
XQ

 



İqtisadiyyat