I Musiqi forumu başa çatdı

post-img

Musiqi forumunun sonuncu günündə “Azərbaycan musiqişünaslığı: araşdırmalar kəsişməsində” mövzusunda panel iclas keçirildi. Musiqişünas, Beynəlxalq Musiqi Şurası Azərbaycan şöbəsinin sədri Nigar Axundovanın moderatorluğu ilə gerçəkləşən paneldə “Azərbaycan musiqi elminin inkişaf istiqamətləri: strategiya və taktika”, “Mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan musiqişünaslığının rolu”, “Azərbaycanda musiqi tənqidi və jurnalistikası: mövcud problemlər” və “Müasir dövrdə musiqi sosiologiyası mövzuları üzrə çıxışlar dinlənildi. 

Musiqişünas-pedaqoq, şərqşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova Azər­baycan müstəqilliyinə nail olandan sonra musiqişünasların kifayət qədər elmi işlər ərsəyə gətirdiyini, lakin bu sahədə aktual məsələlərə yer verilmədiyini dedi: 

– Son illər dissertasiyaların sayında artım müşahidə edilsə də, onların çox az qismi biz musiqiçiləri qane edir. Çünki araşdırmalar zamanı bu sahədə bir sıra problemlərə toxu­nulmur. Maliyyə vəsaiti az olduğuna görə bu işlərin dərindən araşdırılması prosesi o qədər də sürətlə getmir.

Azərbaycan musiqisinin ölkədən kə­narda tədqiq edilib öyrənilməsi məsələsinə toxunan L. Hüseynova musiqiçilərimizin musiqi irsimizin digər ölkələrdə təbliği ilə bağlı məsələləri araşdırmaqda çətinlik çək­diklərini söylədi:

– Muğam, aşıq sənəti və digər musiqi janrları Şərq musiqi mədəniyyətinin ayrıl­maz hissəsidir. Buna görə də musiqi sənətini öyrənən şərqşünasların yetişdirilməsinə çox böyük ehtiyac var. Bu mövzuları araşdırmaq üçün kifayət qədər şərqşünaslarımız olsa da onların yaşı 60-70-dən yuxarıdır. Beynəlxalq səviyyədə musiqimizin təmsil olunması üçün gənclərin sayı kifayət qədər azdır. Onların ara­sında Şərq - ərəb və fars dillərini bilən musiqi­şünaslarımız demək olar ki, yoxdur. İlk növbə­də bunun üçün ölkədə Şərq konservatoriyası təşkil olunmalıdır. Bunun üçün Şərq dillərini bilən mütəxəssislərə ehtiyacımız var”.

Musiqi tənqidçisi, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə musiqi mədəniyyətinin təbliği məsələsinə toxundu. Elmi nəşrlərin mövcudluğunu müsbət qiymətləndirən alim daha geniş au­ditoriyaya hesablanmış elmi-kütləvi nəşrlə­rin də olmasının zəruriliyini qeyd etdi. Gənc musiqişünasların əməyinin qiymətləndiril­məsi məsələsinə də toxunan Z.Dadaşzadə bu sahədə araşdırma aparmaq istəyənlərin elmi əsər yazmağa həvəssiz olduqlarını, söz və bi­lik ehtiyatlarının kasadlığını diqqətə çatdırdı. 

Forumun ikinci hissəsi “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs forma­ları” mövzusunda panel iclasla davam etdi. “Milli rəqs ənənələrinin qorunması və təhrif olunma təhlükələrinə müqavimət”, “Rəqs təbliğatı infrastrukturunun təkmilləşdirilmə­si”, “Azərbaycanda müasir rəqs sistemlərinin tətbiq olunması: imkanlar və problemlər”, “Rəqqas peşəsinə yönləndirmə - təhsil, kar­yera imkanları, sosial təminat mexanizmlə­ri”, “Uşaq rəqs studiyaları, rəqs təlimi” möv­zuları üzrə çıxışlar dinlənildi. 

Xalq artisti, baletmeyster Mədinə Əli­yeva “ümumiyyətlə” operanın Azərbaycan mədəniyyəti üçün ən böyük tədqiqat mövzu­su olduğunu və bu sənətin gələcək nəsillərə ötürülməsi üçün əhəmiyyətli olduğunu dedi: 

– Yaxşı olardı ki, Opera və Balet Teatrı və Akademik Musiqili Dram Teatrının tərkibin­də azyaşlı uşaqlar üçün balet truppaları ya­radılsın və musiqili tamaşalar təşkil edilsin”.

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırıldı, qaldırılan məsələlər ətrafın­da müzakirələr aparıldı. 

Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, pianoçu Sevda Axundova XQ-yə forumla bağlı təəssüratlarını danışdı:

– Azərbaycanın bütün məşhur musiqi­çiləri, sənətçləri bu foruma cəlb olunublar. Burada artıq 3 gündür ki, musiqiyə aid bütün problemlərin müzakirəsi aparıldı və həlli yol­ları araşdırıldı. Düşünürəm ki, bu forum gələ­cəkdə də musiqiçilərin inkişafına çox böyük dəstək olacaq. 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivə­sində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 29-da “Gülüstan” Sarayında işə başlayan Musiqi Forumu dünən başa çatdı.

 

Fidan HÜQUQQIZI
XQ

Mədəniyyət